cümə, 29 mart 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

"Səbail"lə ehtiyatlı olun!!!

23.10.2018 18:06

Topaz Premyer Liqasının cari çempionatında "Sabail" komandası 13 xalla 3-cü yerdə gedir. Yarış cədvəlinin "T-F" (vurulan və buraxılan topların fərqi) sütununda komandanın adının qarşısında 10-10 yazılıb. Yəni 10 tup vurub, 10-nu da buraxıb. Əslində isə belə deyil. "Səbail"in həm xalları, həm də qolları müftə başa gəlib. Belə ki, 4-cü turda baş tutan "Səbail"-"Zirə" matçı 1:1 hesabı ilə başa çatmışdı. Amma AFFA-nın İntizam Komitəsi bu oyunu baş tutmamış sayıb "Səbail"ə 3:0 hesablı qələbə verdi. Üzdə görünən səbəb protokol xətası idi. Beləliklə, bu şanslı komanda bu oyunda qazandığı 1 xal əvəzinə qazanmadığı 3 xala, vurduğu bir qol əvəzinə də vurmadığı 3 qola sahib oldu. Protokol xətasının dərinliyi barədə burada danışmaq istəmirik. Bu, başqa söhbətin mövzusudur.

Növbəti başayaq hadisə isə 8-ci turda yaşandı. Amma yenə "Səbail"in xeyrinə. Belə ki, "Azərsun-Arena"da keçirilən "Qarabağ" - "Səbail" oyunu ağdamlıların 1:0-lıq qələbəsi ilə nəticələndi. Oyundan sonra yenə qalmaqal yaşandı, yenə protokol xətası, yenə "Səbail"in xeyrinə. Bu dəfə " Səbail"in xallar xanasındakı sıfır pozulub yerinə 3 yazıldı. Qollar xanasındakı sıfır isə çevrilib 3 oldu. Əvəzində "Qarabağ"ın xallar qanasındakı 3 öz dəyərini itirib sıfırlaşdı. Vurduğu bir qol da yoxa çıxıb yerinə sıfır, buraxdığı qollar xanasına isə buraxmadığı 3 top əlavə olundu.

Bütün bunlar olmasaydı, bu gün "Səbail"in aktivində 13 xal yox, 8 xal olardı. Top fərqi sütununda isə 10-10 əvəzinə 5-11 yazılardı. Bu nəticə ilə komanda yarış cədvəlinin 3-cüsü yox, 6-cısı olmalı idi.

Kluarlarda söhbət gedir ki, bütün bu hadisələr düşünülmüş şəkildə törədilir, "Qarabağ" sıxışdırılır, "Neftçi"yə çempionluq yolu açılır. Mən bunlara inanmıram. Bəlkə də, "Qarabağ"ın dalbadal çempion olması kimlərisə bıkdırıb. Amma bu üsulla çempionluğu başqa komandaya ötürmək elə də asan məsələ deyil. Həm də belə olsaydı, bu cür tələ altı xallıq fərq yaratmaq üçün "Neftçi"nin "Qarabağ"la görüşlərində, özü də xal itirdiyi oyunlarında qurulardı.

Neçə illərdi bizim futbolda görünməyən bir xətanın 8 turda iki dəfə təkralanması şübhələr yaradır. Amma bu şübhələri fakta çevirən heç bir detal yoxdur. Ona görə də ucadan qışqırıb nəsə demək olmur. Güman qalır ehtimallara. Protokol xətaları təsadüfüdürmü? Bu xətaları niyə məhz "Səbail"in rəqibləri edir?

Bu suallara özüm də bir tutarlı cavab verə bilmirəm. Əlimdən bircə şey gəlir, o da Premyer Liqada iştirak edən digər yeddi komandaya müraciət etməkdir.

Hörmətli klub rəhbərləri, "Səbail"lə oyunlarda diqqətli olun, protokollarınızı dəfələrlə nəzərdən keçirin, texniki zonanıza nəzarəti gücləndirin, ora kənar şəxslər keçə bilər. Futbolçularınıza tapşırın "Səbail"in futbolçularının xətrinə dəyməsinlər. Bu komanda ilə oyunda qayda pozmadan qalib gəlməyə çalışın. Müdafiəçilərinizə deyin, "Səbail"in hücumlarının qarşısını cərimə meydançanıza daxil olmamış alsınlar, yoxsa penalti ola bilər. Fanatarınıza bildirin ki, "Səbail"lə oyunda 90 dəqiqə susuzluğa dözsünlər, su içməsinlər. Birdən içsələr, sonra boş butulka əllərindən sürüşüb meydançaya düşə bilər. Pirotexniki vasitələrini başqa komandalarla oyuna saxlasınlar.

Bir sözlə, "Səbail"lə oyunda ehtiyatlı olun!!!

Oxundu: 1565