bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Robert Prosineçki: "Qismətimizdə 1 xal idi"

12.10.2016 00:20 Oxundu 2241

“Oyundan qabaq demişdim ki, bizi çətin sınaq gözləyir. Bunun şahidi olduq”. Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyanın qonağı olan millimiz növbəti uğurlu nəticəyə imza atıb. Komandamız çətin səfər qarşılaşmasından 1 xalla ayrılıb – 0:0.

Matçdan sonra keçirilən mətbuat konfransında Prosineçki nəticəni belə şərh edib: “Çexiya həmişə güclü komanda olub. Söz vermişdim ki, Azərbaycana yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Buna nail olduq. Futbolçularımı təbrik edirəm. Belə hava şəraitində oynamaq heç də asan deyildi. Azərbaycana gələndən optimist idim. Deyirdim ki, bu futbolçular böyük nəticə əldə edə bilərlər. Artıq balaca möcüzənin şahidi oluruq. Azərbaycanlı futbolsevərlər üçün böyük gün idi”. Prosineçki qeyd edib ki, artıq diqqətini Şimali İrlandiya ilə oyuna yönəldib: “3 oyundan sonra hesabımızda 7 xal var. Qapımızdan qol da buraxmamışıq. Gələn ay Şimali İrlandiya ilə vacib oyunumuz olacaq. İndidən bütün diqqətimizi bu matça yönəltməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmağa çalışacağıq”.

- Oyundan sonra sizdə belə bir fikir yarandımı ki, bunu etsəydim, qələbə də qazana bilərdik?

- Kapitanımız Rəşad oynaya bilmədi. Dizində xırda zədə var idi. Bədavi zədədən sonra qayıtdı, əzmkar oyun göstərdi, əlindən gələni etdi. Ondan çox razı qaldım. 19 yaşlı gənc futbolçu Ramil Şeydayev bu cür çətin rəqibə qarşı yaxşı oynadı. Topu saxlayırdı, ötürmələrlə oynayırdı. Rəqib qapısına zərbələr də vururdu. İlk dəfə əsas heyətdə yer almışdı. Sözsüz ki, Çexiyaya qalib gəlmək istərdik, şansımız da var idi. Amma çexlərin də qol imkanları oldu və Kamran Ağayev oyunu yüksək səviyyədə keçirdi. Qismətimizdə 1 xal idi. Komandamdan çox razıyam.