3254
Onun haqqında söz düşəndə, adətən, deyirlər ki, anadan əsl idmançı doğulub, idmançı kimi də dünya idmanı tarixində əbədi olaraq qalacaq. O, həqiqətən, hündürliyə şüvüllə tullanma üzrə çoxlu rekordlara imza atıb və bu günədək onun rekordunu təzələyə bilən yoxdur. Yəqin ki, hələ illər uzunu da olmayacaq. Söhbət rusiyalı məşhur müsəlman idmançı qadın, şüvüllə hündürliyə tullanma üzrə dəfələrlə dünya rekordunu təzəlyən Yelena İsinbayevadan gedir. Adətən, əksər hallarda məşhur idmançılar idmançı ailəsində yetişir, lakin nə qədər qəribə olsa da, Yelena İsinbayevanın valideynləri Hacı Qafanaoviç və anası Natalya Petrovna fəhlə kimi tanınıblar. Amma bu Yelenaya adını şüvüllə tullanma üzrə dünyanın ən məşhur idmançıları sırasına yazdırmağa mane ola bilməyib.
Zirvəyə gedən yol
Gələcəyin məşhur idmançısının həyat yolu da özünəməxsus olub. Yelena Hacıyevna İsinbayeva 3 iyun 1982-ci ildə Rusiyanın Volqoqrad şəhərində anadan olub. Valideynləri olduqca zəhmətkeş idilər və onlar ailədə övladlarını - Yelenanı və balaca bacısını sərt qanun-qaydalar çərçivəsində, əməyə hörmət ruhunda böyüdüblər. Valideynləri idmançı olmasalar da, idmanı çox sevirdilər. Yelenanın anası Natalya gəncliyində basketbola həvəs göstərmiş, hətta Bədən Tərbiyəsi İnstitutuna qəbul olunmuşdu. Amma o, ailə həyatı qurduğundan idmanla məşğul olmağı dayandırmağa məcbur olub.
Hər iki bacı balaca yaşlarından idman gimnastikası ilə məşğul olurdu. Lakin Yelenanın bacısı idmanı erkən buraxdı (Buna baxmayaraq, hazırda o, fitnes üzrə instruktor işləyir). Yelena isə inadla gimnastika ilə məşğul olmaqda idi. O, 15 yaşı çatana kimi idman gimnastikası ilə məşğul oldu. Ən böyük xəyalı məşhur, dünya səviyyəli gimnast olmaq idi. Lakin boyunun uzunluğu karyerasına mane olurdu (Onun boyu 1,74 metrdir). Bu səbəbdən gimnastika üçün yararlı hesab edilmirdi və nəticədə o, xəyalından əl çəkməli oldu. Gimnastika müəllimləri ona qapını göstərərək dedilər: “Çox uzun boyun var, səndən gimnast olmaz.”
Lakin o, məşhur olmağı qarşısına məqsəd qoymuşdu. İdman gimnastikasından, belə demək mümkünsə, uzaqlaşdırlmasına baxmayaraq o, ruhdan düşmür və inadla idmanla məşğul olmaq niyyətindən əl çəkmir: o, şüvüllə tullanma üzrə idman növünü seçir.
Burada artıq ona heç kim mane ola bilməyəcəkdi. İlk günlərdən də hiss etdi ki, bu sahə ona uğur gətirəcək. Şüvüllə hündürliyə tullanma ilə məşğul olmağa başlayandan 6 ay sonra ilk uğurunu qazandı. Yelena 1998-ci ildə Fransada uşaqlar arasında keçirilən Dünya Çempionatında 4 metr hündürlüyə tullandı. Amma digər atletlərdən 10 santimetrlik fərqə görə medal sıralamasına düşə bilmədi. Bununla belə, Yelena İsinbayeva 1999-cu ildə gənclər arasında təşkil olunmuş Dünya Çempionatında 4,10 metr hündürlüyə tullanaraq ilk qızıl medalını qazanmağa nail oldu.
Uğur qazanmağa davam edir
O, 2000-ci ildə Çilinin paytaxtı Santyaqoda keçirilən Dünya Gənclər Çempionatında 4,20 metrlik hündürlüyü atlayaraq ikinci qızıl medala sahib olur. 2001-ci ildə İtaliyada keçirilən Avropa Gənclər Çempionatında növbəti birinciliyini əldə edir. Beləliklə, karyerasında qızıl medalları daha çox olan İsinbayeva uğur qazanmağa davam edir.
Nəhayət, 2004 Yay Olimpiadalarında 4,91 m atlayıb dünya rekordu qıraraq qızıl medal qazanır. 2004-2005-ci illərdə iki dəfə IAAF (Beynəlxalq Atletizm Federasiyaları Birliyi) tərəfindən ilin qadın atleti seçilir. 22 iyul 2005-ci ildə şüvüllə 5 metr hündürlüyü keçən ilk qadın olur.
