1674
Bu gün İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb. İlk yarış günündə Azərbaycan millisinin 5 idmançısı nəyə qadir olduğunu göstərəcək.
60 kq
Gələcəyinə böyük ümidlər bəslənilən Mehman Sadıqovun ilk qarşılaşması 1/16 finala təsadüf edib. Həmyerlimiz mərhələ adlamaq üçün Nikolae Foka (Moldova) ilə münasibətinə aydınlıq gətirib. Döyüş cüdoçumuz üçün uğurlu alınmayıb. Sadıqov 69 saniyəyə ippona düşüb.
Yığmamızın digər üzvü Davud Məmmədsoy isə startda erməni Şahen Abaqyanla üz-üzə gəlib. Həmyerlimiz düşmən ölkə təmsilçisini tatamiyə çıxmağa peşman edib. Rəqibini yuko ilə məğlub edərək, mübarizədən kənarlaşdıran Məmmədsoy 1/8 finalda Yorre Verstraetenlə (Belçika) qarşılaşıb. Lakin o, bu dəfə məğlubiyyətə üzülüb.
66 kq
Telman Vəliyev 1/32 finalda macarıstanlı Martin Veqvarini sınağa çəkib. Görüş idmançımızın asan qələbəsi ilə yekunlaşıb. İpponla qalib gələn Vəliyev 1/16 finalda türkiyəli Bilal Ciloğlu ilə mübarizə aparıb. Telman bu dəfə də uğurunu davam etdirib.
Qonşu ölkə təmsilçisini də yarışdan kənarlaşdıran təmsilçimiz növbəti döyüşündə Alberto Qaitero (İspaniya) ilə üz-üzə gələcək.
73 kq
Millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov 1/16 finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayaıb. İdmançımız rəqibinə heç bir şans verməyib. 107 saniyəyə ipponla qalib gələn Heydərov 1/8 finalda belçikalı Lois Demierbe qarşılaşıb. O, bu rəqibini də vaxtından əvvəl tatamidən uzaqlaşdırıb. Hidayət 1/2 finala gedən yolda Akil Qyakova (Kosovo) ilə qüvvəsini sınayacaq.
Bu çəkidə digər təmsilçimiz Fəqan Quluzadə isə startda serbiyalı Milan Nikoliçə uduzub.
Qeyd edək ki, yığmamız Avropa çempionatına 9 cüdoçu ilə yollanıb. Yarışın ikinci günündə daha 4 təmsilçimiz mübarizəyə qoşulacaq.