2053
FİFA 11 ölkənin futbol assosiasiyasını cərimələyib. Buna DÇ-2018-in seçmə mərhələ görüşlərində həmin ölkələrin azarkeşlərinin hərəkətləri səbəb olub. Ali futbol qurumu buna görə Honduras (65 min İsveçrə frankı), Albaniya (50 min) Salvador (45 min), Peru (30 min), İtaliya (30 min), Meksika (30 min), Argentina (25 min), Paraqvay (25 min), Kanada (20 min), Çili (20 min) və Braziliyanın (20 min) futbol assosiasiyalarına sanksiya tətbiq edib. 11 assosiasiya ümumilikdə 360 min İsveçrə frankı məbləğində cərimə ödəyəcək.
FİFA-nın mətbuat xidmətindən bildirilir ki, həmin ölkələrin azarkeşləri seçmə mərhələnin oyunları zamanı etik qaydalara sığmayan hərəkətlərə yol veriblər, futbolçuları təhqir ediblər.
Çili Futbol Assosiasiyasına daha bir cəza kəsilib. Belə ki, bu ölkənin yığmasının gələn il, martın 28-də Venesuela ilə keçirəcəyi oyuna azarkeşlər buraxılmayacaq. Çili – Venesuela matçı boş tribunalar önündə baş tutacaq.