1743
Oktyabrın 8-də Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsində ilk ev oyununa çıxacaq. apasport.az saytının məlumatına görə, tarixinin 12-ci tsiklinə səfərdə başlayan komandamız doğma azarkeşləri önündə Norveçlə üz-üzə gələcək.Komandamızın əvvəlki 11 seçmə mərhələsindəki çıxışlarına baxsaq, ilk ev oyununu o qədər də uğurlu saymaq olmaz. Çünki cəmi 2 qələbəsi olan millimiz 4 heç-heçə edib və 5 dəfə uduzub. İlk qələbə uzaq 1996-cı ilə təsadüf edibsə, sonuncu uğurumuzdan 6 il ötüb.Həmin uğurlu ev startları İsveçrə və Türkiyə ilə görüşlərdə qeydə alınıb. Hər iki matçın taleyini yalnız 1 qol həll edib. 4 heç-heçəyə gəlincə, bunlardan biri qolsuz, üçü 1:1 hesablı olub. Lixtenşteynlə qolsuz sülh imzalanmışdısa, İsrail, Qazaxıstan və Uelslə qarşılaşmalarda hərəyə 1 qol və 1 xalla kifayətlənmişik.Məğlubiyyətlərimiz də fərqli alınıb. Bir dəfə 1, iki dəfə 2 cavabsız qolla üzülən yığmamız yalnız son tsikldə rəqib qapısına yol tapsa da, xalsız qalıb. Yeganə böyükhesablı məğlubiyyət isə 18 il öncəyə təsadüf edib. Macarıstan Bakıdan 4 cavabsız qolla dönüb.
Yeri gəlmişkən, ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirdiyimiz AÇ-1996 istisna olmaqla, bütün mərhələlərdəki ilk ev matçı Bakıda baş tutub.
Lakin ilk ev oyunları ilə bağlı maraqlı tendensiya yaranıb. Son 3 belə matçda komandamız meydanı qolsuz tərk etməyib. Hər dəfə də qonaqların qapısına 1 qol vurulub. Millimiz Norveçə də 1 qol vursa, bu ənənəni davam etdirəcək.
Düzdü, 6 il öncə bu 1 qol qələbə, 4 il öncə heç-heçə üçün yetərli olsa da, ötən tsikldə məğlubiyyətlə barışmalı olmuşduq.
Ümumiyyətlə, ilk ev matçlarının heç birində 1-dən artıq qol vurmayan komandamız üst-üstə 6 dəfə fərqlənib. 14 top buraxan komandamız 3 dəfə qapısını toxunulmaz saxlayıb.
AÇ-1996
16 noyabr 1994. Trabzon. AÇ. Azərbaycan – İsrail - 0:2
DÇ-1998
31 avqust 1996. Bakı. DÇ. Azərbaycan – İsveçrə - 1:0
AÇ-2000
10 oktyabr 1998. Bakı. AÇ. Azərbaycan – Macarıstan - 0:4
DÇ-2002
2 sentyabr 2000. Bakı. DÇ. Azərbaycan – İsveç - 0:1
AÇ-2004
7 sentyabr 2002. Bakı. AÇ. Azərbaycan – İtaliya - 0:2
DÇ-2006
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels - 1:1
AÇ-2008
6 sentyabr 2006. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 1:1
DÇ-2010
10 sentyabr 2008. Bakı. DÇ. Azərbaycan - Lixtenşteyn - 0:0
AÇ-2012
12 oktyabr 2010. Bakı. AÇ. Azərbaycan - Türkiyə - 1:0
DÇ-2014
7 sentyabr 2012. Bakı. DÇ. Azərbaycan – İsrail - 1:1
AÇ-2016
9 sentyabr 2014. Bakı. AÇ. Azərbaycan – Bolqarıstan - 1:2