cümə, 19 aprel 2024

Yazarlar

TƏRS MƏMMƏD

"Qarabağ"dan siftə

09.11.2018 16:36

İnsan gördüyünə qiymət verir. Yaxşıya yaxşı, pisə pis demək bizim xislətimizdədir. Susmağı üstün tutan, heç bir şey haqqında danışmayanlarala da qarşılaşmaq olur. Yalançılar də var və bu da tamamilə vicdan məsələsidir. Fikrimin əsası odur ki, azad cəmiyyətdə obyektiv və vicdanlı jurnalist hər zaman doğruları yazar. Doğrularsa nə təhqir, nə də yaltaqlıqdır. Görünənə bildirilən fikirdir. Mən də futbol haqqında yazıram. Futbol isə fikir ayrılıqlarının çox olduğu bir sahədir. Bu səbədən də oxucularla daima həmfikir ola bilmərik. Odur ki, hər birinizin yazıma qarşı olan münasibəti istər mənfi, istər müsbət olsun mənim üçün çox dəyərlidir.

İndi isə "Qarabağ"ın oyununa nəzər salaq. Əvvəlki kimi olmasa da, bu qarşılaşmada son günlərin ən yaxşı "Qarabağ"ını gördük. Sakit, rahat, həyəcansız bir şəkildə matça başlayan ağdamlıların qələbə istəyi açıq aydın hiss olunurdu. Ölkə olaraq komandamızdan qələbə gözləyirdik. Çünki "Qarabağı"ın potensialını bilirik. Buna görə də azarkeşlər haqlı olaraq uğursuz nəticəyə etiraz edir.

Qurban Qurbanov cinahlara Zubirlə Delarjı yerləşdirmişdi. Hücumun sivri ucunda isə Araz Abdullayev var idi. İlk hissədə cinahlardan olan hücumlarda Delarjla Zubir fəallıq göstərsə də Delarjın ləngliyi məntiqi sonluğu gətirmirdi. Bu hücumların birində Maksim rəqib müdafiəçinin səhvindən yararlanıb cərimə meydançasına daxil oldu. Qapıçının toxunuşu ilə yerdə qalaraq "Qarabağ"ın lehinə penalti qazandırdı. Qərar doğru idi. Bir məqamı diqqətinizə çatdırım ki, oxşar epizodlarda təcrübəsiz futbolçular oyunu davam etdirməyə üstünlük verirlər Maksim isə bunu etmədi. Penaltini Araz Abdullayev yerinə yetirdi. Topun hara gedəcəyini qapıçı düzgün müəyyən etmişdi. Ancaq zərbənin qüvvətli olması komandamızı oyunun 13-cü dəqiqsində hesabda irəli çıxartdı. Qoldan sonra "Vorskla"nın ərazi üstünlüyü olsa da "Qarabağ" psixoloji və fiziki olaraq rəqibinə məğlub olmadan fasiləyə minimal üstünlüklə yollandı.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə "Qarabağ" Zubir və Gerye ilə iki təhlükəli vəziyyət yaratdı. Oyunda başqa qol olmadı və "Qarabağ" qrupda ilk qələbəsini qazanıb, siftəni Ukraynada etdi. Halbuki, bunu "Vorskla" ilə ilk görüşdə etməliydi.

Ümumilikdə "Qarabağ" yaxşı təsir bağışladı deyə bilərik. Meydanın hər qarşı uğrunda mübarizə aparan bir komanda gördük. Əslində bu heç də yad mənzərə deyil. Sadəcə olaraq "köhlən atlar" axır vaxtlar heç özü kimi davranmır. "Qarabağ" digər oyunları ilə daha da yaxşısını bacardığını dəflərlə sübut edib. Bu oyunda da kollektiv olaraq uğurlu nəticə əldə etdilər. Səhv edən oyuçular oldu ancaq komanda mübarizəsi böyük səhvlərin qarşısını aldı. "Vorskla" ilə oyunda "Qarabağ"ın müdafiə və yarımmüdafiədə xəttlər arası əlaqənin düzgün olması oyunçuların Qurban Qurbanovun tapşırıqlarını düzgün yerinə yetirməsini göstərirdi. Baş məşqçinin daima diqqət mərkəzində olan hücum xəttində bu dəfə də son nöqtəni qoyan yox idi. Stadionun ideal vəziyyətdə olmaması da futbolçulara çətinlik yaradırdı. Ancaq nəticə bir daha onu göstərir ki, hər şey oynanılan oyundan aslı olur. Uğur qazanmaq üçün yaxşı oyun sərgiləmək lazımdır.

Nəticə olsa da aşağıdakı suallar ortaya çıxır.

İlk oyundakı səhvinə görə qapıçı Vaqnerə verilən cəza bütün səhv edən futbolçulara tətbiq olunsa necə olar? Bu cür oyun komandanın "Sportinq" üzərində uğurlu nəticə əldə etməsinə kifayət edəcəkmi? Sualların cavabı zamanla tapılacaq.

Bizsə öz növbəmizdə qələbəyə görə "Qarabağ"ı təbrik edir, gələcək qarşılaşmalarında uğurlar arzu edirik.

Oxundu: 748