1806
Azərbaycan millisi yeni rekorda imza atıb. Yığmamız FİFA reytinqi tarixində ən böyük irəliləyişinə nail olub. Belə ki, bu gün açıqlanan siyahıda komandamız 45 pillə irəliləyib. Ötən ay dünyanın 133-cüsü olan Robert Prosineçkinin yetirmələri 88-ci yerə qədər sıçrayıb. 45 pilləlik addıma yığmanın DÇ-2018-in seçmə mərhələsinin son iki matçındakı uğurları səbəb olub. Bakıda Norveçi 1:0 hesabı ilə yenib, səfərdə Çexiya ilə qolsuz heç-heçə edən millimiz xal hesabını 252-dən 404-ə çatdırıb. Bu 152 xallıq qazanc mövqeyimizin 45 pillə yaxşılaşması ilə nəticələnib.
Millimiz 1994-cü ilin iyunundan daxil olduğu FİFA reytinqində bunadək ən yaxşı halda 24 pillə irəliləmişdi. Cəmi 18 ay öncə Prosineçkinin yetirmələri 24 pillə artırmışdı. Həmin vaxt 139-dan 115-dək irəliləmişik.
Bu, 2015-ci ilin aprel reytinqində qeydə alınmışdı. 2007-ci ilin aprelində isə 20 pilləlik inkişafımız yaşanıb. 9 il öncə yığmamız 123-ü 103-ə dəyişib.
Maraqlıdı ki, bu dəfəki sıçrayış həmin iki göstəricinin cəmindən də yaxşıdı.