bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Futbolda dayanmaq olmaz, son fitə qədər mübarizə aparmaq lazımdı”

19.11.2016 22:07 Oxundu 2007

Bu gün Premyer Liqanın XII turunda "Qarabağ""Kəpəz"i 1:0 hesabıyla məğlub edib. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Çətin oyun oldu. Vacib 3 xal qazandıq. Çempionatın ən çətin oyunlarından biri idi. Futbolçularımın mübarizəsindən razı qaldım. “Slovan”la oyunöncəsi bu qələbə yaxşı oldu. Rəqib yaxşı komandadı. Şahin Diniyevə və komandasına gələn oyunlarda uğurlar arzulayıram".

"Fikrimcə, bu gün “Qarabağ” layiqli qələbə qazandı”.

“Bu gün komandada ciddi itkilər var idi. Bizim kimi kiçik komandalarda bir itki böyük rol oynayır. Ancaq bizdə üç itki var idi. “Qarabağ”a qarşı baxımlı oyun nümayiş etdirmək istəyirdik. Oyunu əks hücumlar üzərində qurmuşduq. Ancaq ilk hissədə qol buraxdıq. Buna görə, 2-ci hissədə hücum etməli olduq”. Bu sözləri Şahin Diniyev deyib. O daha sonra deyib: “Bizim üçün fərqi yox idi, 0:1 və ya 0:2. Məhz 2-ci hissəyə görə komandama təşəkkür edirəm. Bir topumuz dirəkdən döndü. 3 əvəzetməni birdən etməyimə səbəb, topun meydandan çıxmaması idi. Arzu edirəm ki, “Qarabağ” “Slovan”la səfər oyunundan yaxşı nəticə ilə qayıdacaq. Həm “Qarabağ”, həm də “Qəbələ”nin uğurları Azərbaycan futbolunun uğurudu. Fikrimcə, bu gün “Qarabağ” layiqli qələbə qazandı”.

- 3 əvəzetməni birdən etməyə məcbur olduğunu dediz. Futbolçulara topu çıxarmağı kim deməliydi - siz, yoxsa komandanın kapitanı?

- Burda səhv məndə idi. Futbolçulara əvəzetmə üçün topu çıxarmağı mən deməliydim. Ancaq bir qədər həyəcanlı olduğumdan demədim. “Qarabağ”a qarşı açıq futbol oynamaq olmaz. Bu komanda Avropa səviyyəli komandadı. Bu, bizim üçün imtahan idi, imtahandan yenə “2” aldıq.

- Dario komandaya nə vaxt qoşulacaq?

- Dario Federiko çox həssas futbolçudu. Onun vəziyyətinin tam düzəlməsi üçün çox çalışmalıdı. Çalışır ki, zədəsi təkrarlanmasın.

"Vacib olan 3 xalı qazandıq"

Topaz Premyer Liqasının XII turunun “Qəbələ” – “Zirə” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Zirə” ilə oyuna hazırlaşanda, analiz aparıb, rəqibin matçdan-matça artırdığını görmüşdük. Futbolçularımızda qələbə ruhu, istəyi var idi. Vacib olan 3 xalı qazandıq. Çətin də olsa, bunu gerçəkləşdirdik. Ötən turda qol imkanlarını qaçırıb, qalib gələ bilməmişdik. Oyunçularla bu barədə danışmışdıq ki, əlimizə düşən imkanları qaçırmamalıyıq. Bu gün istəyimizə çatıb, 3 xalı əldə etdik. Ardıcıl qələbələrdən sonra komandanın üzərində müəyyən təzyiq yaranmışdı. Daim hücumda oynayanda müdafiədə müəyyən boşluqlar üzə çıxır. Bu da rəqibə əks-hücum imkanı yaradır. “Zirə” ilə qarşılaşmada bir neçə belə epizod oldu. Baş məşqçimiz Roman Qriqorçuk öz göstərişlərini vermişdi. O, texniki zonada olsaydı, komanda daha güclü olardı. Bir neçə ildir birgə çalışırıq. Onun fəlsəfəsinə bələdəm və bu üzdən oyunun gedişində telefonla əlaqə saxlamağa ehtiyac olmadı. Bəzi futbolçuların əvəzedici heyətdə çıxış etməsi onların oyun praktikası qazanması məqsədi daşıyır. Qarşıda bizi ağır matçlar gözləyir. Oyunçularla söhbət edəcəyik ki, daha intizamlı çıxış edib, cəzalı duruma düşməsinlər. Zədəlilər artıq sıraya dönüblər. Bütün görüşlərə optimal heyətlə çıxmalıyıq”.

"Bu gün komandamız döyüşdü”

Bu gün aqressiv oynadıq. Bunun səbəbi istəkli olmağımız idi”. Bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.Topaz Premyer Liqasının XII turunda “Qəbələ”nin qonağı olan paytaxt təmsilçisi meydanı (0:1) məğlub tərk edib. Qarşılaşmadan sonra “CBC Sport” kanalının suallarını cavablandıran Şükürov məğlubiyyətə bu cür izah gətirib: “Məğlub olmaq istəmirdik. Amma ələ düşən qol imkanlarından da istifadə edə bilmədik. Liderlə qarşılaşırdıq və rəqib mövqeyinə layiq oyun göstərdi. Belə matçlarda ələ düşən şanslardan yararlanmaq lazımdı. Bunu edə bilmirsənsə, deməli, məşqlərdə daha çox işləmək lazımdı. Bu gün komandamız döyüşdü”. “Qəbələ”nin yeganə qolundan bir neçə saniyə əvvəl Cavid Tağıyev rəqib futbolçu ilə mübarizədə yerə yıxılsa da, baş hakim Ömər Paşayev davam qərarı verib. Baş məşqçi isə bu hərəkətinə görə, futbolçusunu qınayıb: “Cavid Tağıyevin epizodunda biz də əvvəlcə kobudluq olduğunu düşündük. Amma oyunçularımızın bir anlıq diqqətsizliyi qapımıza qolun vurulmasına səbəb oldu. Bu gün bir daha gördülər ki, futbolda dayanmaq olmaz, son fitə qədər mübarizə aparmaq lazımdı”.