2618
13 ölkədə keçiriləcək AÇ-2020-nin ilk loqosu açıqlanıb. Tarixində ilk dəfə 13 ölkədə keçiriləcək yarış üçün hər şəhərin öz loqosu olacaq. Final mərhələsini qəbul edəcək şəhərlərdən biri olan Londonda baş tutan tədbirdə yarışın rəmzlərindən biri təqdim edilib.Mərasimdə UEFA prezidenti Aleksander Çeferin də iştirak edib. AFFA-nın saytı xəbər verir ki, mərasimdə baş katib Elxan Məmmədov da iştirak edib.
Loqonun əsas elementi kimi birlik simvolu olaraq London körpüsü göstərilib. Mərkəz hissədə Anri Delone kuboku və sevinən azarkeşlər yer alıb. Turnirin loqotipi oyunlara ev sahibliyi edəcək 13 şəhər arasında körpü rolunu oynayır. Loqonun mərkəzi yeri Londonun tanınmış Tauer körpüsüdür.
Qitəmiqyaslı 60 yaşlı yarışın yarımfinal və final oyunu Londonun “Uembli” stadionunda keçiriləcək.
Qeyd edək ki, “Avro-2020”yə Bakı da ev sahibliyi edəcək. Azərbaycanın paytaxtında üç qrup və bir dörddəbir final oyunu olacaq. Bakıda “Avro-2020”nin loqosunun təqdimatı sentyabrın 30-da Olimpiya Stadionunda olacaq.