1996
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun “Qəbələ” - “Maynts” (Almaniya) oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun və yarımmüdafiəçisi Asif Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bu görüşdə Teo Uiks və Nika Kvekveskiri oynamayacaq. Bu itkiləri saymasaq, matça tam hazırıq. Qarşılaşmada şansımız olduğunu başa düşürük. Özümüzə inanıb, bu şansdan maksimum yararlanmağa çalışacağıq. Rafael Santos çox vacib oyunlarda da iştirak edib. O, bizim üçün vacib oyunçudur. Meydana çıxmayacaq Uiks və Kvekveskirinin mövqeyində Petar Franyiçə şans verməyimiz mümkünsüzdür. Çünki o, cinah futbolçusudur. “Maynts”ı qarşılaşdığımız digər rəqiblərlə müqayisə etməzdim. “Qəbələ” çox ciddi komandadır və istənilən rəqibə qarşı oyunda şansa malikdir. Bunun üçün ən yaxşı oyunumuzu göstərməliyik. Oyunçularımızın da hər biri bütün bacarığını ortaya qoymalıdır. Belə olsa, qələbə şansımız da yaranacaq.
Almaniya klubuna gəlincə, “Maynts” çox güclü komandadır. Rəqibin bizimlə görüşdə heyətdə eksperimentlər edəcəyini düşünmürəm. Fikrimcə, “Maynts” ən güclü heyətlə oynayacaq. UEFA Avropa Liqası aparıcı çempionatların komandaları üçün də az maraq kəsb etmir. Məncə, “Borussiya”nın “Qəbələ” ilə hər iki oyununu xatırlatmaq kifayətdir. Almaniya təmsilçisinin üstün cəhəti fiziki gücə malik olması, həmçinin oyunçularının sürətli və cəld hərəkət etməsidir. Uzun ötürmələrdən yararlanan “Maynts”ın futbolçuları boş mövqelər də tapmağı bacarır. Sonadək də mübarizə aparan belə rəqiblə oynamaq çətindir. Ölkə çempionatda hücum, avrokuboklarda müdafiə futboluna üstünlük verdiyimizi düşünməyin. Həmişə hücum etmək istəyirik. Lakin Avropada rəqiblərimiz çox güclü olduğundan istədiyimiz tam alınmır. Buna baxmayaraq, “Anderlext” və “Maynts” kimi komandalarla matçlarda da öz oyun fəlsəfəmizdən dönmürük. Almaniyalıları təhlil edib, oyunlarında boşluqları aşkar etməyə çalışmışıq. “Maynts”ın həmin boşluqları buraxacağına ümid edirik”.
Məmmədov da sabah keçiriləcək matç haqda fikirlərini açıqlayıb:
“Maynts”la qarşılaşma çox çətin keçəcək. Rəqib güclü komandadır və Bundesliqada da yaxşı çıxış edir. Bu matçda var gücümüzlə mübarizə aparacağıq. Meydana 3 xal üçün çıxacağıq. “Qəbələ”dəki son matçlarımın alındığını deyə bilərəm. Baş məşqçimizin şans verməsi özünəinamımı da artırır. Lakin hələ öz oyunumdan tam razı deyiləm və daha yaxşı çıxış edə bilərəm”.
Qeyd edək ki, “Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda sentyabrın 29-da Almaniyanın “Maynts” klubu ilə keçiriləcək ev qarşılaşmasını litvalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Gediminas Majeyka olacaq. Ona həmyerliləri kömək edəcək.
Xatırladaq ki, “Qəbələ” – “Maynts” matçı Bakıda “Bakcell Arena” stadionunda keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.
UEFA Avropa Liqası
Qrup mərhələsi
C qrupu, II tur
29 sentyabr
19:00. “Qəbələ” – “Maynts” (Almaniya)
Baş hakim: Gediminas Majeyka (Litva)
Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas (hər ikisi Litva)
Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski (hər ikisi Litva)
Dördüncü hakim: Vladimir Gerasimov (Litva)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)
Bakı. “Bakcell Arena” stadionu