1670
Bu vaxtadək "Neftçi"nin heyətində 20-dən çox qapıçı çıxış edib. Şübhəsiz ki, bunlardan ən güclüsü Sergey Kramarenko olub.
Sergey Kramarenko 1946-cı il mayın 27-də Gəncədə anadan olub. 12 yaşında ikən "Toxucu" komandasında futbolla məşğul olmağa başlayıb. Bölmədəki digər uşaqlara nisbətən hündür boylu olduğu üçün məşqçi Yaqub İsmayılov ona qapıda dayanmağı məsləhət görüb. Həmişə qol vurmaq arzusunda olan Sergey məşqçinin sözündən çıxmayıb, dilxor halda qapıya tərəf yollanıb.
Sergey Kramarenkonun dediklərindən: "Doğrudan da, məşqçi mənə qapını qorumağı tapşıranda bərk dilxor olmuşdum. Həmişə məhəllədə oynayanda hücum xəttindən çıxış edərdim, qol vurmağa çalışardım. Pis də alınmırdı. Lakin məşqçinin sözündən çıxmadım. Çox çəkmədi ki, dilxor olmağım da çəkilib getdi. Əgər məhəllədə oynayanda qol vurmaq arzusunda olurdumsa, indi isə qol buraxmamağa çalışırdım".
Onu "Neftyanik"ə gətirən yol
Bir neçə məşqdən sonra Sergey öz akrobatik tullanışları, çevik və cəldliyi ilə hamını heyran edir. Məşqçi Yaqub İsmayılov bunları görüb sevinir. Elə bil o, Sergeyin gözəl bir qolkiper olacağını qabaqcadan hiss etmişdi. Ondakı bu keyfiyyətləri nəzərə alaraq SSRİ-nin yeniyetmələrdən ibarət seçmə komandasının təlim-məşq toplanışlarına dəvət edirlər. Lakin yarışlara gedəndə isə Sergeyi moskvalı futbolçularla əvəz edirlər. Sergeyin dediynə görə, buna rəğmən həmin toplanışlar onun xeyrinə olur. Sergey 16 yaşında ikən Gəncənin "Dinamo" komandasına dəvət olunur.
1964-cü ildə İtaliyada gənclər arasında beynəlxalq "San-Rembo" kuboku uğrunda turnirə Moskvanın "Spartak" komandası da dəvət alır. "Spartak"ın rəhbərliyi öz komandasını gücləndirmək məqsədi ilə Azərbaycanın üç futbolçusu - Sergey Kramarenko, Anatoli Banişevski və Viktor Zabrodini də İtaliyaya aparır. Turnir spartakçıların qələbəsi ilə nəticələnir. Turnirdən qayıdan kimi Sergey Kramarenko "Neftyanik"ə qəbul edilir. Həmin mövsümdə bu komandanın Vladimir Kosenkov, Vyaçeslav Şexov və Zahid Hüseynov kimi təcrübəli qapıçıları var idi.
Əhməd Ələsgərov meydana Sergiyi buraxır
Sergey Kramarenko "Neftyanik"in heyətində ilk oyununu iyunun 27-də Kişinyovda keçirir. Yerli "Moldova" klubu oyunun 54-cü dəqiqəsində ikinci topu "Neftyanik"in qapısına vurduqdan sonra Sergey Kramarenko Şexovu əvəz edir. Həmin hesab oyunun sonunadək dəyişmir. Özü müsahibəsində meydana ilk dəfə çıxdığı zaman həyəcan keçirdiyini dilə gətirir. Düz dörd aydan sonra, daha doğrusu, oktyabrın 15-də Tiflisdə keçirilən oyunda da Sergey Kramarenko Şexovu əvəz edir. Bu əvəzetmə Şexovun 60-cı dəqiqədə rəqibin - "Dinamoçu" Datunaşvilinin künc zərbəsindən vurduğu topu qapıdan buraxması ilə bağlı olur. Odur ki, məşqçi Əhməd Ələsgərov meydana Sergiyi buraxır. (Həmin oyun 4:3 hesabı ilə yerli dinamoçuların xeyrinə başa çatıb).
Həmin mövsümdə Sergey Kramarenko "Neftyanik"in heyətində cəmi dörd oyun keçirir.

