çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Bir nəhəngin keşməkeşli yolları

01.07.2016 13:41 Oxundu 475

İtaliyanın ən tanınmış klublarından biri “Yuventus”dur. Bu yazımızda sizə məhz “Yuventus”dan bəhs edəcəyik.

1897-ci ildə lisey tələbələri tərəfindən qurulan klub 1926-ci ildə FİAT-ın da sahibi olan Anyelli ailəsinin nəzarətinə keçib. 1931-ci ildən başlayaraq 5 il üst-üstə çempionluq əldə edib. Əfsanəvi Şirea Qaetano, Dino Zoff, Mişel Platini, Antonio Kabrini, Marko Tardelli, Paolo Rossi, Boniek ve Covanni Trapattoninin dönəmində möhtəşəm heyət quraraq Avropanın 3 böyük kubokunu qazanan ilk komanda kimi tarixə düşüb.

Bir qədər keçmişə qayıtsaq, 1935-ci ilin “Yuventus”un tarixinə qara hərflərlə yazıldığını görərik. Həmin il iyulun 14-də klub prezidenti Eduardo Anyelli Genuyada təyyarə qəzasında həlak oldu. Bu hadisə eyni zamanda Çezari və Ferrarinin komandanı tərk etməsi kluba güclü təsir edi. Həmin 1935-1936-ci il mövsümündə klub yalnız 5-ci yeri tutdu. Müharibə illərində “Yuventus” klub prezidenti Petro Duzio sayəsində məcbur olaraq adını “Yuve-Çizitaliya” qoydu. Ancaq 1946-cı ildə sülh bərqərar olduqdan sonra klub öz tarixi adını yenidən geri qaytardı. “Yuventus”un müharibədən sonrakı ilk uğuru 1950-ci ilə təsadüf etdi. Belə ki, “Yuve” çempionatda vurduğu 100 qolla nəticə etibarilə böyük uğura imza atdı. Həmin il klubda danimarkalılar Con Hansen və Karl Aaqe, həmçinin “Yuventus”un bütün dövrlər üçün 2-ci bombardiri Campyero Boniperti parladı. 1954-1955-ci il mövsümündə komanda 7-ci yeri tutmaqla iflasa uğradı ki, bundan sonra Canni Anyelli istefa verdi. Onun yerini 22 yaşında klubun tarixinə ən cavan prezident kimi düşən qardaşı Umberto tutdu. Onunla komandanın yeni qələbə dövrü başladı. 1966-1967-ci il mövsüm öncəsi “Yuventus” səhmdar cəmiyyəti oldu, mövsümün sonu isə “qoca sinyora” üçün möhtəşəm alındı. Klub sonuncu turda növbəti “Skudetto”nu qazandı. 13 iyul 1973-cü ildə “Yuventus”da yeni prezident - Canpyero Boniperti peyda oldu. Onun gəlişi ilə çiçəklənmə dövrü başladı. İlk idarəçilik qərarı məşqçilik postuna vəfat etmiş Armando Pikkinin yerinə klubun keçmiş oyunçusu Çestmira Viçpalekanın gətirilməsi oldu. Bu qərar özünü doğrultdu, klub Viçpaleka, Şirea Qaetano, Roberto Betteqa və Fabio Kapello ilə birlikdə çempion oldu. Sonrakı illərdə isə Zinəddin Zidan, Pavel Nedved, Alen Bokşiç, Canluici Vialli, Kristian Vyeri, Alessandro del Pyero, Andrea Pirlo kimi futbolçular klubun şanlı tarixinə adlarını yazdırdılar.

