634
Topaz Premyer Liqasında uğursuz mövsüm keçirən “Neftçi” üçün Avrokubok mövsümü sabah start götürəcək. “Flaqman” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta təmsilçisi “Baltsan”ın qonağı olacaq.
4 əcnəbi getdi, 4-ü gəldi
Ölkə çempionatında 6-cı yeri tutan “Neftçi”, əslində, Avrokuboka yollanmamalı idi. Lakin “Zirə” və “İnter”in məlum səbəblərdən Avropa arenasına buraxılmaması bakılıların yolunu açdı. Əlbəttə, bu heyətlə Vəli Qasımovun komandasının orada ciddi uğur qazanacağını gözləmək yersiz olardı. Bu üzdən rəhbərliyin yay fasiləsində heyəti gücləndirəcəyi gözlənilirdi. Komandanın gücləndiyini, yoxsa zəiflədiyini söyləmək üçün isə “Baltsan”la ilk görüşü gözləmək lazımdır. Çünki Erik Ramos, Aqil Məmmədov, Salas Quinta Antonio, Nikolas Kanales və Xuan Alberto Melli kimi əsas heyət üzvləri yola salındı. Doğrudur, onların yerinə oyunçular alındı. Murad Ağayev, Edson Kastilyo, Vançe Şikov, Dario Melnyak və Krşevan Santini kimi transferlər həyata keçirildi. Ancaq onların hansı səviyyədə futbolçu olduqlarını “Baltsan”la görüşlər göstərəcək.
Titulsuz rəqib
Yeni transferlərin kollektivə uyğunlaşması həmişə zaman tələb edir. “Neftçi”nin yay təlim-məşq toplanışı da bu uyğunlaşmanın sürətli getdiyini şübhə altına salır. Axı Afrikanın həvəskarlardan ibarət komandasına qarşı görüşlə Avrokubok oyunu eyni deyil. Amma rəqibin Malta klubu olması komandamızın mərhələ adlamasına zəmin yaradır. “Baltsan” ötən mövsümü ölkə çempionatında 4-cü yerdə bitirib ki, bu, komandanın tarixində ən yüksək göstərici sayılır. Avrokuboklarda ötən mövsüm debüt edən “Baltsan” ilk mərhələdəcə mübarizəni dayandırmışdı. Bütün bunlar “Neftçi”ni heyətində ciddi dəyişikliklər olmasına baxmayaraq, cütün favoritinə çevirir.
Yenilənmis komandanin yeni heyəti
Azarkeşlər sabah tam fərqli, dəyişilmiş “Neftçi” görəcəklər. Aqil Məmmədovla yeni müqavilə imzalamayan klub xorvatiyalı qapıçı Krşevan Santinini transfer etsə də, onun adı hələ ilkin iştirak ərizəsinə salınmayıb. Santini I mərhələ üçün sifariş olunmasa, “Baltsan”la matçlarda çərçivə Maksim Vayloya tapşırılacaq. Müdafidə də ciddi dəyişikliklər qaçılmazdır. Melli ilə yollar ayrıldığından, müdafiənin mərkəzində Jairo Filyo Rodrigesə makedoniyalı Vançe Şikovun tərəfdaşlıq etməsini gözləmək olar. Vəli Qasımov çox güman ki, sol cinahda da digər transfer Dario Melnyaka güvənəcək. Müdafiənin sağında isə Məqsəd İsayev yer alacaq.
Baş məşqçinin yarımmüdafiə xətti üçün alternativləri kifayət qədərdir. Erik Ramosun yoxluğunu, yəqin ki, Murad Ağayev doldurmağa çalışacaq. Orta sahə üçün Araz Abdullayev, Elşən Abdullayev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Fəhmin Muradbəyli kimi sürətli yerli oyunçular və yeni transfer Edson Kastilyo da məşqçilər korpusunun ixtiyarında olacaq. Vəli Qasımov heyəti formalaşdırarkən onlar arasında seçim etməli olacaq. Komandanın qol yükünü isə millimizin forvardı Ruslan Qurbanov çiyinlərində daşıyacaq.
