384
Avrokuboklarda 2016-2017-ci il mövsümünə dünən keçirilən oyunlarla start verildi. Azərbaycan klublarından ilk olaraq “Kəpəz” mübarizəyə qoşuldu. Bu gün isə Avropa Liqasındakı digər təmsilçilərimiz Avropa Liqasının birinci təsnifat mərhələsində ilk matçlarına çıxacaqlar. Təbii ki, əsas diqqətlər “Qəbələ”yə yönəlib. Həm bu komandanın ötən mövsüm qrupa qədər irəliləməsi, həm də birinci görüşünü evdə keçirməsi “qırmızı-qaralar”ın oyununa marağı daha da artırır.
Bu dəfə gümüş medalçı
Əsas diqqətçəkən məqam “Qəbələ”nin ötən mövsümdə olduğu kimi, bu dəfə də mübarizəyə Gürcüstan klubuna qarşı oyunlarla başlamasıdır. Keçən mövsüm Tbilisi “Dinamo”suna rəqib olan təmsilçimiz çətinliklə də olsa, rəqibi üstələməyi bacarmışdı. Amma budəfəki rəqib “Dinamo” yox, “Samtredia”dır. Tarixində ikinci dəfə ölkə çempionatını gümüş medalla başa vuran “Samtredia” “Qəbələ” kimi təcrübəli komanda deyil. Ancaq rəqib yoxlama görüşlərindəki nəticələrlə yuxarıdan aşağı baxılacaq qədər zəif olmadığını göstərdi.
Azarkeşlərə xüsusi iş
Gürcüstan klubları indiki məqamda heç də ürəkaçan rəqiblər deyil. Bunu meydançadakı mübarizəyə əsaslanıb demirik. Ötən il baş verənlər, yəqin ki, hamının yadındadır. “Dinamo” ilə Tbilisidəki qarşılaşmada yerli azarkeşlər “Qəbələ”nin oyunçularını təxribata çəkmək üçün hər “oyundan çıxdılar”. Məhz bu amil təhlükəsizlik məsələsinin yenidən gündəmə gəlməsinə səbəb oldu. Doğrudur, “Qəbələ” təlim-məşq toplanışını məhz Gürcüstanda keçirdi. Ancaq toplanışla rəsmi oyun arasında ciddi fərq var. Bu mənada sabahkı qarşılaşmada azarkeşlərimizin də üzərinə iş düşür. Azarkeşlər hansısa neqativ hal üçün yox, komandanı dəstəkləmək üçün “Bakcell Arena”nın tribunalarını doldurmalıdırlar. Yəqin, razılaşarsınız ki, rəqibə ən yaxşı zərbə onu məğlub etməklə vurular. Bunun üçün də fanatlar “Qəbələ”ni sona qədər dəstəkləməli, əsl “12-ci oyunçu” funksiyasını yerinə yetirməlidirlər.
Yarımmüdafiə və hücumdakı
problemlər...
O ki qaldı komandaların gücünə, “Qəbələ” ötən mövsümdəki heyətini qoruya bilsəydi, təmsilçimizin mərhələ adlayacağını əminliklə söyləyə bilərdik. Lakin indi vəziyyət bir qədər fərqlidir. Kluba tarixinin ən böyük zəfərini qazandıran futbolçuların çoxu mövsüm başa çatan kimi yola salındı. Xüsusən də, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Ruslan Abışov və əlbəttə ki, Luis Hilario Dodonun boşluğunu doldurmaq çox çətin olacaq. Kollektivə yeni qoşulanlara baxsaq, görərik ki, “Qəbələ”də yaranan bir çox boşluq hələ doldurulmayıb. Düzdür, qapı və müdafiə xətti ilə bağlı ciddi problem yoxdur. Müdafiədə yeganə ciddi itki Arif Daşdəmirovdur ki, baş məşqçi Roman Qriqorçuk cinahlarda Məhəmməd Mirzəbəyov, Rikardinyo və ya Ürfan Abbasova şans verəcək. Amma komandanın yarımmüdafiə və hücumda necə çıxış edəcəyi böyük maraq doğurur. Aleksey Qayın yerini “İnter”dən transfer edilən Nika Kvekveskirinin layiqincə tutacağına şübhə yoxdur. Hər halda, gürcü oyunçu daha çevik və texnikalıdır, eyni zamanda oyunu yaxşı oxumaq bacarığına malikdir. Ancaq onun da komandaya uyğunlaşma prosesinin müddəti çox önəmlidir. Yarımmüdafiənin cinahları tamam yenlənib. Yeni transferlər Filip Ozobiç və Teo Luis Uiksin göstərəcəyi oyundan çox şey asılı ola bilər. Zetslə yanaşı, iştirak ərizəsinə salınmayan Aleksey Antonovun da “Qəbələ”dən ayrılması gözlənilir. Qriqorçukun qol ümidi kimi, yalnız Sergey Zenyov və Rəşad Eyyubov qalıb. Onlardan da estoniyalı son vaxtlar daha çox zədəsini sağaltmaqla məşğul olub.
