çərşənbə, 21 yanvar 2026

SARI KART

AVROBAYATILAR

29.06.2016 11:11 Oxundu 2291

İsveçrə - Polsa - 1:1 (penaltilər: 4:5), Uels – Simali Irlandiya - 1:0, Xorvatiya - Portuqaliya 0:1, Fransa İrlandiya 2:1, Almaniya - Slovakiya 3:0, Macarıstan - Belçika 0:4, İtaliya - İspaniya 2:0, İngiltərə - İslandiya 1:2

Polşanın baş məşqçisi Adam Navalka:

Qopuzu çala-çala,

Deyirəm bala-bala:

-Çıxdıq penaltilərlə

Biz dörddəbir finala.

İsveçrənin baş məşqçisi Vladimir Petkoviç:

Bağımda dəydi üzüm,

Aləmi gəzdi sözüm.

Nədən belə alındı

Baş açmıram heç özüm.

Uelsin baş məşqçisi Kris Koulman:

Kədər məndən gen oldu,

Arzularım cəm oldu.

Rəqibin avtoqolu

Yarama məlhəm oldu.

Şimali İrlandiyanın baş məşqçisi Maykl Oni:

Karvan yola düzüldü,

Sağdan-sola düzüldü.

Dörddəbir finaldan

Əlim tamam üzüldü.

Xorvatiyanın baş məşqçisi Ante Çaçiç:

Vallah, oldu bu lap ağ,

Epizodlara bir də bax.

Bəxt məndən üz döndərib

Ürəyimə çəkdi dağ.

Portuqaliyanın baş məşqçisi Fernando Santuş:

Boylanıb sola-sağa,

Söyləyirəm bir daha:

- Getmək çətin olacaq

Bu gedişlə uzağa.

Fransanın baş məşqçisi Didye Deşam:

Edib yenə də qaş-göz,

Söyləyirəm belə söz:

- Qrizmanın dubluyla

Çıxdıq dörddəbirə biz.

İrlandiyanın baş məşqçisi Martin O’Nil:

Aşiq kəndə düşübdür,

Gəlib fəndə düşübdür.

Bax bu oyundan sonra

Könlüm dərdə düşübdür.

Almaniyanın baş məşqçisi Yoahim Löv:

Xəbəri quş apardı,

Vətənə tuş apardı.

Üçüncü qoldan sonra

Məni də huş apardı.

Slovakiyanın baş məşqçisi Yan Kozak.:

Gör necə ağır andı,

Rəqibim can alandı.

Ümidlərim qırıldı,

Ürəyim qara qandı.

Macarıstanın baş məşqçisi Bernd Ştork:

Gör necə zaman oldu,

Əlində kaman oldu.

Tuşladığı dörd oxun

Hər biri yaman oldu.

Belçikanın baş məşqçisi Mark Vilmots:

Duman gəlir, çən yayır,

Hər tərəfə tən yayır.

Macar saydı saydığın

Gör Belçika nə sayır.

İtaliyanın baş məşqçisi Antonio Konte:

Arı doymaz balından,

Gözəl çıxmaz şalından.

Bu dəfə dəydik yaman

İspanların dalından.

İspaniyanın baş məşqçisi Visente del Boske:

Gözlərim nəmli, ağlar

Söylərəm, ay ağalar,

Arzusuna çatmadı

Bu oyunda “buğalar”

İngiltərənin baş məşqçisi Roy Hocson:

Axı söz deyim necə,

Mən bu axşam, bu geçə.

Məni rüsvay eylədi

Doğrusu bu nəticə.

İslandiyanın baş məşqçisi Eydur Qudyonson:

Əlimdə telli sazdı,

Dilimdə xoş avazdı.

Fransada komandam

Yeni bir tarix yazdı.