1219
”Mançester Yunayted”də baş məşqçi Lui van Qalın köməkçisi olan Rayan Giqqz bu klubun əfsanəvi oyunçuları arasındadır. Peşəkar futbolçu karyerası ərzində yalnız “qırmızı şeytanlar”ın formasını geyinmiş (1990-2014) Uels yığmasının sabiq kapitanı “Mançester Yunayted”in heyətində 913 oyun keçirib ki, bu da klub tarixinin rekord göstəricisidir. Yerli mətbuata maraqlı müsahibə verən Giqqz karyerasının ən yaddaqalan anlarından bəhs edib, xüsusən də futbolçu dövrünün ilk illərini xatırlayıb. Maraqlı olacağını nəzərə alıb, 42 yaşlı mütəxəssisin monoloqunu sizə təqdim edirik.
Derbidə debüt
”Bu komandanın heyətində ilk oyunumu Mançester derbisində keçirmişəm. Həmin matç 1990-1991-ci il mövsümündə aprel ayının 5-də baş tutmuşdu. Oyundan öncə çox həyəcanlı idim. Start heyətində meydançaya çıxacağımı gözləmirdim. Ehtiyatda oturacağımı düşünürdüm. Qarşılaşmadan yarım saat əvvəl məşqçi əsas heyəti açıqlayanda mənim də adımı çəkdi. Bir anlıq dondum. Oyuna çıxanda ayaqlarım tir-tir əsirdi. Komanda yoldaşlarım mənə ürək-dirək verəndən sonra bir az açılışdım. Start fiti səsləndikdən sonra isə həyəcandan əsər-əlamət qalmamışdı”.
Avtoqola bənzər qol
”Həmin oyunda vurulan yeganə qola imza atmağım məni çox sevindirirdi. Komanda yoldaşımın zərbəsindən sonra top qapıya daxil olacaqdı. Lakin təcrübəsizlikdən qapı xəttinin üzərindən topa toxundum və qol mənim adıma yazıldı. Ancaq sonradan başa düşdüm ki, bu daha çox avtoqola bənzəyir”.
Oyunsonrası təbriklər
”Qarşılaşmadan sonra ağlımda yeganə fikir var idi: evə tez gedim və bu qələbəni ailəmlə birlikdə qeyd edim. Bu mənim ilk oyunum olmaqla yanaşı, həm də ilk qolum idi. Tanıdım-tanımadım, hamı məni təbrik edirdi. Bütün gecəni dostlarımla əyləndim. Möhtəşəm başlanğıc idi”.
Fərqli geyim
”Çempionartın başa çatmasına bir tur qalmış çempionluğu təmin etmişdik. Buna görə də qeyri-adi bir şey etmək fikrində idim. Onda hamı məşqə idman forması ilə gedirdi. Pol İnslə ikimiz qərara aldıq ki, məşqə kostyum və qalstukla gedək. Mən bir az utansam da, bu, məşqçi və komanda yoldaşlarımın xoşuna gəldi”.
Ən gözəl qol
”Bləkbörn”lə matçın nəticəsindən asılı olmayaraq, çempionluğu təmin etmişdik. Oyundan daha çox kuboku düşünürdük. Unutmuşduq ki, istənilən görüşə qələbə əzmi ilə çıxmalısan. Buna görə də rəqib bizi ilk dəqiqələrdə cəzalandırdı. Lakin tezliklə özümüzə gəlib qələbə qazandıq. Cərimə zərbəsindən vurduğum bərabərlik qolu isə karyeramın ən gözəl qolu idi”.
”Yuventus” üzərində gözlənilməz qələbə
”1996-97-ci il mövsümündə Çempionlar Liqasında “Yuventus”la qarşılaşırdıq. O zaman qazanmağımız qələbəni möcüzəyə bərabər sayırdım. Çünki turinlilər 2-3 il idi ki, Avropanın ən güclüsü hesab edilirdilər. Rəqib tanımırdılar. Görüşün ilk dəqiqələrində öz-özümə sual verdim: görəsən, bu komanda ilə bacarmaq olarmı? Ancaq azarkeşlərimizin möhtəşəm dəstəyi ilə qələbə də qazandıq. Bununla sübut etdik ki, məğlubedilməz komanda yoxdur”.
Bəxtə gələn qol
”Həmin oyunda 2:1 hesabı ilə öndə ikən topu qəbul etdim. Rəqib müdafiəçilər ötürmə edəcəyimi düşündüklərindən zərbə vuracağımı gözləmirdilər. Mənim isə fikrimdə yalnız bir şey var idi: qapıya zərbə vurmaq. Zərbə zamanı bəxtim gətirdi ki, top qapıya tərəf gedərək qol oldu. Zidanın əlavə olunmuş dəqiqələrdə vurduğu qol isə yalnız fərqin minimuma enməsinə yardımçı oldu”.
