702
Müasir futbolda Kriştianu Ronaldo və Lionel Messinin adı dillər əzbəri olsa da, ötən əsrin sonlarında dünya futbolunda ulduz simalar daha çox idi. İndi ən qabaqcıl oyunçular İspaniyaya - “Real” və “Barselona”ya can atsalar da, həmin vaxtlar İtaliya A seriyasına ulduz axını olardı. Onlardan biri də Çili futbol tarixinin ən güclüsü sayılan İvan Zamorano idi. Zamorano İtaliyada bir çox məqamlarla digər ulduzlardan fərqlənirdi. Əvvəla məşhurlaşdığı “İnter”də “1+8” nömrəli futbolka ilə bütün dünyanın diqqətini çəkə bilmişdi. 1996-2001-ci illərdə şərəfini qoruduğu “neradzurra”nın, şübhəsiz ki, ən döyüşkən futbolçusu idi. Üstəlik, həmin vaxtlar dəbdə olmayan özünəməxsus saç düzümünə malik idi.
Pele tərəfindən bütün dövrlərin ən güclü 100 futbolçusu siyahısına düşən Zamorano 20 illik oyunçu karyerasının böyük hissəsini Avropada keçirib. “Sevilya” və “Real” kimi komandaların formasını geyinsə də, azarkeşlər onu “İnter”dəki çıxışı ilə tanıyırlar. Braziliyalı Ronaldo ilə əla tandem təşkil edən Zamorano bu yaxınlarda verdiyi müsahibədə məhz həmin illəri yada salıb. “İnter”li günlərini böyük sevinclə xatırlayan 49 yaşlı sabiq qol “maşını” Ronaldo ilə yaratdığı hücum tandemindən danışıb, braziliyalının ünvanına təriflər yağdırıb.
- 1996-cı ilin yayında “Real”ı tərk edib “İnter”ə keçdiniz. Danışıqlar necə baş tutmuşdu?
- Danışıqlarda maraqlı bir şey olmadı. Məsələ problemsiz və qısa zamanda həll olundu. “Real”da oynayırdım. “İnter”ə qədər daha 3-4 Avropa nəhəngindən təklif almışdım. Amma üfüqdə “neradzurra” peyda olandan və Massimo Moratti ilə söhbətdən sonra fikrimi qətiləşdirdim. Əmin oldum ki, “İnter” əsl mənim komandamdır və birbaşa Milana uçdum. Bu qərara heç vaxt peşman olmamışam.
- 1996-cı ildən 2001-ci ilə qədər xeyli unudulmaz anlar yaşamısınız. Onlar arasında məyusedici məqamlar da olub. Hansı hadisə yaddaşınıza həkk olunub? Bəlkə, UEFA kubokunda “Latsio”yla Paris finalı?
- “İnter”lə bağlı yalnız xoş təəssüratlarım var. “İnter”də 5 gözəl il keçirmişəm. Tifozinin məhəbbətini heç vaxt unuda bilmərəm. Yəqin ki, “Latsio” ilə Parisdəki UEFA Kubokunun finalı keçirilən gecə ən təsirli hisslərlə yadda qalıb.
- Həmin matç bütün “İnter” azarkeşləri üçün unudulmazdır...
- 3:0 hesabı ilə qalib gəldik və ilk qolu mən vurdum. Bu, fərdi planda ikiqat xoşbəxtlik idi. Təsəvvür edin ki, ilk dəfə çilili bir futbolçu beynəlxalq titul qazanırdı. Sevinirəm ki, uzun illərdən sonra milanlı tiffozi məni unutmayıb.
- 1997-ci ilin yayında Moratti klubun tarixində, bəlkə də, ən səs-küylü transferi reallaşdırdı - Ronaldonu Milana gətirdi. “Fenomen” ilk mövsümündə “10 nömrə” ilə oynasa da, növbəti mövsümdə “9”-u geyindi...
