cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Bu gün "Qalatasaray" 21-ci dəfə Türkiyə çempionluğunu rəsmiləşdirə bilər

19.05.2018 11:42 Oxundu 1783

Türkiyənin "Qalatasaray" klubu bu gün 21-ci çempionluğunu rəsmiləşdirə bilər.

Bunun üçün "sarı-qırmızılar"a "Göztəpə" ilə səfər matçında heç-heçə də yetərlidir. Son tur ərəfəsində turnir cədvəlinin yuxarı pillələrində mürəkkəb vəziyyət yaranıb. 33 turdan sonra 72 xala malik Fatih Terimin komandası çempionluğa iddialı ən yaxın izləyiciləri "Fənərbağça" və "Başakşehir"dən 3 xal öndədir. 49 xala malik "Göztəpə" "Sivasspor"la birgə 6-7-ci yerləri bölüşür. "Kasımpaşa" isə 8-ci yerdədir. Bu üçlük 6-cı yer uğrunda mübarizə aparır.

"Fənərbağça" artıq 36 xalla Super Liqadakı yerini təmin edən "Konyaspor"u, "Başakşehir" "Kasımpaşa"nı qəbul edəcək. Çempionlar Liqasına vəsiqə verən 2-ci yerə iddialı, hazırda 68 xalla 4-cü yerdə gedən "Beşiktaş" isə "Sivasspor"u qəbul edəcək.

Ümumiyyətlə, 3 xallıq sistemə keçiddən sonra çempionluq 11-ci dəfə son tura qalıb. Bunların cəmi 2-də ilk pillədəki komanda son turda mövqeyini əldən verib. 2005-2006 mövsümündə "Fənərbağça" çempionluğu "Qalatasaray"a, 2009-2010 mövsümündə isə "Bursaspor"a verib.

Son 4 turda "Cim-Bom" xal itirməyib. Son 7 görüşdə isə 5 qələbə, 2 heç-heçə qeydə alınıb. Axırıncı dəfə "sarı-qırmızılar" 2014-2015 mövsümündə çempion olub. "Qalatasaray" rekord sayda - 20 çempionluğa malikdir. 19 çempionluq əldə etmiş "Fənərbağça" sonuncu dəfə 2013-2014 mövsümündə qızıl medal qazanıb. "Başakşehir"in isə çempionluğu yoxdur. Report