Qara il

”Yuventus”un tarixinə qara hərflərlə yazılan 2006-ci il indiyə qədər klub azarkeşlərinin yaddaşından silinmir. Belə ki, həmin il komanda çempion olur, lakin mövsüm başa çatdıqdan sonra A seriyasında oyun alqı-satqıları ilə bağlı mülahizələr ortaya çıxır. Araşdırmalar daha ciddi məqamları üzə çıxarır və məlum olur ki, bir çox oyunların nəticələri öncədən tərəflər arasında razılaşdırılıb ki, bunların da başında məhz çempion “Yuventus” dayanıb. Təkcə bir faktı deyək ki, Turin klubu 34 çempionat oyunundan 18-ni pulla almaqla çempion adına yiyələnmişdi. Təbii ki, bütün bunlar sübuta yetirilincə, “Yuve” 2004-05 və 2005-06 mövsümlərində qazandığı çempionluqlardan məhrum olunur və B seriyasına göndərilir. Özü də aşağı liqada Turin klubu mübarizəyə -30 xalla başlayır. Həmin vaxt çox futbolçular klubu tərk edərək B seriyasında oynamaqdan imtina etsələr də, Canluici Buffon, Alessandro del Pyero, Mario Kamoranezi, Pavel Nedved və David Trezege kimi ulduzlar qalmağa qərar verirlər və bununla da futbolsevərlərin gözündə xeyli yüksəlirlər. Turin klubu isə bir mövsüm sonra yenidən A seriyasına qayıdır.

Vəziyyətdən çıxış

”Yuventus” uzun müddət keçmiş günlərinin axtarışında oldu. Düzdür, Turin klubu B seriyasındakı dönüşündən sonra toparlanaraq, yenidən Çempionlar Liqasına dönməyi bacardı. Ancaq razılaşaq ki, əvvəlki “Yuventus”a çatmaq üçün “qoca sinyora” çox tər tökməli oldu. Klubun sadiq azarkeşləri bir anlıq 1995-97-ci illəri xatırlasınlar. Həmin vaxt turinlilər sadəcə, yenilməz idilər. Belə deyək, bu gün “Barselona” necədirsə, həmin illərdə də “Yuventus” o cür idi. Heyətində Alessandro del Pyero, Kristian Vyeri, Alen Bokşiç, Didye Deşam kimi ulduzların yer aldığı komanda qarşısıalınmaz görünürdü. 1995-ci ildə qazanılan İtaliya çempionluğu, 1996-cı ildə isə əldə edilən Çempionlar Liqası Kuboku da bunun bariz nümunəsidir. Bu ona işarə idi ki, “Yuve” istənilən çətin vəziyyətdən çıxmağı bacara bilər.

