çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Xuliqandan ulduza çevrilən futbolçu - Covanni Elber

30.06.2016 15:03 Oxundu 1066

Çoxları iddia edir ki, dünyada braziliyalı futbolçulardan 5 eyni səviyyəli milli komanda yaratmaq olar və həmin yığmaların hamısı dünya çempionatının final mərhələsində oynaya bilər. Həqiqətən də, kifayət qədər yüksək səviyyəli və güclü futbolçu olsa da, hədsiz rəqabət səbəbindən milliyə düşə bilməyən braziliyalılar olub.

Haqqında bəhs edəcəyimiz qəhrəman Braziliya millisində çıxış etsə də, məhz qeyd etdiyimiz rəqabət səbəbindən aparıcı futbolçuya çevrilə bilməyib. Halbuki klubunda əvəzedilməz olub və dünyanın ən güclü hücumçularından biri sayılıb. Söhbət bir vaxtlar "Bavariya"nın qol "silahı" olmuş Covanni Elberdən gedir.

Elber 1972-ci idə Braziliyanın Parana ştatının Londrina şəhərində çoxuşaqlı kasıb bir ailədə dünyaya göz açıb. Bu səbəbdən də hələ uşaq yaşlarından əziyyətə qatlaşan, çətinliklərlə yaşamağa öyrəşən bir uşaq olub. Həyatın çətinlikləri Covannini ciddi olmağa vadar edib. Elə ailədən gördüyü tərbiyə də bu cür olub. Elber bəzi uşaqlar kimi cah-cəlallı həyat yaşamadığından, üzü çox nadir hallarda gülürdü. Amma futbola hədsiz həvəsi və sevgisi olub. Təsəvvür edin ki, kiçik Elber dərsdən evə gələn kimi çantasını evin bir küncünə atıb küçəyə, uşaqlarla futbol oynamağa yollanır və gecəyə kimi tozlu-torpaqlı küçələrdə top qovurdu. Onu da deyək ki, Covanni uşaqlıqda həm də çox dəcəl idi. Hətta arada xuliqanlıq da edirdi. Bir dəfə isə az qala xuliqanlıq üstündə polis tərəfindən yaxalanacaqdı. Belə ki, Covanni qardaşları ilə birlikdə gizlincə "Londrina" klubunun bazasına girərkən polislər duyuq düşür və onları təqib edirlər. İllər sonra futbolçu həmin hadisəni bu cür xatırlayıb: "Küçə uşaqları arasında ən ağlasığmaz ideyaların təşəbbüskarı mən olurdum və kim mənə qulaq asmırdısa, o zaman güc tətbiq edirdim. Bəzən kimsə evə sınıq burunla qayıdırdı".

"Maqiya üçbucağı"

Elberin ilk klubu yerli "Londrina" olub. Hücumçu burada gənclər komandasında oynayıb. Hətta demək olar ki, ilk futbol tərbiyəsini bu komandada alıb, burada öz potensialını açıb. Həmin vaxt qəhrəmanımızın 15 yaşı var idi. 1990-cı ildə isə gələcəyin bombardirini İtaliyanın məşhur "Milan" klubu alıb və buna görə italyanlar braziliyalıların büdcəsinə 1 milyon avro pul ödəyiblər. Lakin Elber Milan klubunun heyətində, demək olar ki, çıxış etmədi. Daha doğrusu, A seriyasında 1 dəfə də olsun oynamadı. Yalnız 1991-ci ildə İtaliya Kubokunun 1 oyununda meydançaya çıxdı. Daha sonra isə "Milan" onu İsveçrənin "Qrasshoppers" klubuna icarəyə verdi. Məhz orada Covanni öz potensialını daha böyük planda açıb ortaya qoymağı bacardı. Belə ki, İsveçrə klubunun heyətində keçirdiyi 3 mövsüm ərzində ilk titulunu qazandı. Həm İsveçrə Kubokunun qalibi oldu, həm də İsveçrə çempionatının bombardiri adını əldə etdi.

