bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Həkimdən soruşmamış deyə bilərəm ki..."

15.10.2016 18:35 Oxundu 1887

Topaz Premyer Liqasının VIII turunun “İnter” - “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bu oyunda komandadan razı qalmadım. Çünki istədiyimiz nəticəni qazana bilmədik. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm. Yetirmələrimin bundan da yaxşı oyunlar keçirdiyini görmüşəm. Təbii ki, belə meydanda oynamaq çox çətindir. Süni meydançalar böyük problemdir. Hər iki komandanın şərtləri eyni olsa da, burada heç süni ot da yox idi. Ot olmayan meydanda necə oynamaq olar? Bu artıq digər idman növünə aiddir. Nəticədə iki futbolçumuz zədə aldı. UEFA Avropa Liqasının “Sent-Etyen”lə oyun öncəsi ciddi problemdir. Təkcə, Asif Məmmədov deyil, bizdə bütün futbolçular hücumçuları topla təmin etməlidir. Onlar qapıya zərbə vurmalı, komanda yoldaşlarına ötürmə verməlidirlər. Lakin bu matçda belə edə bilmədik. Bunun da səbəbini məhz meydan amili ilə izah etmək olar. Rəşad Sadiqovla Baqali Dabonun zədəsinə gəlincə, həkimdən soruşmamış deyə bilərəm ki, hər iki futbolçu 3 həftə oynamayacaqlar”.

"Yəni nə var idi, qar yağmışdı?"

“İnter” in baş məşqçisi Zaur Svanadze çətin oyun keçirdiklərini söyləyib: “Qarşıya qoyulmuş tapşırıqlar yerinə yetirildi. Qol vəziyyətləri yarada bildik. Təəssüf ki, sona yaxın diqqətsizlikdən qol buraxdıq. Eybi yoxdu, bu çatışmazlıqları növbəti görüşlərdə düzəldərik”.

- Roman Qriqorçuk meydanın ot örtüyündən narazılıq etdi. Sizin fikriniz necədi?

- Yəni nə var idi, qar yağmışdı? Ola bilər ki, qazonun durumunda mövsümün əvvəlki ilə müqayisədə fərq var. Rəhbərliyin ot örtüyünü dəyişmək fikri var.

- Nizami Hacıyev əvəzlənərkən etiraz etdi...

- Etiraz etmədi. Sadəcə, bir neçə epizodla bağlı fikir mübadiləsi apardıq.