1913
Sentyabrın 19-dan 25-dək Makedoniyada Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı keçiriləcək. Yarışlar yunan-Roma və sərbəst güləş növləri üzrə təşkil olunacaq. Çempionata Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə 21 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də qatılacaq.
Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçirilən beş Dünya Hərbi İdman oyununda və hər il keçirilən dünya çempionatlarında hərbi idmançılarımız uğurla çıxış edərək 300-dən çox medal qazanıblar. İdman yarışlarında fəal iştirak edən Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasına üzv olan 130 ölkə arasında 11-ci, MDB dövlətləri arasında isə 2-ci yerə layiq görülüb.
Məhz ölkə rəhbərinin Azərbaycan idmanına göstərdiyi qayğı və dəstəyini, o cümlədən ölkəmizin nümayəndə heyətinin mütəmadi, uğurlu çıxışlarını nəzərə alaraq, Beynəlxalq Hərbi İdman Şurasının qərarı ilə 2004-cü ildə cüdo, 2006-cı ildə sərbəst və yunan-Roma güləşi, 2008-ci ildə boks, 2010-cu ilin noyabrında cüdo üzrə dünya çempionatları və 2013-cü ildə hərbçilər arasında futbol üzrə ilk dünya kuboku yarışı Bakıda keçirilib.