1994-cü ildən isə Elberin Almaniya karyerası başlandı. Belə ki, İsveçrədəki uğurlu karyeradan sonra "Ştutqart" onu öz heyətinə qatdı və bunun üçün "Qrasshoppers"in büdcəsinə 1,6 milyon avro pul ödədi. Həmin vaxt "Ştutqart"ın hücum xəttində Fredi Bobiç və Krasimir Balakov kimi futbolçular oynayırdılar. Lakin baş məşqçi Elberi də əsas heyətdə oynadaraq, gözəl "üçlük" yaratdı. Hətta azarkeşlər o vaxtı Elber-Bobiç-Balakov "üçlüy"ünü "Maqiya üçbucağı" adlandırırdılar. 1997-ci ildə Elber "Ştutqart"ın heyətində Almaniya Kubokunu qazandı. Finalda isə "Energi"nin qapısına vurulan qollardan birinin müəllifi məhz "sambaçı" oldu. Qısa zamanda komandanın aparıcı futbolçusuna çevrilən Covanni Almaniya futbolunun əfsanələrinin də rəğbətini qazandı. Belə ki, dahi Herd Müller onun haqqında danışarkən "Elber öz oyununu tapanda, onun qarşısında dayanmaq mümkün deyil. Çünki həmin anda bu futbolçuda zəif nöqtə tapmaq olmur", fikirlərini işlətmişdi. Görünən o idi ki, Elber tezliklə "Ştutqart"dan ayrılacaq.

"Bavariya"nın təklifi tam yerinə düşmüşdü

Bəs növbəti yolçuluq hara idi? Hara ola bilərdi? Əlbəttə ki Münxenə. Çünki "Bavariya" olan yerdə Almaniyada parlayan hansısa istedadın başqa kluba keçidi sadəcə, qeyri-mümkündür. Belə ki, bir azca parlayan futbolçu olan kimi münxenlilər dərhal onu "qamarlayırlar". Elə Elberi də vaxt itirmədən heyətlərinə qatdılar. Beləliklə, 1997-ci ildən etibarən Elberin "Bavriya"lı günləri başladı. Əminliklə demək olar ki, məhz bu klubdakı çıxışı ilə Covanni bütün Avropada, dünyada məşhurlaşdı. Münxen klubu onu əfsanəvi Yurgen Klinsmanna əvəzləyici kimi almışdı. Təbii ki, artıq hücumçunun transfer qiyməti daha da artaraq, 6,5 milyon avroya yüksəlmişdi. Əslində həmin vaxt Covanninin "Ştutqart"da işləri əla gedirdi. Lakin 1998-ci il Fransada keçirilən mundiala yollanmaq üçün daha prestijli klubun formasını geyinmək lazım idi ki, bu mənada "Bavariya"nın təklifi tam yerinə düşmüşdü.

