cümə axşamı, 25 aprel 2019

BOKS

Dünya boksunun əfsanəsi - Məhəmməd Əli

15.06.2016 12:36 Oxundu 2348

Boks tarixçiləri, idman ekspertləri və boks azarkeşləri tərəfindən “Bütün zamanların ən böyük boksçusu” adlandırılan Afro-Amerikan və İrlandiya əsilli əfsanəvi peşəkar ABŞ boksçusu, həqiqətən də, qeyri-adi idmançı idi. O, “Tarixin ən dahi 100 şəxsiyyəti” arasında adı olan yeganə idmançı idi. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan insanı hesab edilib. Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevirdi. O, 3 qat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu kimi də tarixə düşüb. Əli həmçinin, 3 dəfə Mütləq dünya çempionu adına sahib çıxmış yeganə boksçudur. O, 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya, 1974-1978-ci illərdə WBC, 1967, 1974-1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu titulunu qazanıb.

Uşaqlıq illəri

Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Metodist kilsəsinin üzvü olan atası öz həyat yoldaşına oğullarını anasının istəyinə görə Baptist kilsəsinə aparmağa icazə verirdi. Kasius 12 yaşında olarkən onun velosipedini oğurlayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Artıq növbəti gün Kasius Martinin boks zalında məşq edirdi. Beləliklə, boksla məşğul olmağa başlayan Kley 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında ilk böyük qələbəsini qazanır. Burada o, turnirin qızıl medallarına layiq görülür.

Məhəmməd Əlinin olimpiya qızılını Ohio çayına atır

1960-cı ildə Roma Olimpiadasında qızıl medal qazanan 18 yaşlı Məhəmməd Əli vətəninə döndükdən sonra doğma şəhəri olan Luisvilldə kafelərin birinə girmək istəyərkən onu qara dərili olduğu üçün içəri buraxmırlar, irqçiliyin bu dərəcəyə gəib çatması Əlini çox hiddətləndirir, axı o Olimpiya oyunlarında ABŞ-ın bayrağını ən yüksəyə qaldırmış və himnini bütün dünyaya eşitdirmişdi. Bu hadisədən təsirlənən Məhəmməd Əli öz qızıl medalını Luisvill şəhərinin çayına atır. Əlinin olimpiya qızılı hələ də Ohio çayının dərin sularını bəzəyir və hər il milyonlarla turist dahi “Boks kralı”nın olimpiya medalının üzdüyü Ohio çayını görmək üçün Luisvill şəhərinə üz tutur.

1996-cı il Atlanta Olimpiya Oyunlarının məşəlini alovlandırmaq məhz əfsanəvi Məhəmməd Əliyə həvalə olunmuşdu. Xeyli sayda idman azarkeşlərinin fikrinə əsasən bu Olimpiya Oyunları tarixinin ən şərəfli və yadda qalan hadisəsi idi. Həmin mərasimdə ABŞ-ın prezidenti Bill Klinton Məhəmməd Əliyə yeni olimpiya qızılını təqdim edərək, bir növ illər əvvəl dahi idmançıya edilmiş irqçi ayrı-seçkiliyə görə ABŞ hökuməti Əlidən üzr istəmişdi. 1961-ci ildə Kasius dövrün məşhur “nokautçu” boksçusu Lamar Klarkla üz-üzə gəlir. O, Klarkı ikinci raundda nokauta salır.

1962-ci ildə Sonni Benkslə görüşdə Kley həyatında ilk dəfə nokdauna düşür. Dördüncü raundda isə Kley rəqibini nokauta göndərir. 1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb.

İslamı qəbul edir

1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edir. Artıq Kasius Kley yoxdur, əvəzinə Məhəmməd Əli vardır. O, həmçinin Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olur. Həmin dövrdə bu təşkilat qaradərili müsəlmanların təşkilatı hesab olunurdu.

Aliya Məhəmməd Kasiusun adının dəyişdiyini və bundan sonra onun Məhəmməd olduğunu radiodan bəyan edir.

İlk dövrlərdə Kasiusu Məhəmməd kimi yalnız bir neçə jurnalist qəbul edirdi. Belə ki, bu ad onun sözügedən təşkilatdan olduğuna işarə idi. Gənc boksçunun bu təşkilata üzv olması bir sıra dairələri də bərk narahat edirdi. Onlar təşkilatın digər üzvləri kimi Əlini də separatçı hesab edir və ondan şübhələnirdilər. Müsahibələrinin birində Əli ağ və qaradərili insanların inteqrasiyası fikrini tənqid edərək, ağlarla birlikdə yaşamaq istəmədiyini bildirmişdi. Əli öz fikrində israr edirdi. Onun fikrincə, ağdərili insanların qaraları görən gözü yox idi.

1965-ci ilin noyabrında Əli Floyd Pattersonla titulunu müdafiə etmək üçün ikinci dəfə döyüşür. Əli bu döyüşdə xüsusi səylə rəqibinə zərbələr endirirdi, çünki döyüşdən əvvəl Patterson onu yeni adı - Əli adı ilə çağırmaqdan imtina etmiş və onu Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olduğuna görə qınamışdı.

1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağırılır. Bu zaman ABŞ Vyetnam ilə müharibəyə girişmişdi. Əli orduda xidmət etməkdən imtina edir. O, özünü könüllü imtinaçı adlandırır. Əli ABŞ-ın başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu elan edir. “Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada “qara zənci” çağırmayıblar. Bu ədalətsiz bir müharibədir” - deyə Əli açıq şəkildə bildirir. Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titullarını əldən alaraq, Əlini boksdan uzaqlaşdırır. Daha sonra isə Əliyə külli miqdarda pul cəzası kəsilir və ömürlük azadlıqdan məhrum edilir.

