şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

O, qol vurmağı çox sevirdi

17.05.2016 12:56 Oxundu 2612

III sıra: Şirəli Şirəliyev (komandanın rəisi), Vladimir Mikucadze, Turan Məmmədov, Vladimir Denisov, Anatoli Terentyev, Şamil Əmirov, Əli Əbilzadə, Oleq Timakov (baş

məşqci), İsay Abramaşvili (məşqci), IV sıra: Klim Xacaturov, Nağı Babayev, Zahid Əsgərov, Aleksey Zinin, Valeri Dikayev, 1957

Dostları onu “Aylum” deyə çağırırdılar. Yaşlı nəsil bu adı yaxşı tanıyır. O, 10 ildən artıq “Neftyanik” komandasının hücumçusu olub. Bu istedadlı futbolçu Əli Əbilzadə idi.

Əli Bagır oğlu Əbilzadə 1930-cu ildə Bakıda anadan olub. Bütün uşaqlar kimi o da futbolu sevirdi. Dərsdən qayıdan kimi hava qaralana qədər onun günü küçədə futbol oynamaqla keçərdi. Əli Bakının Çəmbərəkənd deyilən məhəlləsində yaşayırdı. O zamanlar Partiya məktəbi kimi tanınan binanın yanı, 132 və 190 saylı məktəblərin həyəti Əlinin ilk “stadionları” olub. Bu “stadionlarda” ilk addımlarını atan təkcə Əli deyildi. Əməkdar idman ustası Ələkbər Məmmədov, idman ustaları Borisbek Botaşov, Çingiz İsmayılov, Adil və Sabir İsmayılovlar, Sokolov qardaşları da futbol oynamağı bu “stadionlarda” öyrəniblər. Adlarını çəkdiyim bu şəxslər sonralar Azərbaycanın bir nömrəli komandası olan “Neftyanik”in idman şərəfini qoruyublar.

Onu da qeyd edim ki, Əbilzadə küçə futbolundan birbaşa “Neftyanik”ə keçməyib. 1946-cı ildə 16 yaşlı Əli o vaxtlar Mərkəzi Pionerlər Sarayında yaranmış futbol bölməsinə üzv yazılıb. İlk məşqdən sonra tanınmış futbol mütəxəssisi Mixail Alimkin ona hücumda oynamağı məsləhət görüb. Bu onun sevincinə səbəb olub. Axı o, qol vurmağı çox sevirdi. Bu, onda alınırdı. Üç ildən sonra “Neftyanik”ə dəvət edilib.

Əli Əbilzadə 10 ildən artıq bu komandanın şərəfini qoruyub. O, uzun illər Vladimri Karmayev, Çingiz İsmayılov, Ələkbər Məmmədov, Yuri Kuznetsov, Zeydulla Süleymanov, Viktor Şevçenko, Borisbek Botaşov, Vladimir Mikuçadze və başqa futbolçularla birlikdə “Neftyanik”də oynayıb.

İdman ustası Çingiz İsmayılov: “Biz bir məhəllədə yaşayırdıq. Aramızda beş yaş fərq var. Əli 1949-cu ildən, mən isə 1955-ci ildən “Neftyanik”də oynayırdım. O vaxtlar komandanın bazası indiki İsmət Qayıbov adına stadionda idi. Biz bir otaqda qalırdıq. 1957-ci ildə bir yerdə İranda olduq. Tehranın seçmə komandası ilə oynadıq. Bir il əvvəl Bakıda biz bu komandaya 1:2 hesabı ilə uduzmuşduq. Tehranda isə Tehranın seçmə komandasının qapısından üç cavabsız top keçirdik. Bu topların ikisi Əlinin payına düşmüşdü.

Əli çox gözəl insan idi. Həm də zarafatcıl idi. Sonralar o, Bakının “Dinamo” komandasında məşqçi olanda, məni də ora dəvət etmişdi. Əli yaxşı məşqçilik istedadına malik idi. O, oyunu çox gözəl başa düşürdü. Oyunun gedişində futbolçuları nə vaxt əvəzetməyi yaxşı bilirdi. Onun əvəzetməsindən sonra həmişə oyunun gedişində dönüş yaranırdı.”

Əli Əbilzadə hücumçu olub. Rəqib komandaların qapılarına xeyli top vurub. Çox təəssüf ki, o vaxtlar Bakıda statistik məlumatları toplayan olmayıb.

Azərbaycanın əməkdar jurnalisti Mirpaşa Miriyev: “1956-cı ildə İndoneziyanın seçmə komandası Bakıya gəlmişdi. “Neftyanik” ilə görüş çox maraqlı keçmişdi. Qonaqlar bu oyunda böyük texnika nümayiş etdirirdilər. 9-cu dəqiqədə onlar hesabı açdılar. Lakin qoldan sonra qonaqlar heç nə edə bilmədilər. Artıq təşəbbüs meydan sahiblərinin tərəfinə keçmişdi. Bakılılar qonaqları müdafiəyə keçməyə məcbur etmişdilər. 33-cü dəqiqədə Əbilzadə hesabı bərabərləşdirməyə müvəffəq olmuşdu. Birinci hissə 1:1 hesabı ilə başa çatmışdı. Fasilədən sonra da “Neftyanik” in oyunçuları fəal oynamışlar. 62-ci dəqiqədə Terentyevin ötürməsindən sonra Əbilzadə qonaqları ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur etmişdi. Oyunun qurtarmasına beş dəqiqə qalmış görüşün qəhrəmanı sayılan Əli Əbilzadə üçüncü topunu vurmuşdu. Maraqlı keçən oyun 3:1 hesabı ilə “Neftyanik”in xeyrinə qurtarmışdı.”

