bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

İdmançılarımız 9 ayda 512 medal qazanıblar

14.11.2016 16:58 Oxundu 1625

Son doqquz ayda Azərbaycan idmançıları 512 medal qazanıblar. Bu medallardan 121-nin əyarı qızıl olub. Azərbaycan idmançıları həmçinin 146 gümüş və 245 bürünc medala layiq görülüblər. Bu dövrdə ölkəmizdə 106 respublika əhəmiyyətli yarış və 29 beynəlxalq turnir təşkil olunub. Bu sözləri noyabrın 14-də Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov keçirdiyi mətbuat konfransında deyib. F.Mansurov bildirib ki, idmançılarımız bu müddətdə 128 beynəlxalq turnirə qatılıblar.

Sentyabrın 6-da bu vəzifəyə təyin edilən Olimpiya çempionu təxminən üç ay sonra KİV nümayəndələri ilə təşkil olunan görüşdə fikirlərini belə bölüşüb: “Mən idmançı kimi çıxış etdiyim vaxtlarda da daim mətbuata açıq olmuşam. Nazirlikdə işləmək həm maraqlı, həm də məsuliyyətlidir”. O, komanda idman növlərinin inkişafının federasiyalardan da asılı olduğunu açıqlayıb, həmçinin klublarımızın ad dəyişikliyinə də münasibət bildirib: “Hər şey mərhələ-mərhələ həll olunacaq. Bu vəzifədə ilk görüşüm uşaq gənclər idman məktəbi ilə oldu. Bizim ən yaralı yerimiz bu ocaqlardı. Bunu həll etsək, çox şey düzələcək”

Gələcək planlarından söz açan F.Mansurov qeyd edib: “Məqsədimiz qazanılan nailiyyətlərin davamlı olmasıdır. Bu mənada əsas diqqət idman məktəblərinə yönələcək”.