Ümumiyyətlə, UEFA-ya göndərilən iştirak ərizəsinin A vərəqinə cəmi 16 futbolçunun adını daxil edən “Qəbələ”də digər yerləri klubun öz yetirmələri doldurublar. Heyətdən də göründüyü kimi, şimallıların ən böyük problemi lazımi ehtiyat qüvvənin olmamasıdır.
Yığmaya oyunçu verməyən rəqib
O ki qaldı “Samtredia”ya, Gürcüstan klubunun əsası yerli futbolçulardan qurulub. Baş məşqçi Georgi Tsedzadze Bakıya 22 futbolçu gətirəcək. “Qəbələ”nin heyətində zəifləmə müşahidə olsa da, rəqibi heç də qorxulu komanda deyil. Hər halda, “Samtredia”nın bir nəfər də milli üzvü yoxdur. Halbuki “Qəbələ”də Gürcüstan yığmasının bir oyunçusu var. Bir sözlə, Azərbaycan təmsilçisi bu heyətlə belə, hazırkı rəqibini keçmək iqtidarındadır. Bunun üçün ilk növbədə Bakıda qol buraxmadan qələbə qazanmaq lazımdır.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da ilk növbədə sabahkı görüşü düşündüklərini söyləyib: “Biz gürcü futboluna bələdik. Bilirik ki, bu ölkənin yaxşı komandaları və futbolçuları çoxdur. Onlar maraqlı, güclü futbol oynamağı bacarırlar. Gürcüstan futbolçuları həmişə texnikaları ilə seçiliblər. Odur ki, rəqibimiz çox güclüdür. Hazırda yalnız ilk oyun barədə düşünürük. Məqsədimiz həmin matçda qalib gəlməkdir. Sonrası ilə bağlı hələ plan qurmamalıyıq. Addım-addım irəliləmək lazımdır”.
Georgi Tsedzadze isə mərhələ adlamaq şanslarının heç də az olmadığını düşünür: “Qəbələ” ötən il Avroliqanın qrup mərhələsində çıxış edib və Azərbaycan çempionatında 3-cü olub. Düşünürəm ki, şanslar bərabərdir. Nə baş verəcəyini, kimin uğura imza atacağını görəcəyik. Hazırlığımızı tamamlamışıq. Fikrimcə, “Qəbələ” orta səviyyəli komandadır. Yəni nə çox güclüdür, nə də zəif. İndi hamı futbol oynamağı bacarır. Ümumilikdə, püşk bəxtimizə normal rəqib çıxardı. Açığı, bu il Avroliqanın qrup mərhələsinə düşməyi planlaşdırmırıq. Lakin bacardığımız qədər irəliləməyə çalışacağıq”.
30 iyun
21:00 “Qəbələ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan)
Hakimlər: Dzianis Şkarbaku, Dzmitri Juk, Yuri Xomçanka, Sergey Tsiknkeviç (hamısı Belarus)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. “Bakcell Arena”
Komandaların iştirak ərizələri:
“Qəbələ”
Qapıçılar: 22. Dmitri Bezotosnı, 33. David Pietrzkieviç
Müdafiəçilər: 3. Vojislav Stankoviç, 13. Murad Musayev, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Luis Uiks, 32. Rəşad Eyubov
Hücumçu: 9. Sergey Zenyov
“Samtredia”
Qapıçılar: 1. Otar Sturua, 12. Omar Miqineişvili, 30. Kaxaber Meşveliani
Müdafiəçilər: 2. Davit Mitivlişvili, 3. Cemal Qoqiaşvili, 4. Nika Sandoxadze, 16. Laşa Şergelaşvili, 20. Georgi Axaladze, 22. Georgi Mçedlişvili, 39. Tornike Qorqiaşvili
Yarımmüdafiəçilər: 6. Giuli Mancqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 13. Akaki Ninua, 15. Daçi Tsnobiladze, 17. Şota Kerdzevadze, 26. Georgi Datunaişvili, 77. George Hamkrelidze
Hücumçular: 9. Zaur Xabeişvili, 10. Baçana Arabuli, 11. Budu Zivzivadze, 14. Davit Cikia.