çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

UEFA bu həftənin ən yaxşılarının adlarını açıqladı

16.09.2016 18:57 Oxundu 1835

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb. Bu ada “Barselona”nın argentinalı hücumçusu Lionel Messi layiq görülüb.

UEFA-nın keçirdiyi sorğuda 29 yaşlı futbolçu bütün rəqiblərini qabaqlayıb. Messi azarkeşlərin 38 faiz səsini toplayıb. Nəticədə o, ən yaxın izləyiciləri Coşua Kimmix (“Bavariya”, 27 faiz) və Riyad Mahrezdən (“Lester”, 15 faiz) üstün olub.İlk beşlikdə Arkadiuş Milik (“Napoli”, 9 faiz) və Serxio Aquero (“Mançester Siti”, 6 faiz) da yer alıb.Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Seltik”lə qarşılaşmada Messi aktivinə 3 qol və 1 ötürmə yazdıraraq, komandasının 7:0 hesablı qələbəsində mühüm rol oynayıb.

Çempionlar Liqasının ardınca Avropa Liqasında da ötən həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Bu ada türkiyəli futbolçu layiq görülüb. Belə ki, qitənin ali futbol qurumunun keçirdiyi sorğuda “Konyaspor”un qapıçısı Sərkan Kırıntılı bütün rəqiblərini qabaqlayıb. 43 faiz səs toplayan qolkiper əsas rəqibləri Kərim Əl Əhmədi (“Feyenord”, 34 faiz) və Esteban Kambiasso (“Olimpiakos”, 8 faiz) ilə mübarizədən qalib ayrılıb.İlk “beşlik”də “Qarabağ”ın qrupdakı rəqiblərindən olan PAOK-un qapıçısı Panagiotis Qlikos (7 faiz) və “Beer Şeva”nın yarımmüdafiəçisi Maor Buzaqlo (4 faiz) da qərarlaşıb.

Qeyd edək ki, Sərkan Kırıntılı Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində “Şaxtyor”la (Donetsk) matçda 9 dəfə komandasını qoldan xilas edib. Buna baxmayaraq, o, “Konyaspor”un 0:1 hesablı məğlubiyyətinə mane ola bilməyib.