2242
"Real"ın baş məşqçisi Zinəddin Zidan Xames Rodrigeslə bağlı jurnalistlərin ona ünvanlanan növbəti suallarından cana doyduğunu dilə gətirib. O deyib: "Elə gəlir ki, həmişə deməliyəm ki, Xames öz oyunu ilə məni heyrətləndirir. O, ötən həftənin bazar günü "Espanyol"la oyuna çıxdı və qol vurdu. Ümumiyyətlə, biz çalışırq ki, komandanın hər bir oyunçusunun oyun praktikası olsun. Mən yalnız onun vurduğu qoldan deyil, oyunundan da razıyam. Amma mənə onunla bağlı həmişə suallar verilir. Bu da mənim hiddətimə səbəb olur. Belə bir fikir formalaşıb ki, guya mən Xamese qarşıyam. Halbuki mən hər bir oyunçuya eyni münasibət bəsləyirəm".
Qeyd edək ki, "Real"ın yarımmüdafiəçisi, Kolumbiya yığmasının 24 yaşlı futbolçusu Xames Rodriges "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Rodrigesin transferini "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo şəxsən istəyib. Artıq tərəflər arasında danışıqların başladığı da bildirilir. Rodrigesin keçidinin qış transfer dönəmində baş tutacağı güman olunur. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Xames "Real"dakı durumundan, baş məşqçi Zinəddin Zidanın ona münasibətindən narazıdır. O, "kral klubu"nu tərk etmək istədiyinə bir neçə dəfə işarə vurub.