2118
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı hakimi adına namizədlərin siyahısını açıqlayıb. 2016-cı ilin ən yaxşısı adına 25 referi iddia edir. Onlar arasında fransalı Klement Turpin də yer alıb. Bu referi sabah keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçının baş hakimi olacaq. Lakin AÇ-2016-nın final mərhələsinin iki qarşılaşmasında fit çalan Turpinin ən yaxşı seçilmək şansları yüksək deyil. Çünki siyahıda həm AÇ-2016, həm Çempionlar Liqasının finalını idarə edən ingiltərəli Mark Klattenburq da namizədlər sırasındadı. Onun həmyerlisi Martin Atkinson, türkiyəli Cüneyt Çakır, almaniyalı Feliks Brix, macarıstanlı Viktor Kaşşai, isveçli Yonas Eriksson və italiyalı Nikola Ritsolini də səsvermənin favoritlərindən hesab etmək olar.
Adıçəkilən referilərdən başqa Uilyam Kallum (Şotlandiya), Metyu Konqer (Yeni Zelandiya), Malanq Diedhiou (Seneqal), Qrişa Qis (Misir), Ovidiu Hateqan (Rumıniya), Sergey Karasyov (Rusiya), Pavel Kralovets (Çexiya), Byorn Kuypers (Hollandiya), Şimon Marçinyak (Polşa), Milorad Majiç (Serbiya), Sveyn-Oddvar Moen (Norveç), Nestor Pitana (Argentina), Sezar Ramos (Meksika), Sandro Riççi (Braziliya), Ryuji Sato (Yaponiya), Damir Skomina (Sloveniya) və Karlos Velasko Karvalyo (İspaniya) da “25-lik”də yer alıb.
Qeyd edək ki, ilin ən yaxşısı qurumun ölkələr üzrə nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.