05-29-2016 20:52:35
MEHEMMED-ÏÊ/rus3.yaz
”Real”ın müdafiəçisi Pepe “kral klubu”ndakı ilk illərində daha çox qaydasız döyüşçülərlə müqayisə olunurdu. Həm sərt baxışları, həm də qəddar oyunu ilə rəqib hücumçuların qorxulu röyasına çevrilmişdi. Təbii ki, heç bir forvard belə müdafiəçi ilə üzbəüz gəlmək istəməz. Artıq 9 ildir ki, “Real”ın əsas heyət üzvü olan portuqaliyalı kobudluğu ilə bir çoxlarının nifrətini qazansa da, döyüşkənliyi ilə komandasına kifayət qədər xeyir verib. Kənardan qorxulu görünən Pepe, görəsən şəxsi həyarında necədir?
Bu günlərdə Madrid təmsilçisi ilə ikinci dəfə Çempionlar Liqasının kubokunu qazanmış 33 yaşlı oyunçu final qarşılaşmasından öncə Portuqaliya mətbuatına şəxsi həyatı ilə bağlı maraqlı müsahibə verib. Maraqlı olacağını nəzərə alıb, həmin müsahibəni sizə təqdim edirik.
- Əsas müsbət xüsusiyyətin nədən ibarətdir?
- Dostluq etməyi bacarmaq, hər kəsə hörmətlə yanaşmaq, səbrli və ciddi olmaq. Sadaladığım bütün bu xüsusiyyətlərə əməl etməyə çalışıram. Yaddaşımda qalan xatirələri həmişə canlandıra bilirəm. Ona görə baş verən hər şeyə qiymət vermək lazımdır. Harada olduğumuzu unutmamalıyıq.
- Bəs çatışmazlığın?
- Özümə əmin ola bilmirəm. Heç vaxt özümdən razı qalmıram. Nə etmək lazım olduğunu bilsəm də, ehtiyat edirəm ki, birdən yaxşı alınmaz. Əslində istədiyimdən də uğurlu nəticə verirəm. Amma istənilən halda məndə özünəəminlik yoxdur.
- Sonuncu dəfə oxuduğun kitab hansıdır?
- Paulo Koelyonun “Zair” kitabı olub. Axır vaxtlar oxuduğum kitablar əsasən veloidmana aid olur. Həyat yoldaşım mənə Lens Armstronqun tərcümeyi-halı olan kitabını hədiyyə edib. Hansı ki, orada idmançının sağlamlığı, onun möhkəmliyə davamı və enerjinin səmərəli sərf olunmasına aid böyük məlumatlar var. Kitab çox xoşuma gəldi. Çünki o, bir daha başa saldı ki, mən qarşıma qoyduğum məqsədə nail olmaq üçün sona qədər mübarizə aparmalıyam.
- Hansı rəqsi xoşlayırsan - “Samba”, yoxsa “Fada”?
- Hər ikisi ayrı-ayrı mədəniyyətin nümunəsidir. Hərəsinin özünəməxsus ritmi var. Adətən “Samba” üslublu musiqilərə üstünlük verirlər. Amma mən bir neçə “Fada” musiqisini də bəyənirəm. Ona görə də konkret seçim etmək çətindir. Hər halda ikisini də seçirəm.
”Məndə qətiyyən hövsələ yoxdur”
- Sevdiyin film hansıdır?
- İki kino mənim üçün böyük əhəmiyyət daşıyır. Bunlar Denzel Vaşinqtonun “Con Kyu” və Kub Qudinqin “İnsanın şərəfi” filmləridir. Hər ikisini çox bəyənirəm və imkan düşən kimi baxıram.
- Futbolçuların əksəriyyətinin xoşlamadığı vərdiş alış-veriş etməkdir. Bəs sən necə, mağazaya tez-tez gedirsən?
- Əlbəttə, həmişə nəsə lazım olan kimi supermarketə üz tuturam. Mən sadə insanam. Doğrudur, hərdən Madridin ticarət mərkəzlərini gəzmək istəyirəm, amma alınmır. Çünki bunun üçün kifayət qədər səbrli olmalısan. Məndə qətiyyən hövsələ yoxdur. Amma yenə də şəhərə çıxanda rahat alış-veriş edirəm. İstəyən insanlara avtoqraf verirəm, kim istəyirsə, şəkil çəkdirirəm. Həyatın marağı elə bundadır. Ümumiyyətlə, qapalı insan deyiləm, çalışıram ki, insanlarla mümkün qədər çox münasibətdə olum.
- Madriddə metrodan çox istifadə edirsən, ya avtobusdan?
- Xeyr, metrodan istifadə etməkdən xoşum gəlmir. Ümumiyyətlə, Portuqaliyadan gələndən sonra ümumi nəqliyyatdan az istifadə edirəm. Belədə özümü daha rahat hiss edirəm.
- Boş vaxtın çox olur?