2008-ci ildə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən ilin ən yaxşı idmançısı seçilir. 2009-cu il isə şüvüllə hündürlüyə tullanma üzrə Rusiya yığmasının üzvü, ikiqat olimpiya, ikiqat dünya və Avropa çempionu Yelena İsinbayeva üçün fərqli çalarlarla yadda qaldı. 27 yaşlı cazibədar xanım avqustun 17-də Almaniyanın paytaxtı Berlində keçirilən XII dünya çempionatında uğursuz çıxış edərək, sözün əsl mənasında, şok yaşayır. Bundan 11 gün sonra isə İsveçrədə “Qızıl liqa”nın beşinci mərhələsində 5,06 metr tullanan Yelena bu dəfə şok yaşatdı. Çünki o, yeni dünya rekordu müəyyənləşdirmişdi.
2005-ci ilin sonlarında ilk məşqçisi Yevgeni Trofimovdan ayrılan Yelena Sergey Bubkanın keçmiş məşqçisi Vitali Petrov ilə çalışmağa başlayıb. Vitali Petrovla birgə çalışma Yelenaya yeni uğurlar gətirərək onu şüvüllə tullanma üzrə dünya birincliklərinin zirvəsinə daşıdı. 2008-ci il iyulun 29-da Monakoda 5,04 metr hündürlüyə tullanaraq özünə aid olan əvvəlki dünya rekordunu (5.03 m) yeniləyir. 2008-ci ilin 18 avqustunda Pekin Yay Olimpiya oyunlarında 5,05 metri ram edərək həm özünə aid olan rekordunu, həm də olimpiada və dünya rekordlarını təzələyir. 2009-cu il avqustun 28-də Sürixdə “Golden League” (“Qızıl Liqa”) müsabiqəsində 5,06 metrlik hündürlüyü dəf edərək özünə aid olan dünya rekordunu yenidən dəyişir.
2009-cu ilin sentyabrında Brüsseldə keçirilən “Golden League” (Qızıl Liqa) müsabiqəsində isə bütün dərəcələrdə birinci olur. Bununla da 333400 dollarlıq “cek pot”un sahibi olur.
Berlində keçirilən Dünya Atletika Çempionatında medal ala bilməyərək böyük məyusluq yaşayan qəhrəmanımız turnirdən sonra 5,06 metrlik hündürlüyə tullanaraq özünə aid dünya rekordunu yeniləyib. Bundan sonra rus atlet aprel ayında idmana ara verdiyini və 2010-cu ildə yarışmayacağını deyir.
2010-cu il aprelin 10-da açıqlama verən İsinbayeva bir müddətlik idmanı buraxdığını bildirir: “Son üç həftədə bunu çox düşündüm. Bədənimə istirahət lazımdır. Bir müddət ara vermək məcburiyyətindəyəm”.
O, beş çempionatda (Olimpiya, dünya açıq hava və salon çempionatları, Avropa açıq hava və salon çempionatları) qazandığı uğurlarla tarixin ən yaxşı qadın atleti kimi tanınıb.
İdmansız dayana bilmədi
İdmanı burxadıqdan sonra hiss elədi ki, artıq bunsuz dayana bilməyəcək. O, zirvələr fəth etməyə alışmışdı və həyatını idmana sərf etmişdi. İndisə idmandan ayrılmaq barədə qəbul etdiyi qərar onun üçün zülmə çevrilmişdi. Nəhayət, o, yenidən idmana qayıtmağı qərara aldı. Yelena İsinbayeva bir neçə aydan sonra növbəti il idmana qayıdacağını deyir: “Bu, mənim üçün çox lazım olan bir fasilə idi. Şükürlər olsun ki, heç bir zədəm yoxdur. Çox sağlamam və 2011-ci ildə geri dönəcəyəm. Təbii ki, daha çox rekord qırmaq istəyirəm. Əsl məqsədim 2012-də Londonda olimpiada çempionu, 2011 və 2013-də dünya çempionu olmaqdır. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. Ümid edirəm, hər şey istədiyim kimi olar”. 2011-ci il onun üçün bir o qədər uğurlu olmasa da, 2012-ci ildə London olimpiadasında bürünc medalla kifayətlənir.
Ümumiyyətlə, İsinbayeva karyerası ərzində 28 dünya rekorduna imza atıb.
