bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

"Burda ciddi qəbahətli nəsə yoxdur".

18.11.2016 07:21 Oxundu 2171

İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Ueyn Runinin səbəb olduğu insidentlə əlaqədar Yürgen Klopp da fikirlərini bildirib. “Liverpul”un çalışdırıcısı bunun normal hal olduğunu deyib. “Oyunçuları başa düşürəm. Biz hamımızın həyatmızın ən yaxşı dövrlərini yaşayırıq. Çoxlu pul qazanırıq və sevdiyimiz işlə məşğuluq, ancaq biz də hamı kimi adi insanlarıq. Müxtəlif məclislərdə, toylarda, ad günlərində oluruq, hər nə qədər peşəkarlığımızı saxlamaq istəsək də, heç kimə “yanımda içməyin” və ya “siqaret çəkirsizsə 20 addım o tərəfdə durun” deyə bilmərik. Bu cür hallar qaçılmazdı və bəzən özümüz də bunun iştirakçısı oluruq. Unutmayaq ki, bizdən əvvəlki nəsil əfsanəvi futbolçular şeytan kimi içki də içiblər, siqaret də çəkiblər. İndi bu hallar o qədər də sıx nəzərə çarpmır. Sadəcə bəzən biz yanlış zamanda, yanlış yerdə oluruq. Ancaq burda ciddi qəbahətli nəsə yoxdu. Biz əgər ideal formada deyiliksə, bu əsl katastrof kimi görünür, əslində isə belə deyil” – deyə alman mütəxəssis bildirib.

Qeyd edək ki, "The Sun" nəşri Ueyn Runinin sərxoş vəziyyətdə şəkillərini yaymaqla İngiltərə millisinin kapitanını pis durumda qoyub. Toyda iştirak edən təcrübəli hücumçu xeyli alkoqol maddə qəbul edib. Belə ki, Şotlandiya üzərindəki qələbədən (3:0) sonra millinin futbolçularına 1 günlük istirahət verilib. Əksər oyunçular ailələləri ilə görüşmək üçün qaldıqları oteli tərk edib. Orda yalnız Runi, onun rəfiqəsi, Fil Caqilka və yerli federasiyanın bəzi nümayəndələri qalıb. Onlar oteldə təşkil olunmuş məclisə qatılaraq gecəni barda pivə və şərab içməklə keçiriblər. Bundan sonra məşqdə diskomfort hiss edən Runi İspaniya ilə görüşün iştirak ərizəsindən çıxarılıb. Millinin çalışdırıcısı Qaret Sautqeyt onun zədəli olduğunu söyləməklə məsələni böyütməməyə çalışsa da, mediada Runinin içkili olduğunu göstərən şəkillərin yayılması hər şeyin üstünü açıb.