çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

Avro-2016-da iştirak edəcək komandalar

17.05.2016 13:00 Oxundu 1768

2016-cı ildə Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında iştirak edəcək yığma komandalar arasında bu dəfə, belə demək mümkünsə, Avropa futbolu üçün sürpriz hesab edilən bəzi ölkələrin yığma komandaları var. Onlardan biri də Şimali İrlandiyadır. Əlbəttə, Avro-2016-da oynayacaq bəzi sürpriz ölkələr, o cümlədən İslandiya və Albaniya ilə müqayisədə Şimali İrlandiya əvvəllər Avropa və dünya çempionatlarının qrup mərhələsi çərçivəsində keçirilən oyunlarda finala vəsiq qazana bilməsə də, daha yaxşı nəticələr göstərib. Ancaq son illər Şimali İrlandiya dünyanın zəif komandalarından biri hesab edilməkdə idi. Nəticədə, Şimali İrlandiya dünya və Avropa çempionatlarının qrup mərhələsində perspektivi olmayan komanda təsiri bağışlayırdı. Məhz bu baxımdan Şimali İrlandiyanın çoxlarının gözləmədiyi halda yüksək səviyyəli futbol nümayiş etdirərək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması, dünyanın tanınmış futbol mütəxəssisləri tərəfindən sensasiya və ya belə demək mümkünsə sürpriz hesab edilir. Avro-2016-nın qrup mərhələsi çərçivəsində keçirilən oyunlara kimi Şimali İrlandiyanın zəif, xoşagəlməz oyun nümayiş etdirdiyini bu komandanın 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına vəsiqə uğrunda qrup mərhələsi yarışlarında zəif rəqiblərə, o cümlədən Azərbaycana uduzması da göstərməkdə idi.

Xatırladaq ki, 2014-cü ildə keçirilən dünya çempionatına vəsiqə uğrunda qrup mərhələsi oyunlarında Azərbaycan Şimali İrlandiya ilə Belfastda 1:1 oynamış, Bakıda isə bu komandaya 2:0 hesabı ilə qalib gəlmişdi. Yəni həqiqətən də, Şimali İrlandiya həmin dövrdə dünyanın zəif yığma komandalarından birinə çevrilmişdi. Yeri gəlmişkən onu da xatırladaq ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Şimali İrlandiya ilə 4 dəfə görüşüb. 2006-cı ildə keçirilən dünya çempionatına vəsiqə uğrunda qrup mərhələsi çərçivəsində Bakıda keçirilən oyunda (9 oktyabr 2004-cü il) Azərbaycan və Şimali İrlandiya heç-heçə oynadılar. 2005-ci ilin sentyabr ayının 3-də Belfastda keçirilən oyunda meydan sahibləri ölkəmizın yığmasına 2:0 hesabı ilə qalib gəlmişdilər. 2012-ci ildə dünya çempionatına vəsiqə uğrunda mübarizədə isə Azərbaycan rəqib meydanında (14 noybar 2012-ci il) Şimali İrlandiya ilə heç-heçə oynadı, Bakıda (11 oktyabr 2013-cü il) isə bu komandaya 2:0 hesabı ilə qalib gəldi. Dünya çempionatına vəsiqə uğrunda mübarizədə Azərbaycan qrup mərhələsində 9 xalla 4-cü, Şimali İrlandiya isə 7 xalla 5-ci yeri tutmuşdu. Bu müqayisəni aparmaqla demək istəyirik ki, əslində Azərbaycan da belə bir uğura imza ata, Avropa çempionatının final mərhələsində oynaya bilər və buna komandamızın gücü də çatar. Sadəcə, belə bir uğura imza atmaq üçün görünür Azərbaycanın da Şimali İrlandiyanın baş məşqçisi O’nill kimi futbol mütəxəssisinə ehtiyacı var.

Şimali İrlandiyanın uğurunda baş məşqçi amili

Bu gün Avropada Şimali İrlandiyanın öz futbol tarixində ilk dəfə Avro-2016-ya vəsiqə qazanmasını sürpriz və ya təsadüfi hadisə kimi dəyərləndirənlərın çox olmasına baxmayaraq, bu komandanın uğuru əslində daha çox baş məşqçi amili ilə bağlıdır. Ola bilsin, bu amili Avropa futbolunun tanınmış ekspertləri unudublar, ya da belə bir önəmli fakt onların diqqətindən kənarda qalıb. Hər halda bunu başqa cür dəyərləndirmək mümkün deyil. Qeyd edək ki, əslən Şimali İrlandiyadan olan və vaxtı ilə bu ölkənin komandalarında top qovan Maykl O’nill 2012-ci ildən Şimali İrlandiya yığma komandasının baş məşqçisi təyin edilib. Həmin dövrdə Şimali İrlandiya 2014-cü ildə Braziliyada keçirilən növbəti dünya çempionatına hazırlaşırdı. Lakin Maykl O’nillin baş məşqçi kimi Şimali İrlandiya yığmasındakı debütü uğursuz oldu. Belə ki, Şimali İrlandiya qrup mərhələsindəki oyunları zəif keçirərək öz qrupunda 7 xalla 5-ci yeri tutdu. O dövrdə uğursuz fəaliyyətinə görə Maykl O’nill dəfələrlə tənqid hədəfi oldu, aciz, bacarıqsız məşqçi kimi sərt şəkildə üzərinə ittihamlar yağdırıldı. Hətta onun vəzifəsindən azad edilməsi məsələsi belə gündəmə gəldi. Lakin son anda Şimali İrlandiya Futbol Federasiyası baş məşqçiyə daha bir şans vermək qərarına gəldi. Hadisələrin gedişi göstərdi ki, Şimali İrlandiya futboluna rəhbərlik edənlər bununla düzgün qərar qəbul ediblər. Bu müstəvidə də Avro-2016-nın seçmə qrup yarışları baş məşqçi Maykl O’nill üçün əsl sınaq meydanı oldu. Qrup mərhələsinin əvvəlində heç kim Şimali İrlandiya komandasını ciddi rəqib hesab etmir, onunla hesablaşmırdılar. Belə güman edilirdi ki, bu qrupdan Fransaya 2 vəsiqəni Rumıniya, Macarıstan və ya Yunanıstan qazanacaq. Şimali İrlandiyanın ən yaxşı halda qrupda Finlandiya ilə birlikdə 4-5-ci yerləri bölüşdürəcəyi proqnozlaşdırılmışdı. Lakin Maykl O’nillin komandası, belə demək mümkünsə, öz qrupunda möcüzəyə imza ataraq sensasiyaya səbəb oldu.