Bölük komandiri və Tarkan sevgisi
Yelena İsinbayeva Rusiyada olduqca məşhurdur.Müsəlman və rus nikahından dünyaya gələn Yelena vətənəprvərdir və ordunu çox sevir. Bu da onun həyatını ordu ilə bağlamasına gətiirb çıxarıb. Belə ki, ötən il Yelena İsinbayeva Rusiya Silahlı Qüvvələrində 5 illik müqaviləyə imza atıb. Bununla bağlı Rusiya mətbuatının yazdığına görə, müqavilə Rusiya Müdafiə Naziri Serqey Şoyqu tərəfindən imzalanıb. Qərara əsasən İsinbayeva MOİK-in bölük komandiri olub.
Yelena atasının müsəlman olduğunu heç vaxt unutmur və özünü iki mədəniyyətin övladı adlandırır. Bu da onun məşhur türk müğənnisi Tarkanın fanatı olmasına gətirib çıxarıb. Bununla bağlı təkcə idmançı kimi deyil, həm də qadın kimi gözəlliyi ilə milyonları məftun edən rusiyalı Tarkana olan sevgisini mətbuata verdiyi açıqlamasında da edib: “Bütün dünya mənim pərəstişkarımdır. Lakin mənim də heyranı olduğum biri var. Özü də türkdür. Heyranı olduğum şəxs Türkiyənin popstarı Tarkandır. Onun həm rəqsini, həm də mahnılarını çox sevirəm. Sözlərini başa düşməsəm də, musiqisi və rəqsi mənə zövq verir. Düzünü bilmək istəyirsinizsə, deyə bilərəm ki, telefonum Tarkanın mahnıları ilə doludur. Ən böyük arzum nə vaxtsa onunla tanış olmaqdır. 2012-ci ildə dünya çempionatı İstanbulda təşkil olunacaq. Tarkanın tribunada olduğunu bilsəm, çox xoşbəxt olaram və onunla tanış olmağa can ataram”.
Tarkanın vurğunu olan Yelena İsinbayeva delfinləri də çox sevir. O, vaxtaşırı delfinlərlə birlikdə suda əylənməyi sevir. Yelena İsinbayeva həmçinin dünyanın ən cazibədar idmançı qadınlarından biri hesab edilir. Gözəlliyi ilə də diqqət çəkən Yelena bir neçə dəfə ən cazibədar qadın siyahısında yer alıb.
Ailəsini çox sevir
Məşhur idmançı olduqca ailəcanı qadındır. İsinbayeva həyat yoldaşı seçimini elə idman aləmindən edib. O, Nikita Petinov ilə ailə qurub. Onun seçdiyi həyat yoldaşı nizəatma üzrə idman ustasıdır. Petinov İsinbayevadan 8 yaş kiçikdir. Toy mərasimi İsinbayevanın doğulduğu Volqoqrad şəhərində keçirilib. Onun Yev adlı bir qızı var. Ailəsini çox sevdiyini və xoşbəxt olduğunu söyləyən İsinbayeva həyat yoldaşı və övladı üçün əlindən gələni etməyə hazır oduğunu dəfələrlə bəyan edib. O: “Ailə mənim həyatımdır. Mən idmansız və ailəsiz yaşaya bilmiərəm”, - deyib.
Yeri gəlmilkən xatırladaq ki, Yelena İsinbayeva bakalavr və magistr təhsilini başa vurub. Bundan sonra Volqoqrad Dövlət Bədən Tərbiyəsi Universitetində təhsilini davam etdirib.
Məşhur idmançı məhkəməyə müraciət edəcək
Bir neçə gün əvvəl Beynəlxalq Yüngül Atletika Federasiyası Rusiya yığmasının Olimpiadaya buraxılmaması barədə qərar qəbul edib. Buna səbəb kimi idmançılarda dopinqin tapılması göstərilir. Yelena İsinbayeva bu xəbəri çox məyusluqla qarşılayıb. O, yüngül atletika üzrə Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına buraxılmaması barədə qərarı “siyasi sifariş” adlandırıb. O, bu qərarla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib. “Mən bir şey deyə bilərəm: nə qədər desələr ki, bunun siyasətə aidiyyatı yoxdur, fikrimcə, bu, xalis siyasətdir. Orada hamı bu və ya digər dərəcədə kimdənsə asılıdır. Bu qərar verilərkən Olimpiya və idman prinsipləri deyil, hansısa başqa prinsiplər əsas götürülüb. Bu, birmənalıdır. Təbii ki, dünya miqyasında Rusiya ətrafında baş verənlər idmandan da yan keçməyib”, - Y. İsinbayeva belə deyib.
İsinbayeva idman fəaliyyətini davam etdirmək niyyətindədir. O, özünü hələ yeni rekordlara imza atmağa qadir hesab edir. Necə deyərlər, məşhur idmançının zirvə yürüşü hələ davam edir.
Əziz Mustafa