5 milli üzvü, 6 əcnəbi
”Baltsan” güclü komanda təsiri bağışlamasa da, heyətində əcnəbi futbolçular mövcuddur. Belə ki, baş məşqçi Oliver Spiterinin ixtiyarında 2 braziliyalı, 2 monteneqrolu, 1 kolumbiyalı və 1 makedoniyalı oyunçu var. “Neftçi” ilə qarşılaşmalar üçün sifariş verilən 22 futbolçudan 5-i Malta millisinin üzvüdür. Bunlar Ryan Feneç, Pol Feneç, Alfred Effionq, Yustin Qrioli və Dilan Qrimadır. “Baltsan” oyunlarını 17 min tamaşaçı tutumuna malik “Ta Kali” stadionunda keçirsə də, “Neftçi”ni orada qəbul etməyəcək. Buna səbəb “Ta Kali”nin Avropa standartlarına cavab verməməsidir. Sabahkı görüş cəmi 4000 tamaşaçı tutumuna malik olan “Hibernians” stadionunda oynanılacaq.
Vəli Qasımov isə rəqib barədə ehtiyatlı danışıb: “İlk növbədə qeyd edim ki, Avropa Liqasının püşkündən razıyam. Daha pis də ola bilərdi. Malta futbolu yaxşı reytinqə malik olmasa da, indi hamı futbol oynamağı bacarır. Bu üzdən çətin ki, biz bu komandanı asanlıqla keçək. Hətta deyərdim ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün xeyli güc sərf etməli olacağıq. İlk matçın səfərdə keçirilməsi böyük önəm daşımasa da, bir üstünlükdür. İlk oyunda uğurlu çıxış etmək vacibdir. Təbii ki, hələ tam ideal formada deyilik. Amma iyunun 30-na qədər ideal formamıza mümkün qədər yaxınlaşmağa çalışacağıq. Oyundan oyuna da “artırmalıyıq”.
30 iyun
20:00 “Baltsan” (Malta) - “Neftçi” (Azərbaycan)
Hakimlər: Yovan Kaludyeroviç, Daniel Deviç, Vladan Todoroviç, Mileta Şçepanoviç (hamısı Monteneqro)
Hakim-inspektor: Vaslav Krondl (Çexiya)
UEFA nümayəndəsi: Miçal Mertinyak (Slovakiya)
Paola. “Hibernians” stadionu
Komandaların iştirak ərizələri:
“Baltsan”
Qapıçılar: 1. Kristian Kassar, 12. Mixail Skiberras, 32. İvan Yanyuşeviç
Müdafiəçilər: 4. Yustin Qrioli, 5. Samir Arab, 11. Stiv Bezzina, 23. Elkin Serrano, 50. Bruno Silyo de Oliveyra, 66. Daniel Spiteri
Yarımmüdafiəçilər: 6. Ryan Feneç, 8. Pol Feneç, 10. Dilan Qrima, 16. Kliv Brinkat, 18. Anderson Fransisko de Barros, 19. Ceymi Zerafa, 20. Terens Aqius, 88. Sin Kipriott
Hücumçular: 7. Lidon Mikallef, 9. Borçe Manevski, 14. Pol Lapira, 17. Alfred Effionq, 86. Boyan Kalyeviç
“Neftçi”
Qapıçılar: 44. Sənan Əlizadə, 53. Maksim Vaylo, 66. Kamran İbrahimov
Müdafiəçilər: 3. Jairo Filyo Rodriges, 4. Rahil Məmmədov, 22. Vançe Şikov, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 41. Ömər Buludov, 95. Elvin Bədəlov
Yarımmüdafiəçilər: 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 21. Aqşin Qurbanlı, 45. Kamran Nəcəfzadə, 80. Edson Kastilyo, 88. Orxan Qurbanlı
Hücumçu: 11. Ruslan Qurbanov.