bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

II Avropa Oyunları Belarusda keçiriləcək

21.10.2016 12:00 Oxundu 1963

2019-cu ildə keçiriləcək II Avropa Oyunlarına Belarusun paytaxtı Minsk ev sahibliyi edəcək. Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında 50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edən Janez Kosijancic ilə görüşdə deyib: “Biz sizinlə tarixi qərar qəbul etdik və 2019-cu ildə bu Oyunlarda Avropa idmançılarını bir yerə yığacağıq”, - deyə Aleksandr Lukaşenko bildirib. O, həmçinin deyib ki, Belarusda neçə idman növü üzrə yarışların keçiriləcəyi ilə bağlı qərar qəbul etmək üçün tələsmək lazım deyil: “Mən burada mümkün qədər çox idmançının iştirak etməsinin tərəfdarıyam. Bu, onların bayramıdır”.

Prezident həmçinin deyib: “Oyunların təşkilində Azərbaycanın təcrübəsindən istifadə etmək bizim üçün çox vacibdir. Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, Azərbaycanı ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda keçirilib.