çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

“Kəpəz” “Daçiya” ilə bacarmadı

29.06.2016 11:58 Oxundu 275

Azərbaycan klubları üçün Avrokubok mövsümünə start verilib. İlk olaraq Avroliqadakı 3 təmsilçimizdən biri - “Kəpəz” meydana çıxıb. Avropa Liqasının I təsnifat mərhələsinin ilk qarşılaşmasında qərblilər Moldovanın “Daçiya” klubu ilə oynayıblar.

Şahin Diniyevin yetirmələri matça passiv başlasalar da, tədricən təşəbbüsü ələ ala biliblər. Epizodların birində Ebahın zərbəsi az fərqlə qapıdan aralı keçib. Daha sonra Nicat Qurbanovun cinah ötürməsinə boş vəziyyətdə olan Serjinyo toxuna bilməyib. İlk hissə qolsuz başa çatıb. İkinci hissədə də bir neçə təhlükə yaradan qərb klubu bu şanslardan da yararlana bilməyincə matç başladığı kimi də başa çatıb - 0:0.

“Kəpəz” yaxşı komanda olsa da...”

“Gözlədiyimiz kimi, qarşılaşma ağır alındı. “Kəpəz”dən belə oyun gözləmirdik. Çox yaxşı komandadır”. Bu sözləri matçdan sonra keçirilən mətbuat konfransında “Daçiya”nın baş məşqçisi Oleq Bejenar deyib. O həmçinin bildirib: “Birinci hissədə əsəbi görünürdük. İndi rəqibi daha yaxşı tanıyırıq. Cavab matçına daha yaxşı hazırlaşacağıq”. “Daçiya”nın baş məşqçisi oyundan razı qaldığını bildirib: “Kəpəz” yaxşı komanda olsa da, “Daçiya” bu səddi keçməyə cəhd göstərəcək”.

Klubun rəsmi saytında Mərdəkanın adının səhv olaraq, erməni mənşəli yaşayış məntəqəsi kimi təqdim edilməsi ilə bağlı suala isə mətbuat xidmətinin rəhbəri belə aydınlıq gətirib: “Heç kimin xətrinə dəymək istəmirdik. Sadəcə, anlaşılmazlıq oldu”.

“Biz də zəif deyilik”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev isə oyun barədə belə deyib: “Keyfiyyətli oyun oldu. Avroliqaya oxşar futbol oynamağa çalışdıq. Cinah hücumlarının hesabına hücumlar qurmağı və vaxtında bağlanmağı tapşırmışdım”. Diniyev daha sonra deyib: “Belə oyun üçün 4-5 qol vəziyyəti çoxdur. Komandamla fəxr edirəm. 10 gündü yığılan komandadır və birdən-birə 5 yeni futbolçu əsas heyətdə oynayır. Bu qədər qol vəziyyəti yaratdıqsa, mən xoşbəxtəm. Xarakter nümayiş etdirdik. İkinci hissədə də qol vəziyyətlərimiz oldu. Mənə elə gəlir ki, bu gün heç kimi utandırmadıq. Komanda inkişafdadı və bu mənim gözümün qabağımdadır. Çalışacağıq ki, Moldovada daha yaxşı çıxış edək. Şanslar yenə bərabərdir. Orada taktiki cəhətdən düzgün çıxış etsək, mərhələ adlaya bilərik. “Daçiya” da güclüdür, qrupa düşəcək komandadır. Amma biz də zəif deyilik”.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

28 iyun

“Kəpəz” (Azərbaycan) - “Daçiya” (Moldova) - 0:0

Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)

Bakı, “Dalğa Arena”

“Kəpəz”: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva, 18. Tural Axundov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 77. Serjinyo, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 90. Julian Ebah

Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev

Baş məşqçi: Şahin Diniyev

“Daçiya”: 12. Dimitriu Seleadnik, 2. Andri Silinkin, 4. Semion Bulqaru, 5. Vyaçelsav Posmak, 7. Rinar Valeev, 9. İqor Buqaev, 10. Aleksndru Bejan, 11. Denis Kojanov, 17. Evgeni Cosius, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feschuk

Ehtiyat oyunçular: 16. Dorian Raylean, 6. Mecit Neziri, 15. Sapol Mani, 19. Maksim Qavrilenko, 25. Andrey Bunyak, 27. Vasil Cardan, 29. Yaser Turkan

Baş məşqçi: Oleq Bejenar