105 milyon avroluq hədiyyə

”Yuventus” rəhbərliyi 2008-ci ildə “SportFive” şirkəti ilə müqavilə bağlamaqla, komanda üçün yeni stadion inşa etmək planını həyata keçirmək baxımından ilk addım atdı. Yeni idman qurğusunu inşa edən bu şirkət stadionun media hüquqlarını əldə etmişdi. Maraq üçün qeyd edək ki, “SportFive” bu hüquqdan 2023-cü ilə qədər yararlanacaq. Üç il aparılan inşaat işləri 41 min tamaşaçını qoynuna almaq gücündə olan arenanın ərsəyə gəlməsi ilə nəticələnmişdi. İnşaat işlərinə 105 milyon avro sərf edilib. “Yuventus Arena” adlandırılan stadion UEFA-nın qiymətləndirməsinə görə 5 ulduza layiq görülüb. “Yuve” bosları yeni arenanın açılış mərasimindən sonra nəzərdə tutulan yoldaşlıq matçı üçün “Notts Kaunti”dən olan həmkarlarına dəvət göndərmişdi. İngiltərə təmsilçisi turinlilərin dəvətini məmnuniyyətlə qəbul etmişdi. Məsələ ondadır ki, bu klubları bir-birinə bağlayan çox ciddi amil var: “Yuve”nin məşhur ağ-qara zolaqlı forması uzun illər əvvəl məhz “Notts Kaunti”nin geydiyi futbolka ilə eynidir. Başqa sözlə, Turin klubunun keçmiş rəhbərliyi hədiyyə kimi ingilislərdən aldığı formanı çox bəyəndiyindən, onu “Yuventus”un yeni futbolkası kimi qəbul etmişdi. “Yuve”nin yeni stadionu ilə bağlı çox önəmli məqamı da vurğulayaq. Bu, İtaliyada sırf kluba məxsus olan ilk arenadır. Başqa sözlə, turinlilər bu baxımdan ölkə futbolu tarixinə düşüblər. Rəhbərliyin çox yüksək səviyyədə təşkil etdiyi açılış mərasimini görməyə dəyərdi. Sanki hansısa klubun yeni stadionu yox, ən nəhəng idman yarışı olan Olimpiya Oyunlarının başlamasını göstərən təntənəli tədbir təşkil edilmişdi. “Yuventus”un hazırkı və sabiq rəhbərləri, baş məşqçiləri və oyunçularının da göründüyü tədbirdə açılış lentini təbii ki, klubun prezidenti Andrea Anyelli kəsdi: “Nəhayət şəxsi stadiona malik olduğumuza görə çox sevinirik. Qeyd edim ki, bu ideya ilə bağlı ilk təkliflər hələ ötən əsrin 90-cı illərində səslənmişdi. Amma qəti qərar 2008-ci ildə çıxarıldı. Ən müasir tələblərə cavab verən stadionun İtaliya futbolu ilə bağlı təsəvvürləri dəyişəcəyinə ümidliyəm. Biz yeni arenamızla qürur duyuruq”. Yoldaşlıq matçına gəlincə, ev sahiblərinin ənənəvi ağ-qara formada meydana çıxdığını, “Notts Kaunti”nin oyunçularının isə mavi rəngli futbolkadan istifadə etdiyini bildirək. Maraqlı məqam kimi, Li Hyuzun hələ oyundan bir gün əvvəl jurnalistlərə çatdırdığı arzusuna da toxunaq. İngilis hücumçu “Yuve”nin yeni arenasında bu komandanın qapısına yol tapan ilk futbolçu kimi tarixə düşmək istədiyini söyləmişdi. 1:1 hesabı ilə başa çatan görüşdə ingilisləri 87-ci dəqiqədə məğlubiyyətdən məhz Hyuzun vurduğu qolun qurtardığını da xüsusi vurğulayaq. Turinlilərin qoluna 53-cü dəqiqədə imza atan Luka Toninin də bu baxımdan tarixə düşməsi qeyd edilməlidir.

Konte ilə gələn yüksəliş

2011-ci ilin yayında “Yuve” rəhbərliyi vaxtilə komandanın aparıcı oyunçularından olan Antonio Konteni baş məşqçi postuna gətirdi. Öncə əksəriyyət bu təyinatın uğurlu olacağına şübhə edirdi. Ancaq çempionatın bir neçə turunu izlədikdən və “Yuve”nin tədricən daha baxımlı futbol göstərdiyini gördükdən sonra Konteyə olan inamsızlıq aradan qalxmağa başladı. “Qoca sinyora” 2011-2012-ci il mövsümündə əvvəldən axıra kimi turnir cədvəlinin ön sıralarında qərarlaşdı və “Milan”la çempionluq mübarizəsi apardı. Nəhayət, yekunda sevinən tərəf Kontenin komandası oldu. Beləliklə, “Yuventus”a uzun fasilədən sonra Skudettonu sabiq oyunçusu qazandırdı. Konte 3 il qaldığı bu postda ardıcıl 3 çempionluq qazandırdı. Onu əvəz edən Massimiliano Alleqri də bu ənənəni davam etdirməyi bacardı. Ardıcıl 5-ci ildi ki, Skudettonu heç kimə verməyən turinlilər son iki mövsümü “qızıl dubl”la tamamladılar. Yeganə çatışmayan Çempionlar Liqasının kubokudur. Komanda 2014-15-ci il mövsümündə buna çox yaxın olsa da, finalda yollarını kəsən “Barselona” oldu. Ancaq bir həqiqət var ki, “Yuventus” əvvəlki əzəmətini artıq qaytarıb və bu gedişlə Çempionlar Liqasının qalibi olmaq üçün də çox gözləməyəcək.