- Aradabir. Amma nə yaxşı ki, internet var. Yoxsa başımı nə ilə qarışdıracağımı bilmərəm. Hərdən dostlarımla əlaqə saxlayır, onların əhvalını soruşuram.
- Əgər futbolçu olmasaydın, hansı sənəti seçərdin?
- Atamın sevimli sənəti avtomexanikdir və istəyirdi ki, yolunu davam etdirim. Elə mənim də həvəsim var idi. Atamın işinə baxmaqdan daim zövq almışam. Ondan sonra universitetdə fizioterapeyanı öyrənməyə başladım. Ancaq həmin ərəfədə futbolla da məşğul olurdum və iki işlə eyni zamanda məşğul olmağa vaxt çatdıra bilmirdim.
- Sonuncu dəfə futbola görə nə vaxt ağlamısan?
- Ağlamamışam, bununla belə, həddinddən artıq məyus olmuşam. Böyük turnirlərdə mübarizəni erkən dayandıranda mənim üçün böyük zərbə olur. Belə vaxtlarda bir neçə gün özümə gələ bilmirəm.
- Sevimli yeməyin hansıdır?
- Sayı-hesabı yoxdur. Deyəsən, bəyənmədiyim yemək yoxdur (gülür). Yoldaşım ət yeməklərini bəyənir. Mən isə pendirdən ötrü ölürəm.
”... üstünlüyü Kriştianu Ronaldoya verirəm”
- Hansı daha güclüdür - Kriştianu Ronaldo, yoxsa Lionel Messi?
- Mən üstünlüyü Kriştianu Ronaldoya verirəm.
- Həmyerlin olduğu üçün?
- Xeyr. Sadəcə, onunla bir komandada oynayıram və nəyə qadir olduğunu çox gözəl bilirəm. Düzdür, mənim üçün Messi də dahi futbolçudur. Ancaq istənilən halda Ronaldodan sonra. Kriştianu həm də insan kimi xoş sözlərə layiqdir. O, mülayim, səmimi, istiqanlı oğlandır.
- Ampluaca müdafiəçisən. Nəyə görə məhz bu mövqedə oynamaq istəmisən?
- Futbol oynamağa başlayanda hücumçu funksiyasını yerinə yetirirdim. Sonralar yavaş-yavaş geri çəkildim. Hücumda oynamaq mənim üçün darıxdırıcı idi. Çünki topa həsrət qalırdım. Ona görə geriyə qayıtmaq qərarına gəldim. Ardınca bir mövsüm yarmmüdafiəçi kimi çıxış etmişəm. Yekun seçimim isə mərkəz müdafiəçisi oldu.
- Səni “Pepinyo” çağıranda xoşuna gəlir?
- Onsuz da Braziliyada məni belə çağırırlar. Uşaq olanda bir neçə adım olub - “Papi”, “Pepinyo”, “Pepon”, “Papinyo”. Atam isə mənə sadəcə, “Kepler” deyirdi. Sonralar hamı əsasən, “Pepinyo” kimi tanımağa başladı. Peşəkar karyerama başlayanda artıq böyümüş, təcrübəli futbolçu olmuş və güclənmişdim. Ona görə əvvəlki kimi “Pepinyo” deyilməsi bir qədər yaxşı alınmırdı. Çünki bu, əsasən, uşağa oxşayır. “Pepon” da deyən var idi, amma qəti xoşuma gəlmirdi. Qərar verdim ki, “Pepe” hamısından yaxşıdır.
”Başıma nəzarət etmək üçün xüsusi maşın almışam”
- Bəs nəyə görə bütün komanda yoldaşların səni “Papi” deyə çağırır?
- Madridə gələndən sonra bu adı Serxio Ramosla ünsiyyətdə olanda işlədirdim. Onunla bir otaqda qalırdıq. Ona görə hamının ağzında da “Papi” qalmışdı.
- Hansı futbolçular səni daha çox məyus edib?
- Quti və Ronaldo. Hər ikisi ekstravaqant futbolçu idi. Amma Ronaldinyo, Robinyo, Messi və Eto'O da mənim qənimim idi.
- Yəqin ki, “Real”ın tarixi ilə yaxından maraqlanmısan. Ən çox bəyəndiyin futbolçu kimdir?
- Hücumçu Santilyana məni valeh edib. Başı ilə xeyli qol vurub. Vurduğu qolların bir neçəsinin videoyazısına baxmışam.
- Hansı hadisəyə görə saç uzatmaq qərarına gələ bilərsən?
- Heç nəyə görə saç uzatmaram. Səhərlər başıma nəzarət etmək üçün xüsusi maşın almışam. Yəni imkan vermirəm ki, az da olsa, saçım olsun. Çünki özümü belə daha rahat hiss edirəm.
- Səncə, “Real”a yeni futbolçular lazımdırmı?
- Məncə, heyətdə güclü və istedadlı futbolçular kifayət qədərdir. Ancaq əlavə futbolçular alınsa, işimiz daha rahat olar.