381
Bir neçə ay əvvəl dünyanın futbol həvəskarları Danimarkada top qovan türkəsilli futbolçu Əmrə Morun varlığından belə xəbərsiz idilər. Amma Fransada keçirilən Avropa çempionatında 18 yaşlı bu futbolçu Çexiya ilə oyunda Türkiyə yığmasının qələbəsində mühüm rol oynadı. Bu oyunda Türkiyənin 2:0 hesabı ilə qalib gəlməsi dünya futbolunda yeni ulduz oyunçunun peyda olduğunu ortaya çıxardı. İlk dəfə Çexiya ilə oyunda start heyətində meydana çıxan bu gənc Çexiya komandasının əsl başağrısına çevrildi. Sürətli oyunu ilə rəqib müdafiəçilərini çaş-baş salan Əmrə oyunun 10-cu dəqiqəsində sağ cinahla irəliləyərək Çexiyanın bir neçə oyunçusunu aldatdı və topu qapı meydançası üzərinə qaldırdı. Onun əla ötürməsini Burak Yılmaz qola çevirərək hesabı açdı. Oyun ərzində daim rəqib müdafiəçilərini gərgin vəziyyətdə saxlamağı bacaran Əmrə Mor, həqiqətən də, sübut etdi ki, meydanda gərginliyə tab gətirə və komandasının qələbəsində önəmli paya sahib ola bilər. Çexiya ilə oyundan sonra danimarkalı futbolçu verdiyi müsahibəsində: “Bəli, mən bu oyunda yaxşı oynadım, eyni zamanda bütün kollektivimiz də gözəl oyun nümayiş etdirdi. Əlbəttə, komanda yoldaşlarımızın köməyi olmasaydı belə gözəl oyun nümayiş etdirə bilməzdim. Onların yardımı mənə öz oyunumu göstərməyə imkan verdi”, - deyib.
Yenə də qeyd etmək istəyirik ki, əgər Əmrə Morun “Borussiya” Dortmund komandasına transferindən sonra belə onun haqqında çoxları heç nə bilmirdilərsə, Çexiya ilə oyunda göstərdiyi yüksək ustalıq tanınmış futbol ekspertlərinin diqqətinin ona çevrilməsinə səbəb oldu. Türkiyə yığmasına gəlincə gənc futbolçu ilk dəfə may ayında Çernoqoriya ilə keçirilən yoldaşlıq oyununda ikinci hissədə meydana çıxdı. Buna baxmaayraq Mor meydanı yaxşı görməsi sürətli hücumları, driblinqləri ilə əsas heyətdə oynamağa qadir olduğunu sübut etmiş oldu. Çernoqoriya ilə oyundan sonra Türkiyə yığma komandasının baş məşqçisi Fateh Terim onun adını Avro-2016-da oynayacaq oyunçuların sıyahısına daxil etdi. Hadisələrin gedişi göstərdi ki, 62 yaşlı türkiyəli futbol mütəxəssisi bu seçimində səhv etməyib. Terim: “Əmrə Mor unikal futbolçudur. Mən onu komandama dəvət etdim və belə hesab edirəm ki, düzgün iş gördüm. O, dünyanın ulduz futbolçusu olacaq”, - deyib.
Xorvatiya ilə oyunda Terim Moru ikinci hissədə meydana buraxdı. Onun meydana çıxması Türkiyənin hücum xəttini daha da gücləndirmiş oldu. İspaniya ilə ilk oyunda isə Terim Moru meydana buraxmadı. O, bununla da gənc oyunçunu psixoloji gərginlikdən qorumaq istəyirdi. Çünki İspaniya ilə oyunda Türkiyə yığmasının nəinki qələbə çalmaq, hətta heç-heçə etmək imkanları belə çox az hesab edilirdi.
Çexiya ilə oyunda isə Terim Moru əsas heyətdə meydana buraxdı . Həmin gün, həqiqətən də, Morun günü oldu. O olduqca gözəl oyunu ilə yadda qaldı. Qolla nəticələnən əla ötürmə verməsindən əlavə Mor meydanın mərkəzində topu ələ keçirərək sürələ rəqib qapısına irəliləməsi və qapıya gözəl zərbə endirməsi ilə yadda qaldı. Top azacıq qapının üstündən keçdi. Onun bu zərbəsi 1998-ciildə keçirilən dünya çempionatında Maykl Ouenin İngiltərə-Argentina oyununda rəqib qapısına vurduğu qolu xatırlatdı. Əmrə Mor çox gəncidr və şübhəsiz ki, dünya futbolunda onun haqqında hələ çox danışılacaq.
Yeri gəlmişkən xatırladaq ki, Əmrə Mor 1997-ci il iyul ayının 24-də Kopenhagen yaxınlığındakı Brensxey şəhərində türkiyəli immiqrant ailəsində anadan olub. İlk karyerasına yerli “Brensxey” və “Lonqbyu” klublarının gənclər komandasında başlayıb. 2013-cü ilin sonunda Mor “Sent-Etyenn” komandası ilə birgə məşq etsə də bu komanda ilə anlaşma imzalamadı. 2015-ci ilin əvvəllərində Mor Danimarkanın “Norşellannom” komandası ilə anlaşma imzaladı. Halbuki həmin dövrdə onunla tanınmış futbol klubları, o cümlədən “Mançester Yunayted”, “Borussiya” Dortmund, “Ayaks”, Qalatasaray da maraqlanırdı. 2015-ci ilin noybar ayının 28-də Mor “Ranners”lə oyunda komandasının əsas heyətində debut etdi. 2016-cı ilin fevral ayının 28-də isə o “Vikinq” komandasının qapısına ilk qolunu vurdu. Bu ilin iyun ayının 7-də Əmrə Mor 9,5 milyon avroya Dortmundun “Borussiya” komandasına transfer edilib. Əziz Mustafa