1970-ci il. Soldan: Yaşar Babayev, Vladimir Bruxti, Sergey Kramarenko, Boris Xetaqurov, Ruslan Abdullayev
Birinci onluqda
Ümumiyyətlə, Sergey Kramarenko SSRİ çempionatından "Neftçi"nin heyətində 286 oyun keçirən futbolçudur. Bundan əlavə, o, 1982/83-cü illər mövsümündə Əhməd Ələsgərovun baş məşqçi işlədiyi Odessanın "Çernomorets" komandasının qapısını da qoruyur. Sergey Kramarenko "Lev Yaşin klubu"nun üzvüdür. O keçirdiyi oyunların 116-da qapısından qol buraxmayıb. Bu nəticəyə görə Sergey SSRİ-nin bir çox güclü qapıçılarını geridə qoyaraq birinci onluğa daxil edilir. Yeri gəlmişkən, bir məqamı da vurğulayaq: 1971-ci ildə Rostov OİK-i ilə səfər görüşündə hakimi vurduğuna görə il yarım futboldan uzaqlaşdırılır. O vaxt sovet futbolunun başbilənləri onu futboldan ümumiyyətlə ömürlük uzaqlaşdırmaq istəyirlər. Amma məsələyə ümummilli lider Heydər Əliyev müdaxilə edir və buna imkan vermir.
Futboldan... restorana
1984-cü ilin sonunda Sergey Kramarenko daim özü ilə gəzdirdiyi onun üçün əziz olan əlcəklər çıxarır, onları evdə mötəbər yerə qoyur. Lakin böyük futbolla vidalaşmır. Futbolçu həyatın başa vuran Sergey Kramarenko məşqçilik fəaliyyətinə başlayır. O, Gəncənin "Kəpəz", Lənkəranın "Xəzər", Qazaxın "Göyəzən", Bakının "Neftçi" və Tovuzun "Turan" komandalarında çalışır. Amma məşqçilikdə Sergeyin bəxti gətirmir. Daha doğrusu, məşqçilik karyerası futbolçu kimi parlaq da olmur. Bir müddət sonra o, Moskvaya köçür. Burada "Neftçi"nin keçmiş oyunçusu, həmyerlimiz Vladimi Mixaylevski ona yardımçı olur. Sergey Moskva metropolitenin “Dinamo” stansiyası yaxınlığında kiçik bir kafedə işləməyə başlayır. Sergey Sergeyeviçdə diqqətimi çəkən keyfiyyətlərdən biri də azərbaycanca çox səlis danışması idi. Əslən Gəncədən olan Kramarenko uzun müddət vətəndən kənarda qalsa da, Azərbaycan dilini əsla unutmur.
Bakı həsrəti
2006-cı ildə SSRİ çempionatında "Neftyanik"in bürünc medal almasının 40 illiyi münasibətilə Bakıda keçirilən tədbirdə Sergey Kramarenko da dəvət edilir (1966-cı ildə "Neftyanik"in bürünc medal qazanmış 12 oyunçusundan biri Sergey Kramarenko olub. Təbii ki, Sergey Sergeyeviçin "Neftçi"də ən böyük uğuru məhz 1966-cı ildə olub. Həmin il onun cəmi 20 yaşı olsa da, komandanın əsas qapıçısı idi). O, Bakıda olarkən daha Moskvada qala bilmədiyini söyləyir. Odur ki yenidən Bakıya qayıtmaq arzusunda olduğunu dilə gətirir.
...Onun yenidən Bakıya qayıdacağını gözləyən dostları 2008-ci il martında Moskvadan Sergey Kramarenkonun ölüm xəbərini eşidirlər. O, ürək çatışmazlığından vəfat edir. O, elə Moskvada dəfn olunur. Bu xəbər Azərbaycanın bütün futbol sevərlərini sarsıdır. Onlar Bakıda yaşayan oğlu Dmitri Kramarenkoya başsağlığı verirlər.
Yeri gəlmişkən onu da qeyd edək ki, Dmitri artıq futbolçu karyerasını bitirib və məşqçiliyə başlayıb. O da doğma "Neftçi"dədir və qapıçılarla çalışır.
Abas Əzimov, Əməkdar jurnalist