336
Braziliya yığma komandasının keçmiş hücumçusu Ronaldo Argentina millisinin oyunçusu Lionel Messinin son açıqlamasına münasibət bildirib. O, Messinin bundan sonra Argentina yığmasında oynamaq istəməməsini təbii hesab etdiyini və buna onun haqqının çatdığını vurğulayıb. Ronaldo belə hesab edir ki, “Barselona”da gözəl oyun sərgiləyən Messi Argentina yığmasında özünə xas olan oyunu nümayiş etdirə bilmir. Ronaldo buna səbəb kimi “Barselona” ilə Argentina yığması arasında mühitin fərqli olmasını göstərir: “Mənə elə gəlir ki, biz Messinin seçiminə hörmətlə yanaşmalıyıq. Hər bir futbolçunun karyerasında xoşagələn və ya xoşagəlməz epizodlar çox olur. Messi Argentina ilə çempionluq sevinci yaşamağı çox arzulayırdı. Ancaq karyerası ərzində buna nail ola bilmədi. Ona görə onun ruhdan düşməsi və buna görə psixoloji gərginlik keçirməsi başa düşüləndir. Bütün hallarda Messi dünyanın ən məşhur futbolçusu olaraq qalır və hələ uzun ilər də qalmaqda davam edəcək”.