Yersiz zədə
”Növbəti oyunda qol vurmağı çox istəyirdim. Ancaq dabanımdan zədələndim və matçı davam etdirə bilmədim. Zədə o qədər ciddi idi ki, həkim müayinəsindən əvvəl “Şeffild Uensdey”lə liqa oyununu və “Yuventus”la cavab qarşılaşmasını buraxacağımı hiss edirdim. Bu hadisə məni çox üzmüşdü”.
Gülməli qol sevinci
”Kubokun yarımfinalında “Arsenal”a qolu necə vurduğum yadımdan çıxmışdı. Elə hesab edirdim ki, qapıdan 30 metr aralıda iki müdafiəçini aldadıb uzaqdan zərbə vurmuşam. Ancaq evdə qolun təkrarına baxdıqda gördüm ki, mərkəzdən topu qəbul etmişəm və 4 futbolçunu geridə qoyub toru silkələmişəm. Qolun sevincini yaşadığım anı televiziyada gördükdə isə güldüm. Həmin zaman küncdəki tribunada olan bir neçə fanata tərəf qaçdım və aradakı tora dırmaşdım. Futbolçu qol vuranda nə etdiyini bilmir”.
Əzmkar qələbə
”Həmin matç mövsümün ən çətin oyunu idi. Hesabı biz açsaq da, Berqkamp bərabərliyi bərpa etdi. Tezliklə Roy Kin qırmızı vərəqə aldı. Peter Şmeyxell penaltini dəf etdi. Mənim qələbə qolum isə futbolçularda özünəinam hissi yaratdı”.
Unudulmaz gecə
”Bavariya” ilə ÇL-in final oyununda hesabda geridə olsaq da, heç tələsmirdim. Yalnız sona 5 dəqiqə qalmış məğlub durumda olduğumuzu hiss edib bütün qüvvəmi ortaya qoydum. Əlavə vaxtlarda iki künc zərbəsindən ötürülən top və iki qol bizə qələbə bəxş etdi. İkinci qolda topa düzgün toxuna bilmədim. Amma yaxşı ki, Şeringem yerə enən topu qola çevirdi. Həmin oyunu təkrar-təkrar izləsəm də, bezmədim”.
İnanılmaz qələbə
”İngiltərə Kubokunu qazanarkən sevincimi kimlə gəldi paylaşırdım. Amma “Bavariya” ilə matçın final fitindən sonra yerə uzandım. Çünki olanlara inanmırdım”.
Azarkeşlərə təşəkkür
”Əbəs yerə deməyiblər ki, futbol idmanın şahıdır. Çünki digər idman növlərində olan hərəkətlər futbolda cəmləşib. Mənim ən çox xoşlamadığım arxa planda olmaqdır. Bu məni çox həvəsdən salır. Həmişə ön planda olmağı xoşlamışam. Bunu bacardığıma da inanırdım. Buna görə azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm. Çünki onlar həmişə məni dəstəkləyiblər”.
Xəyal edilən 600 oyun
”Düzür, “Mançester Yunayted”ə gəldiyim ilk dövrlərdə 600 oyun səddini keçəcəyimi xəyal belə etmirdim. Çünki bu zirvəni əlçatmaz sayırdım. Bunda komandanın güclü olması da böyük rol oynadı. 17 yaşımdan burada çıxış etmişəm. 24 il bu komandanın şərəfini qorumuşam”.
Futbolun gözəllikləri
”Futbolçu gənc olanda böyüklərdən təcrübə toplamağa çalışır. Təcrübəlilər isə gənc yoldaşlarına bildiklərini öyrədirlər. Əla formada olanda insan özünü hamıdan güclü sayır. Zədələnəndə və ya formasını itirəndə isə əsas heyətə necə dönməyin yollarını axtarır. Bütün bunların hamısı futbolun gözəllikləridir”.
Gənclərə kömək
”Karyeramın ilk vaxtlarında komandanın heyətində cəmi 14-15 nəfər futbolçu var idi. Ancaq onların səviyyəsinə şübhə ola bilməzdi. Stiv Bryus, Mark Hyuz, Brayan Robson kimi ulduzlar mənim yaxşı futbolçu olmağımda böyük rol oynayıblar. Mən təcrübəli olanda isə Ueyn Runi, Kriştianu Ronaldo kimi gənclərin bizə ehtiyacları var idi. Bryusun, Hyuzun, Robsonun o vaxt bizə verdiklərini bu gənclərə öyrətməyə çalışırdıq”.
Məşqçi əməyi
”Mənim ulduz futbolçu kimi tanınmağımda ən böyük pay sahibi, təbii ki, o vaxtkı baş məşqçimiz ser Aleks Ferqyuson olub. Hələ 17 yaşım olanda o mənə futboldan əlavə çox şeylər öyrədirdi. O mənə mətbuatla necə davranmağı öyrədirdi. Yaxşı ki, Ferqyuson uzun illər bu klubu çalışdırıb. Əks təqdirdə mən, bəlkə də, karyeramı yalnız “Mançester Yunayted”də keçirmiş olmazdım”.