çərşənbə axşamı, 30 aprel 2024

BİZİM FUTBOL

AFFA rəhbərliyi Torresin vəfatı ilə əlaqədar başsağlığı verib

26.10.2016 10:41 Oxundu 1678

AFFA rəhbərliyi Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar başsağlığı verib. Qurumun rəsmi saytında yerləşdirilən başsağlığında deyilir: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi Azərbaycan milli komandasının sabiq baş məşqçisi, braziliyalı futbol mütəxəssisi Karlos Alberto Torresin vəfatından kədərləndiyini bildirir, ölkə futbol ictimaiyyəti adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Karlos Alberto Torres ötən gün 72 yaşında ürək tutmasından vəfat edib.

O, 1970-ci ildə dünya çempionu adını qazanan Braziliyanın milli komandasının kapitanı olub. Torres milli komandada 53 dəfə forma geyib. 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi olan Torres yığmamızın tarixinə ilk əcnəbi çalışdırıcı kimi düşüb. Yığma komandamız onun rəhbərliyi ilə keçirdiyi 18 oyunda 2 qələbə qazanıb, 6 heç-heçə edib. Komandamız 10 dəfə meydandan məğlub ayrılıb.

Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliya futbolunda üç günlük matəm elan olunub. Vida mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında keçiriləcək. CBF-nin qarşısındakı bayraqlar endiriləcək, keçirilən bütün qarşılaşmalar bir dəqiqəlik sükutla başlanacaq.