çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ” “Dinamo” ilə üz-üzə gəlir

21.09.2016 08:22 Oxundu 1840

Bu gün UEFA-nın Gənclər Liqası turnirində “Çempionlar yolu”na start verilir. I mərhələnin ilk oyunları çərçivəsində baş tutacaq günün yeganə matçı Qəbələdə keçiriləcək.Gənc futbolçuların qitə miqyaslı yeganə klub turnirində Azərbaycan “Qəbələ” ilə təmsil olunub. Ötən mövsüm U-19 Liqanın qalibi olan əyalət təmsilçisi bu yarışda debüt edəcək. “Qəbələ” ölkəmizin Gənclər Liqasında ikinci təmsilçisi olacaq.

Ötən mövsüm ilki reallaşdıran “Rəvan” Rusiya çempionu “Spartak” qarşısında aciz qalmışdısa (0:4, 0:0), bu dəfə də rəqib şimal qonşularımızı təmsil edir. Moskvanın digər nəhəngi “Dinamo” ilə üz-üzə gələcək “Qəbələ” ilk matçı evdə keçirəcək.Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma təmsilçimiz üçün çox önəmlidi. Bu yarışda ilk qol və ilk qələbəni qazanmağa iddialı olan “qırmızı-qaralar” səfər matçına əlverişli nəticə ilə yollanmalıdı.

Oktyabrın 19-da Ximkidəki “Rodina” stadionundakı cavab matçını cütün qalibi kimi tərk edəcəyi halda, komandamız “Makkabi” (Hayfa, İsrail) – “Şaxtyor” (Soliqorsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.

Gənclər Liqası

Çempionlar yolu

I mərhələ

İlk oyun, 21 sentyabr

19:00. “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Moskva, Rusiya)

Baş hakim: Alper Ulusoy

Baş hakimin köməkçiləri: İbrahim Bozbey, İlker Takpak (hamısı Türkiyə)

Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)

UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)

Qəbələ şəhər stadionu