Azərbaycanın əməkdar jurnalisti, məşhur futbol şərhçsi Valid Sənani: “Neftyanik” Cənub-Şərqi Asiya ölkələrinə səfərdən təzəcə qayıtmışdı. Biz (Azərbaycan radiosunun əməkdaşları) komandanın oyunları haqqında azarkeşlərə qısa da olsa məlumat vermək, səfər təəssüratını bölümək üçün Əli Əbilzadəni radioya dəvət etdik. Onun üçün bir səhifəlik mətn yazdıq. Əli rus təhsilli olduğu üçün bu mətni çətinliklə oxudu. Xahiş etdi ki, efirə verməyək, yoxsa dinləyicilərin yanında biabır olar. Onun xahişini yerinə yetirdim. Mətni onun adından diktor oxudu. Həmin gündən mən və “Xəbərlər” redaksiyasında müxbir işləyən dostum Altay Zahidov Əli ilə dostluq etməyə başladıq. Biz tez-tez görüşür, bir-birimizin qonağı olurduq. Bizim dostluğumuz ailə dostluğuna çevrildi. Əli məndən xahiş etdi ki, onunla yalnız azərbaycanca danışım. Əlinin atası Bağır kişi vaxtilə Bakının məşhur qəssablarından idi. Buna görə də Çəmbərəkənddə Əlini qəssab Bağırın oğlu deyə çağırırdılar. 1950-ci ilin axırlarında “Neftyanik” SSRİ çempionatının digər iştirakçıları kimi yarışlar başa çatandan sonra noyabr-dekabr aylarında yoldaşlıq görüşləri keçirmək üçün xarici ölkələrə səfərə yollanırdı. Həmin illərdə Bakı futbolçuları İraqda, Finlandiyada, Kambocada, Tailanda və digər ölkələrdə olmuşdular. Uşaq-gənclər nəşriyyatının baş redaktoru Hacı Hacıyevlə söhbət əsnasında “Neftyanik”in səfərlərindən söz düşdü və o, Əliyə təklif etdi ki, bu barədə kitab yazsın. Əli mənə müraciət etdi və birlikdə “Neftçi”nin səfərləri” kitabını yazdıq. Kitab futbol azarkeşləri arasında çox tez yayıldı. Əli Əbilzadə çox səmimi, nikbin, zarafatcıl, dostluğa sadiq bir insan idi. Onu tanıyanlar Əlinin xatirəsini həmişə hörmətlə yad edirlər. Allah ona rəhmət eləsin”.

Əli Əbilzadə 1960-cı ildə futbolla vidalaşsa da, sevimli oyunundan əl çəkmədi. Bir ildən sonra məşqçilik fəaliyyətinə başladı. Mən onun oyunlarına çox baxmışam. Onun çox qəribə, özünəməxsus 11 metrlik cərimə zərbəsi vurması var idi. Həmişə də topu “doqquzluğa” vurardı. O vaxtlar mən onunla tanış deyildim. Ancaq məşqçilik fəaliyyətinə başladığı vaxtlar biz tanış olmuşduq.

50-60-cı illərdə SSRİ-nin məşhur futbol mütəxəssisi kimi tanınan Boris Andreyeviç Arkadyev 1961-ci ildə “Neftyanik”ə baş məşqçi təyin olunduqda özünə köməkçi məhz Əli Əbilzadəni seçmişdi. Əli bununla çox fəxr edirdi. O, düz iki il Arkadyevlə birlikdə “Neftyanik”də çalışmışdı.

Sonralar Əli Əbilzadə respublikanın bir çox komandalarında baş məşqçi işləyib. Onun sonuncu iş yeri Şamaxıda olub. 1993-cü ildə o, Şamaxının “Şirvan” komandasının baş məşqçisi idi.

PFL-in texniki idman şöbəsinin rəisi Məlik Həsənov: “Mən Əli Əbilzadə ilə 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda tanış olmuşam.

O, futbol kafedrasında müəllim, mən isə tələbə idim. Mən istitutun futbol komandasında oynayırdım. 1975 və 1976-cı illərdə Əli Bakının “Avtomobilçi” komandasına baş məşqçi təyin olunmuşdu. Bu komandanın oyunları və məşqləri “Spartak” stadionunda keçirilirdi. Mən də institutu qurtardıqdan sonra təyinat üzrə “Spartak” cəmiyyətinə məşqçi göndərilmişdim. Tez-tez “Spartak” stadionunda görüşürdük. 1993-cü ildə o, Şamaxının “Şirvan” komandasında işləməyə başlamışdı. O vaxtlar mən Azərbaycan Bədən Tərbiyəsi və İdman komitəsinin futbol şöbəsində işləyirdim. Yaxşı yadımdadır, 1993-cü il aprelin 11-i idi. Şamaxı futbolçuları Neftçalada yerli komanda ilə mühüm oyunda qələbə qazanmışdı. Bakıya qayıdan kimi mənə evə zəng vurmuşdu, bu barədə xəbər verdi. Çox sevinirdi. Bir xeyli söhbət etdik. Bir neçə saatdan sonra həyat yoldaşı zəng vurdu. O, ağlaya-ağlaya Əlinin qəflətən öldüyünü xəbər verdi”.

Abas Əzimov