çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

“Platini ilə bağlı qəbul edilən qərardan çox məyus oldum”

17.05.2016 13:08 Oxundu 1988

FİFA-nın prezidenti Canni İnfantino Lozannadakı Arbitraj məhkəməsinin UEFA-nın keçmiş prezidenti Mişel Platini ilə bağlı çıxardığı qərardan təəssüf hissi keçirdiyni söyləyib. İnfantino: “Platini ilə bağlı qəbul edilən qərardan çox məyus oldum. Lakin eyni zamanda mən Arbitraj məhkəməsinin qərarlarına da hörmət etməyi bacarıram. Mən Platini ilə 9 ildən çox bir yerdə işləmişəm. O, UEFA prezidenti kimi futbolun inkişafı üçün çox işlər görüb. Bunu heç vaxt yarddan çıxarmaq olmaz”, – deyib. İnfantino hələlik Platini ilə görüşmədiyini də öz sözlərinə əlavə edib.

İnfantino həmçinin 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı məsələyə də toxunub. O deyib ki, 2015-ci ildə növbəti dünya çempionatının keçiriləcəyi ölkə ilə bağlı ərizələr qəbul edilməli idi: “FİFA-da baş verən məlum hadisələr nəticəsində 2026-cı ildə dünya çempionatının hansı ölkədə keçirilməsi ilə bağlı ərizələrin qəbul edilməsi mümkün olmadı. Amma biz mayın 11-də ərizə qəbulu ilə bağlı məsələni müzakirəyə çıxararaq yekun qərar qəbul edəcəyik. Bu qərar mayın 13-də keçiriləcək FİFA konqresində təsdiq ediləcək”.

Onu da deyək ki, İnfantino bu ilin fevral ayının 26-də İsveçrənin Sürix şəhərində FİFA prezdentliyi uğrunda keçirilən seçkilərin ikinci turunda qalib gələrək bu quruma rəhbərlik etməyə başlayıb.

Xatırladaq ki, 45 yaşlı İtaliya mənşəli İnfantino həm də erməni kökənlidir. İnfantino Friburq universitetində hüquq təhsili alıb. O ingilis, ispan, alman, fransız, italyan və ərəb dillərində sərbəst danışır. İnfantino 2000-ci ilə kimi Beynəlxalq İdman Tədqiqatları Mərkəzində baş katib işləyib. Sonra o, UEFA-da hüquqi və kommersiya məsələlərinə baxan universal mütəxəssis vəzifəsinə təyin edilib. 2004-cü ildə isə İnfantino futbol klublarına lisenziya verilməsi üzrə şöbəyə rəhbər vəzifəsinə irəli çəkilib.

İnfantino bununla belə futbolda təsadüfi adam hesab edilir. Hüquqşünas təhsilli bu adam kiminsə yardımı ilə bu sahəyə gəlib və sonra onun vəzifə kürsüsündə gözlənilməz irəliləyişləri davam edib. 2009-cu ildə İnfantino UEFA-nın Baş katibi vəzifəsinə təyin edilib və o eyni zamanda vitse-prezident vəzifəsini də həyata keçirməyə başlayıb.

İnfantinonun özünün də korrupsiyaya bulaşdığı barədə müxtəlif söhbətlər gəzir…