1850
Azərbaycan Basketbol Federasiyası 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib. Tədbirdə milli komandanın baş məşqçisi Samit Nuruzadə iştirak edib.
Bildirilib ki, Azərbaycan idman sahəsində apardığı dövlət siyasətini uğurla həyata keçirir. Rio Olimpiya Oyunlarında qazandığımız rekord sayda, 18 medal və son illərdə əldə etdiyimiz idman uğurları basketbolçuları da ruhlandırır.
Samit Nuruzadə il əzrində federasiyanın gördüyü işlərdən, yeniyetmə basketbolçularımızın beynəlxalq arenalarda qazandığı uğurlardan danışıb.
Baş məşqçi sözlərinə belə davam edib: " 5 illik inkişaf proqramı hazırlanıb. Bu proqramı bir neçə mərhələyə bölə bilərik. Bu işi ağac hesab etsək, 5 ildən sonra yaxşı meyvə almaq üçün suyunu, gübrəsini bol etməliyik. Yığma üçün basketbolçular yetişdirməliyik. İlk növbədə, məktəb basketbolunu inkişaf etdirməliyik. Hazırda bu var, amma inkişaf getməlidir. İkincisi, U-14, U-16 və U-18 komandaları üçün istedadlı uşaqlar toplamalı, onlarla daha çox çalışmalıyıq. Üçüncüsü, komandaların, yarışların, oyunların sayı artırılmalıdır. Dördüncüsü, gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliy Oyunlarında iştirak etməliyik. Beşinci məsələ gənclərdən ibarət komandalarımızın Avropa çempionatlarında çıxış etmələridir. Bundan başqa, məşqçilərin sayı çoxalmalıdır. Nəhayət, 2020-ci ildə kişilərdən ibarət komandamızın uğurlarından danışmaq üçün zəmin yaratmalıyıq. Hər federasiyada çətinliklər var. Əl-ələ verib bunların öhdəsindən gəlməliyik".
Yığmanın nəticələrindən və görülən işlərdən söz açan çalışdırıcı məlumat verib ki, 2015-2016-cı il mövsümündə U-16 yaş qrupunda doqquz, U-14 yaş qrupunda isə 13 komandanın iştirakı ilə yarışlar keçirilib. Hazırda seleksiya ilə işlərinin aparıldığını qeyd edən məşqçi deyib: “Rumıniyanın “Styaua” klubunda 16 yaşlı azərbaycanlı basketbolçu var. İki idmançımız Gürcüstan çempionatında çıxış edir. U-16 və U-18 komandaları ilə Avropa çempionatında çıxış etdik. Bundan əvvəl U-16 komandamız Xəzəryanı ölkələrin liqasına çağırılmışdı. İki tur artıq başa çatıb, qarşıda iki tur qalıb. Biri Türkmənistanda, biri isə Azərbaycanda təşkil ediləcək. Basketbolçularımızın yarışlarda iştirakına imkan yaratdığına görə Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinə və habelə Milli Olimpiya Komitəsinə təşəkkür edirəm. Bu il U-16 və U-18 komandalarımız Avropa çempionatının “C” qrupunda çıxış ediblər. U-16 birinci, U-18 isə ikinci olub”.
Bölgələrdə basketbolun inkişafına da xüsusi diqqət yetirildiyini vurğulayan S.Nuruzadə qeyd edib ki, ölkə çempionatında region komandalarından yalnız “Araz Naxçıvan” iştirak edir. Regionlarda uşaqlar üçün də yarışlar keçirilir. Baş məşqçi son illərdə ölkəmizdə basketbolun daha da kütləviləşdiyini diqqətə çatdırıb.
Baş məşqçi gələcəkdə də basketbolçularımızın ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməsi üçün əllərindən gələni edəcəklərini deyib.