- Mən də “1+8” nömrəsi ilə oynamağa başladım. DÇ-1998-dən sonra Ronaldo mənəvi cəhətdən “sınmışdı”. Çox pis vəziyyətdə idi. Ona baxanda ürəyim ağrıyırdı. Matsolaya dedim ki, mən “9”u Ronniyə verim, özüm də “9”la oynayım, amma “1+8” şəklində. Sonra klub prezidenti Morattiyə də məqsədimi açıqladım, o da Kalçonun qaydalarına zidd olmadığını vurğuladı. Ronaldoya bu “hədiyyə”ni özüm təqdim etdim. Bununla ona “yeni nəfəs” vermək istəyirdim. İstəyirdim ki, depressiyadan çıxsın.
- Seçiminiz uğurlu oldu. “1+8” futbol tarixinə populyar nömrə kimi düşdü...
- Bu, mənə karyeramla bağlı əlavə sevinc bəxş edir.
- İllər öncə “Kalçopoli” qalmaqalını eşidəndə reaksiyanız necə oldu?
- Çox məyus oldum. O qədər zəhmətdən sonra belə faktları eşitmək adama pis təsir edir. İtaliya futbolu ağır yara aldı. Amma yenə də “İnter”in bir parçası olduğum üçün fəxr edirəm.
- Moratti də artıq “İnter”dən ayrılıb. Onun haqqında düşüncələrinizi bilmək maraqlı olardı...
- Moratti həm insan, həm də prezident kimi dahi idi. Onun gözəl ailəsi var. Həmişə futbolçuların qeydinə qalırdı. Həmişə əlindən gələni artıqlaması ilə edərdi. DÇ-1998-dən sonra Çili yığmasında geyindiyim formanı ona hədiyyə etdim. Karyeramda yaşadığım ən gözəl illərə görə ona minnətdaram.
- Beş illik “İnter” karyeranızda bir sıra məşqçilərlə işləmisiniz. Ən çox yadınızda qalan kim olub?
- Marçello Lippi, Roy Hocson, Mirça Luçesku kimi böyük məşqçilərlə işləmişəm. Amma Luici Simonini heç vaxt unutmaram.
- Sizdən ideal heyət qurmaq tələb olunsaydı, kimləri seçərdiz?
- Bu suala cavab vermək çox çətindir. “İnter”də xeyli ulduz futbolçular oynayıb: Zenqa, Berqomi, Corkayeff, Zanetti, Roberto Karlos, İns, Berti, Baco, Ronaldo, Vyeri, Souza, Suares və... Təbii ki, Zamorano.
- Yenidən “İnter”ə qayıtmaq təklifi alsaydınız, nə cavab verərdiniz?
- Əlbəttə qayıdaram. Xavyer Zanetti çağırsa, bir saniyə belə düşünmərəm.
- Bəs hansı yükün altına girərdiniz?
- Rəhbərliklə, prezidentlə futbolçular arasında vasitəçi kimi işləyərdim. Bu rolu özümə ideal hesab edirəm.
- İndi də “İnter”in oyunlarını izləyirsiniz?
- Əlbəttə. İndi əvvəlkindən də çox izləyirəm. Hazırda “neradzurra”da həmvətənim Medel oynayır. Əla oyunçudur. Mənə belə gəlir ki, “İnter” hazırda yenidənqurma dövrünü yaşayır. Bir neçə ildən sonra yüksək yerlər uğrunda mübarizə apara biləcək. Mançini bu komandanı zirvələrə daşıya bilər.
- Belə çıxır ki, Matsarrinin iki il əvvəl Mançini ilə əvəzlənməsinə doğru qərar kimi baxırsınız?
- Baş məşqçi istefası xoş hal deyil. Amma nəticə olmayanda bir nömrəli hədəf məşqçi olur. Təəssüf, amma futbolda belədir.
- Siz “İnter”in tarixində, bəlkə də, ən yaxşı futbolçu ilə birlikdə oynamısınız. Ronaldo doğrudanmı “fenomen” idi?
- Buna zərrə qədər də şübhəniz olmasın. O, yaxşıların yaxşısı idi. “İnter” onun kimi yüksək səviyyəli futbolçuya “göy-qara” fomanı geyindirdiyi üçün fəxr etməlidir.