çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

“Mən deyərdim ki...”

30.06.2016 13:34 Oxundu 222

”Məncə, “Daçiya” Bakıda minimum vəzifəni yerinə yetirdi. Onlar bura 0:0 hesabı üçün gəlmişdilər. Ona görə də top saxlamaqla məşğul idilər, hücum eləmirdilər. Topun hesabına “Kəpəz”i yormaq və imkan düşərsə bir epizoddan istifadə etmək istəyirdilər. Həmin epizodu isə “Kəpəz” onlara vermədi. Əlbəttə ki, “Daçiya” Moldovada hücuma keçəcək. Bu da “Kəpəz”ə əks-hücumlar imkanı yaradacaq. Gəncə komandasının da əks-hücum üçün sürətli oyunçuları var. Bu sözlər AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Kəpəz”- “Daciya” oyunu ilə bağlı fikirlərini bölüşərkən deyib.

Avropa Liqasındakı digər təmsilçilərimiz haqqında isə o deyib: “Qəbələ” ötən mövsüm Avroliqada çox yaxşı çıxış etdi, qrupa qədər irəlilədi. Bu, futbolumuz və klubun inkişafı üçün çox gözəl haldır. Adətən Gürcüstan komandaları öz meydanlarında çox güclü oynayır, səfərdə müdafiədə oturub, qol buraxmamağa çalışırlar. “Qəbələ” bu gün ilk növbədə qol buraxmamalı və imkan daxilində yaratdığı imkanlardan istifadə etməlidi.

“Baltsan” - “Neftçi” oyununa gəldikdə isə Malta futbolu barədə elə bir informasiyam yoxdur: Yalnız yığmalarını görmüşəm. Malta adadı da, amma stadionları çox gözəldi. Yenilənmiş “Neftçi”dən ilk növbədə oyunu qurmağı gözləmək lazımdır. Hazırlıq az olanda əsasən futbolçunun xarakteri və istəyi ön plana çıxır. “Neftçi”nin yerli məşqçilərə üstünlük verməsinə də çox şadam. Rəhbərlik baş məşqçiyə güvənirsə, ona kömək etməlidir. Komandada əsas yük prezidentin yox, baş məşqçinin üzərinə düşür. Baş məşqçi öz sözünü deməlidir. Çünki komandanın istənilən nəticəsinə cavabdehdi.

Avropa Liqasındakı hər 3 komandamızın mərhələ şansını isə o belə dəyərləndirib: “Bu gün hər iki oyunda qələbə olmalıdır. Hər şey baş məşqçinin taktikasından, strategiyasından asılıdı. Avrokubok iki oyundan ibarət olur. Hazırlıq az olsa da, məşqçi elə strategiya qurmalıdı ki, komanda iki oyunun nəticəsinə görə mərhələ adlasın. Onu da deyim ki, düzü, heyətində dəyişiklik edilmiş “Neftçi” və “Qəbələ”nin oyununu görməmişəm. Hələlik yalnız “Kəpəz”ə bələdəm. Mən deyərdim ki, komanda hələ tam komplektləşməyib, 2-3 yeni transferə ehtiyacları var. “Daçiya”nın oturuşmuş heyəti var, topla oynamağı bacarırlar. Bu üzdən “Kəpəz” üçün səfərdə oynamaq çox ağır olacaq”.