1550
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bir neçə ölkənin quruma üzvlüyünü dayandırmaq niyyətindədir. Qurumun prezidenti Tamaş Ayan Rusiya, Qazaxıstan və Belarus yığmalarını sərt cəzanın gözlədiyini bildirmişdi. Rusiya Ağırlıqqaldırma Federasiyasının prezidenti əvəzi Maksim Aqapitov artıq bu məsələyə münasibət bildirib. O, hazırkı məqamda hansısa sanksiyanın gözlənilən olmadığını deyib: “İlin sonuna kimi heç bir ölkə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından kənarlaşdırılmayacaq. Buna əmin ola bilərsiniz. Çünki məsələyə İdman Arbitraj Məhkəməsi və Beynəlxalq Olimpiya Komitəsi qiymət verməlidir. Yalnız təşkilatlarla məsləhətləşmələrdən sonra hər hansı bir qərar açıqlanacaq. Xüsusi diqqət dopinqlə mübarizəyə ayrılacaq. Belə gözləmə mövqeyində təkcə Rusiya deyil, ümumilikdə 9 ölkə taleyi ilə bağlı qərar gözləməkdədir. Onlar arasında Qazaxıstan, Çin və başqaları da var”.
Qeyd edək ki, ağırlıqqaldırmada baş verən dopinq qalmaqalları ucbatından Rusiya, Azərbaycan və Bolqarıstan kimi yığmalar Rio-2016 Yay Olimpiya Oyunlarına buraxılmamışdı. Azərbaycan millisinin bu aqibətlə üzləşməsini və idmançılarımızın bir neçə dəfə dopinqdə ilişmələrini nəzərə alsaq, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbəti dəfə cəzalandırılma ehtimalının yüksək olduğunu görərik.