Əlinin hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi ölkənin Ali Məhkəməsinə göndərildiyi zaman boksçunu dəstəkləyənlərin və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artır. Əli ictimaiyyətin hörmət və ehtiramını qazanır, dinindən və irqindən asılı olmayaraq, hər kəs ona hörmət edir.

Məhəmməd Əli rinqə qayıdır

1970-ci ildə Əliyə yenidən rinqə qayıtmağa icazə verilir. Bu işdə ona Corcia ştatınından olan senator kömək edir. Belə ki, o zaman Corcia ştatı ABŞ-da boks lisenziyası olmadan döyüşlərin keçirildiyi yeganə ştat idi. 1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında “Əsrin döyüşü” adlandırılan döyüş baş tutur. Bu iki təcrübəli və məğlubedilməz döyüşçü ağır çəkili boksçuların çempion kəmərinin müdafiəsi uğrunda üz-üzə gəlirlər. Döyüş Freyzerin qələbəsi ilə başa çatır. Bu, Əlinin ilk məğlubiyyəti olur.

1973-cü ilin martında Əli karyerasında hakimlərin mübahisəli qərarından sonra ikinci dəfə Kenon Nortona məğlub olur. Daha sonra Əli elə həmin ildə Ken Nortonu revanş döyüşünə çağıraraq məğlubiyyətin əvəzini çıxır. 1974-cü ilin yanvarında Əli daha əvvəl məğlub olduğu Co Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlir və onu məğlub edir.

Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxır. Bu döyüş “Cəngəllikdə guppultu” adı ilə boks tarixinin qızıl səhifəsinə çevrilir. 1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi Rokki filminin ssenarisinin “əsasını qoyur”. Belə ki, görüşün 9-cu raundunadək müdafiə olunaraq zərbələr “yeyən” və 9-cu raundda nokdauna düşən Əli sonrakı üç raundda rəqibinə çoxlu zərbə endirərək qalib gəlir.

1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş keçirilir. Görüş Filippinin Manila şəhərində 30 dərəcədən çox isti havada keçirilir. Bu sonadək aqressiya dolu döyüş olur. Görüşün 14-cü raundunda Freyzerin küncü döyüşü davam etdirməkdən imtina edir və Əli qələbə qazanır. Bu döyüş “Manilada Triller” adını qazanır və hələ də dünyada bu gunə qədər keçirilmiş ən böyük boks qarşılaşması olaraq qəbul edilməkdədir. Döyüşdən sonra Əli Freyzeri özündən sonra bütün dövrlərin ən yaxşı boksçu adlandırır.

Məhəmməd Əli boksu tərk edir

1978-ci ildə Əli Leon Spinksə məğlub olur. Bu, onun üçüncü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, bu məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır və tarixdə ilk dəfə olaraq bir boksçu 3-cü dəfə dünya çempionu adını qazanır. 1980-ci ildə Əli Larry Holmesə məğlub olur, 10 raunddan sonra döyüşü davam etdirmək istəməyən Əli hakimlərin qərarı ilə texniki nakautla məğlub olur. 1981-ci ildə Trevor Berbikə məğlub olan Əli boksu tərk etdiyini elan edir. O, parkinson olduğu üçün son döyüşlərini məğlub olur.

Əli nüfuzlu boks jurnalı Rinqin ən çox ilin boksçusu elan edilən boksçudur. 1978-ci ildə Əlinin doğma rayonu Luisvildə Valnut küçəsinin adı Məhəmməd Əli Bulvarı kimi dəyişdirilir.

Bir neçə il sonra tanınmış boksçuda parkinson xəstəliyinin əlamətləri görünməyə başlayır. Əli boksu tərk etsə də, onun danışığı və refleksləri pisləşməkdə davam edir. O, parkinson xəstəliyindən əziyət çəkirdi. Fiziki çatışmazlığa baxmayaraq, Əli hələ də bütün dünyada hər kəsin gözündə güc, qürur və yenilməzlik abidəsi olaraq qalmaqdadır.

1991-ci ildə Tomas Hauzer tərəfindən “Məhəmməd Əli: Onun həyatı və zamanlar” adlı kitab işıq üzü görür. Əliyə dünyada ən çox tanınan şəxsiyyət olduğuna görə, “Amerikanın ruhu” mükafatı təqdim olunur. 1999-cu ildə atasının etirazlarına baxmayaraq, Əlinin qızı Leyla Əli də boksçu karyerasına başlayır. Ancaq Əli zərif cinsin nümayəndələrinin boksla məşğul olmasına mənfi münasibət bəsləyirdi. 2001-ci ildə Əlinin həyatı ekranlaşdırılır. Filmdə əsas rolu məşhur Hollivud ulduzu Vil Smit ifa edir. Vil Smit əvvəlcə rolu ifa etməkdən imtina edir. O, ancaq Əlinin razılığını aldıqdan sonra rolu qəbul edir. Smitin dediyinə görə, Əlinin onun haqqında dediyi ilk söz: “Sən məni canlandırmaq üçün kifayət qədər gözəl deyilsən” olub. 2002-ci ilin noyabr ayının 17-də Əli Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edir. O, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir sifəti ilə Kabildə qalır.

2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilir. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilir. Buna səbəb Əlinin ictimai fəaliyyəti idi. Son illərdə o, xəstə idi və buna baxmayaraq icitmai həyatda fəal iştşrak etməyə çalışırdı. Bu əfsanəvi bokçu bu ilin iyunun 4-də haqqın rəhmətinə qovuşdu, lakin o onu sevənlərin qəlbində əbədi oaraq yaşamaqda davam edəcək.