bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Bu şansı hələ saxlayırıq"

15.11.2016 07:59 Oxundu 1826

"Şimali İrlandiya bizə standart vəziyyətdən 3 qol vurdu. Təmiz qələbə qazandılar. Buna görə də onları yalnızca təbrik edə bilərəm. Rəqib ucaboylu və çox güclüdür. Bu məğlubiyyət o qədər də inandırıcı görünməsə də, arada belə hallar yaşanır".

Bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında bildirib.

Xorvatiyalı mütəxəssis öz ölkəsindəki həmkarlarımıza millimizin 2018-ci il Rusiyadakı dünya çempionatının final mərhələsinə düşmək şansının qaldığını söyləyib: "Bu şansı hələ də saxlayırıq. Qrupdakı ən önəmli rəqiblərimizdən biri Şimali İrlandiyadır və onlar AVRO-2016-da iştirak ediblər”.

Prosineçki Şimali İrlandiyanın Xorvatiya ilə oynayacağı yoldaşlıq matçına da toxunub. Onun fikrincə, qrupdakı rəqibi həmyerlilərini təəccübləndirə bilər: "Çünki boyları 190 santimetrdən hündür olan futbolçuları çoxdur. Bu həmyerlilərim üçün böyük problem olacaq. Rəqib komanda həm də topa çox yaxşı yüksələ bilir. Düşünürəm ki, Xorvatiya millisi İslandiyanı məğlub etdikdən sonra Şimali İrlandiyanı da udaraq qələbə seriyasını davam etdirəcək. Təbii ki, son nəticədə dostluq qazansın istəyirəm. Belfastdakı oyun bəzi futbolçular üçün yaxşı sınaq olacaq” (sportnet.az).