bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Fərəcov Mehdi Hüseynzadə adına stadiona "əl qoymaq" qərarına gəlib

09.11.2016 15:53 Oxundu 1929

Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionundan yeni xəbər var. Bildiyiniz kimi, bu stadionun sökülüb yenidən qurulması ilə bağlı layihə var idi. Hansı ki, həmin layihə 3-4 il bundan qabaq hazırlanmış, hətta Bakıya səfərə gələn UEFA-nın sabiq prezidenti Mişel Platiniyə də təqdim olunmuşdu. Həmin layihəyə əsasən SOCAR vəsait ayırmalı, tender keçirməli və stadionu tikməli idi. Lakin sonradan bu məsələ "yatdı". Neftin qiymətinin aşağı düşməsi və məlum devalvasiya fonunda Sumqayıt stadionu yaddan çıxdı. Hətta keçən il Sumqayıtın futbol ictimaiyyəti ilə görüşündə Azərkimya-nın prezidenti Muxtar Babayev də etiraf eləmişdi ki, yaxın 2 ildə bu layihənin icrasına başlamaq real görünmür. Bir sözlə, SOCAR vəsait ayırmadığı üçün layihəni də toz basmışdı.

Rekord.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Sumqayıtın icra başçısı Zakir Fərəcov Mehdi Hüseynzadə adına stadionu da xilas etməyə qərar verib.

Belə ki, vəzifəyə təyin olunduğu gündən şəhərdə böyük quruculuq-abadlıq işləri görən, Sumqayıtın simasını tamamilə dəyişən Fərəcov Mehdi Hüseynzadə adına stadiona da "əl qoymaq" qərarına gəlib. Belə ki, o, "yuxarılar"la danışaraq stadionu və layihəni SOCAR-ın əlindın alıb və iş icrasını öz nəzarətinə götürüb. Çünki hazırda ölkə başçısı İlham Əliyevin birbaşa tapşırığı ilə Sumqayıtda gözəl və müasir bulvar salınır. Bulvarda eyni zamanda müasir yaşayış binaları, otellər, ticarət, əyləncə və idman mərkəzlərinin tikintisi də böyük sürətlə davam edir. Mehdi Hüseynzadə adına stadion da məhz bulvar ərazisinə düşür. Təbii ki, bulvarda sürətlə davam edən bu cür yenidənqurma işlərinin fonunda oturub SOCAR-ı gözləmək yerinə düşmür ki, onlar nə vaxt pul ayıracaq ki, stadion da yenidən qurulsun. Məhz buna görə Fərəcəv bulvarla paralel olaraq stadionun da yenidən qurulmasını öz üzərinə götürüb. Artıq icra hakimiyyətinin nümayəndələri sözügedən stadionda olaraq arenaya ilkin baxış da keçiriblər.