cümə, 29 mart 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

AFFA-nın "qüruru" - U-21

07.09.2017 14:40

Dünən U-21-in baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib. İstefa komandanın dalbadal 2-ci məğlubiyyətindən sonra gerçəkləşib. AFFA-nın rəsmi saytının yazdığına görə Yaşar Vahabzadə Baş katib Elxan Məmmədova son iki oyunun hesabatını verdikdən sonra onun bu vəzifədə qalması məqsədəuyğun sayılmayıb. Belə çıxır ki, uğursuzluğun səbəbkarı məhz Yaşar Vahabzadədir.

Əslində isə belə deyil. Əsl səbəbkar AFFA özüdür. Yeni baş məşqçi təyin olunduqdan sonra mənim bu iddiamın təsdiqini tapacağına inanıram.

Fikrimi əsaslandırmaq üçün bir neçə amili sadalamaq kifayətdir.

AFFA-nın tarixini iki mərhələyə bölmək olar: Fuad Musayevin AFFA-sı və ondan sonrakı AFFA. İndiki AFFA-nın əsası 2004-cü ildə qoyulub. O vaxtdan bəri bu kollektiv özünü işgüzar kimi göstərməyə çalışaraq bir neçə qüsurlü addımlar atıb. İlk qüsurlu addım Karlos Alberto Torresin yığma komandaya baş məşqçi gətirilməsi idi. İndiki AFFA Fuad Musayevin AFFA-sını üsyan yolu ilə yıxıb. Üsyanın səbəbi kimi futbolun özbaşına buraxılması, futbolçu yetışdirilməməsi göstərilirdi. Əgər Fuad Musayevin dönəmində futbolçu yetişdirilmirdisə, yəni Musayevin komandası indikilərə bir xarabaxana buraxıb getmişdisə, bu xarabaxanaya Torresin gətirilmsini necə başa düşək? Futbolçu yox idisə, Torres kiminlə uğur qazanacaqdı? Meydançaya özü çıxıb oynayası idi?

Torresin dövründəki "uğurları" yəqin ki, heç kəs unutmayıb.

Sonra Foqts təşrif buyurdu. Torresdən fərqli olaraq Foqts çəkinmədən deyirdi ki, mən özüm çıxıb oynayan deyələm, futbolçu verin, oynadım. Onda AFFA əl-ayağa düşüb orda-burda futbolçu axtarmağa başladı. Azərbaycanla heç bir əlaqəsi olmayan əcnəbi futbolçular milli komandamıza doluşdu. Amma onlar da bir effekt vermədilər. Çünki normal səviyyəli futbolçular öz ölkəsini atıb başqa millinin bayrağını daşımağı özlərinə sığışdırmırlar. Bizim millidə də özgələrin tör-töküntülərı oynayırdılar. Tör-töküntülərlə də uğur qazanmaq müşkül məsələdir.

AFFA-nın belə qüsurlu addımları barədə hələ çox danışmaq olar. Amma U-21-in nəticələrinə işıq salmaq üçün elə bu da kifayətdir.

AFFA hansı yolla olursa olsun nəticə qazanmaq istəyir. Amma bunun bir yolu var - Azərbaycan futbolunu inkışaf etdirmək. Bu isə asan iş deyil. Bunun üçün bəlkə də, ömrünü futbola qurban verməlisən. Ölkənin 10 milyonluq əhalisi arasından 200-300 istedadlı uşaq seçməlisən, onların qayğısını çəkməlisən, futbolun sirlərini bilən mütəxəssislər cəlb edib həmin gənclərin istedadlarını cilalamalısan. Bu işi konveyer şəklində qurmalısan ki, estafet əldən-ələ verilsin. Bəs AFFA bu işə can atırmı?

Qətiyyətlə yox!

2004-cü ildə, yəni hazırkı AFFA iş başına keçəndə indiki 21- yaşlı futbolçuların 8 yaşı var idi. O vaxt 200-300 nəfər 8 yaşlı uşaq seçib onalara futbolun sirlərini öyrətmək əvəzinə AFFA ayağını ayağının üstünə aşırıb pafoslu çıxışlar edirdi. Nəticə nə oldu?

Nəticədə İrlandiya ilə son oyunda qapımızı qorumaq topu ayaqları arasından buraxan Mustafa Özhitaya etibatr edildi. Sərtan Taşkınlar, Ozan Can Kokcular, Sərkan Baloğlular, Onur Albayraklar onlarla Mahir Mədətovların, Elnur Cəfərovların yerlərini zəpt etdilər.

2007-ci ildə Mahir Mədətov "Sabahın ulduzları" çempionatında çıxış etməyə başlayarkən həmin çempionatda 500 nəfərə yaxın uşaq iştirak edirdi və onların ən azı 20-25 nəfəri Mahir qədər perspektiv vəd edirdi. AFFA-nın "Sabahın ulduzları"na olan laqeyd münasibəti nəticəsində o istedadların böyük əksəriyyəti itirildi.

İndi U-21-in uğursuzluğunun günahkarı kimi Yaşar Vahabzadə istefaya göndərilir. Vahabzadə Mustafa Özhitayı harda görmüşdü ki, onu komandaya dəvət edirdi? Bəllidir ki, bu Mustafaların öz himayədarları var və onlar həmin himayədarlar vasitəsi ilə milliyə dürtülür və Yaşar Vahabzadələri "günüh keçisinə" çevirirlər.

İstefaya isə təkcə Vahabzadə deyil, Sərtanları, Ozanları, Onurları milliyə yamaq eləyənlər göndərilməlidiir.

Oxundu: 1605