Alt-üst olan proqnozlar

Maykl O’nillin komandası Avro-2016-nın qrup mərhələsi çərçivəsində ilk oyununu 2014-cü il sentyabr ayının 7-də Budapeştdə Macarıstan yığması ilə keçirdi. Bu oyunda Macarıstanın qələbə çalacağı proqnozlaşdırılmışdı. Lakin gözlənildiyinin əksinə olaraq Şimali İrlandiya Macarıstana onun meydanında 2:1 hesabı ilə qalib gəldi. O vaxt əksər futbol mütəxəssisləri Maykl O’nillin komandasının uğurunu təsadüf və ya Macarıstanın oyununun alınmaması ilə izah etməyə başladılar. İkinci turda evdə qrupun ən zəif rəqibi Farer adaları üzərində 2:0 hesabı ilə qalib gələn irlandlar növbəti imtahanı Afinada güclü Yunanıstan komandası ilə görüşdə verməli oldular. Bu oyunda yenə də Şimali İrlandiya iradə göstərərək rəqiblərini 2:0 hesabı ilə məğlub etdi və 3 oyundan maksimum 9 xal topladı. Yenə də irlandların qələbəsi onların yaxşı oyun sərgiləmələrindən daha çox yunanların zəif oyun nümayiş etdirməsi ilə izah edildi. 4-cü turda Rumıniya öz meydanında Şimali İrlandiya üzərində qələbə çalaraq ona qrup mərhələsində ilk məğlubiyyət yaşatdı. O vaxt dərhal Avropanın idman nəşrlərində Şimali İrlandiyanın bundan sonra ulduzunun batacağı, onun qələbələrinin təsadüfi olduğu barədə müxtəlif yazılar getdi. Amma 5-ci turda öz meydanında Finlandiyanı 2:1 hesabı ilə məğlub edən Şimali İrlandiya ilk 3 turda qazandığı qələbələrin təsadüfi olmadığını və Avro-2016-ya bu qrupdan vəsiqə qazanmağa əsas namizədlərdən biri olduğunu sübut etdi. Beləliklə, ilk oyunlardan inamla turnir cədvəlinə başçılıq edən Şimali İrlandiya növbəti turlarda öz meydanında Rumıniya ilə heç-heçə (0:0) oynadı, sonra isə Farer adalarına 3:1 hesabı ilə qalib gəldi. Bununla da Şimali İrlandiyanın Avro-2016-ya vəsiqə qazanacaq komanda olacağı artıq şübhə doğurmamağa başladı. 8-ci turda öz meydanında Macarıstanla 1:1 oynayan Maykl O’nillin komandası 9-cu turda Yunanıstan üzərində 3:1 hesabı ilə qalib gəlməklə faktiki olaraq Fransaya vəsiqəni təmin etmiş oldu. 10-cu turda Finlandiya ilə rəqib meydanında 1:1 bərabərə qalan Şimali İrlandiya 21 xal toplayaraq öz qrupunda (F) birinci yeri tudu. Şimali İrlandiya komandası 10 oyunda rəqib qapılarından qrupdakı digər komandalardan daha çox, 16 top keçirib, öz qapısından isə cəmi 8-ni buraxıb. Maykl O’nillin komandası qrupda hamıdan çox, 6 qələbə qazanmış, 3 oyunda heç-heçə etmiş, yalnız bir oyunda, 20 xalla ikinci yeri tutaraq Avro-2016-ya vəsiqə qazanan Rumıniyaya məğlub olub. Bir sözlə, Şimali İrlandiya komandası bununla öz tarixində ən böyük uğuruna imza ataraq mümkün olmayan bir şeyi mümkün etməyi bacardı. Şimali İrlandiyanın Avro-2016-ya vəsiqə qazanmasında böyük rolu olan Maykl O’nill UEFA-nın saytına verdiyi son müsahibəsində belə deyib: “Biz Fransaya vəsiqəni gözəl oyunla qazandıq və bütün oyunçularımızın bu işdə böyük əməyi oldu. Komandamız Fransada da yaxşı oyun nümayiş etdirərək qazandığımız bu uğurun təsadüfi deyil, qanunauyğunluq olduğunu sübut etməyə çalışacaq. Biz Fransada ən güclü komandalarla bərabər səviyyədə oynamaq, ən azından 8, hətta 4 ən güclü komanda sırasına yüksəlmək niyyətindəyik və bunu bacaracağımza əminəm”.

Bizə də elə gəlir ki, Şimali İrlandiya komandası qrup mərhələsində göstədiyi oyunu Avro-206-da Fransada nümayiş etdirə biləcəyi təqdirdə Maykl O’nillin komandası daha böyük uğurlara imza ataraq onun dediyi kimi ən azından 8 komanda sırasına yüksəlməyi bacaracaq.

Əziz Msustafa