Elberin "Bavariya"nın heyətində debüt oyunu 1997-ci ilin 11 iyuluna təsadüf etdi. Münxenlilər həmin gün "Maqdeburq"la yoldaşlıq görüşü keçirdilər və qəhrəmanımız ilk oyundaca fərqlənməyi bacardı. 13 gündən sonra, yəni iyulun 24-də isə artıq Elber rəsmi oyunda meydançaya çıxdı və Almaniya Liqa Kubokunun yarımfinalında Dortmund "Borussiya"sına qarşı matçda forma geyindi. "Bavariya"nın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə qollardan birini də məhz o vurdu. Ümumiyyətlə, braziliyalı "Bavariya"nın heyətində keçirdiyi ilk mövsümdə 28 matçda forma geyindi və 11 qola imza atdı. Onun 11-ci saniyədə "Hamburq"un qapısına vurduğu qol xüsusilə yaddaqalan oldu. Münxen klubunun heyətində keçirdiyi növbəti mövsümdə "sambaçı" 21 matçda iştirak etdi və 13 dəfə rəqib qapılarına yol tapdı. Künc zərbəsindən birbaşa "Hanza"nın qapısına vurulan qol isə yenə azarkeşlərin yaddaşında qaldı. 1999-cu il isə, bəlkə də, Elber üçün pis mənada yaddaqalan oldu. Belə ki, "Bavariya" Çempionlar Liqasının finalında "Mançester Yunayted"lə qarşılaşmanın 91-ci dəqiqəsinə kimi hesabda 1:0 öndə olsa da, 91 və 93-cü dəqiqələrdə ağlasığmaz şəkildə iki top buraxaraq, kuboku ingilislərə verməli oldu. Bununla belə, bir il sonra "Valensiya"nı oyunsonrası penaltilərlə üstələyən Elber və komandası, nəhayət ki, Avropanın ali mükafatına sahib çıxa bildi. 2002-03-cü il futbol mövsümündə isə 20 qola imza atan hücumçu çempionatın bombardiri adını qazandı.

2003-cü il avqustun 28-də Elber Almaniyadan getməli oldu. Belə ki, o, Fransanın "Lion" klubu ilə 2 illik müqavilə imzaladı. Qısa zamanda bu kluba və Fransa mühitinə də uyğunlaşan Covanni Fransa çempionu və Superkubokunun qalibi oldu.

2005-ci ildə isə hər şey enişə doğru getməyə başladı. Artıq Fransada işlər qaydasında getmirdi. Vəziyyəti belə görən Elber yenidən Almaniyaya qayıtdı. Ancaq burada da vəziyyət başqa idi. Braziliyalıya yalnız Mönxenqladbax "Borussiya"sı maraq göstərdi ki, o da burada cəmi 4 oyun keçirdi və daha sonra Avropanı tərk edərək vətəninə qayıtdı. Orada "Kruzeyro"da daha 1 il oynayaraq, futbolla rəsmən vidalaşdı.

Adı: Covanni de Souza Elber

Ləqəbi: Şutnik

Anadan olduğu tarix: 23.07.1972

Doğum yeri: Londrina, Parana, Braziliya

Vətəndaşlıq: Braziliya

Boyu: 182 sm

Çəkisi: 75 kq

Ampluası: hücumçu

Karyerası

1987-1990 "Londrina" (gənclər komandası)

1990-91 "Milan" (0 oyun, 0 qol)

1991-94 "Qrasshoppers" (69, 41)

1994-97 "Ştutqart" (87, 41)

1997-2003 "Bavariya" (169, 92)

2003-05 "Lion" (30, 11)

2005 "Borussiya" (M.) (4, 0)

2005-06 "Kruzeyro" (40, 18)

Milli karyerası

Elber 1998-2001-ci illərdə Braziliya millisinin şərəfini qoruyub. O, yığmanın heyətində 15 oyunda meydançaya çıxıb və 7 qola imza atıb.

Uğurları

1994-İsveçrə Kubokunun qalibi

1997, 1998, 2000, 2003 - Almaniya Liqa Kubokunun qalibi

1997, 1999, 2000, 2001, 2003 - Almaniya Kubokunun qalibi

1999, 2000, 2001, 2003 - Almaniya Bundesliqasının qalibi

2001 - Çempionlar Liqasının qalibi

2001 - Qitələrarası Kubokun qalibi

2004 - Fransa çempionu

2004 - Fransa Superklubokunun qalibi

2006 - Minas-Jerays ştatının çempionu

Şəxsi uğurları

1994 - İsveçrə çempionatının bombardiri

1994 - İsveçrədə ilin ən yaxşı əcnəbi futbolçusu

1997 - Konfederasiyalar Kubokunun ən yaxşı futbolçusu

2003 - Almaniya Bundesliqasının bombardiri