1990
ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında Azərbaycanın daha bir veteran cüdoçusu qızıl medal qazanıb. Bu, M1 kateqoriyasında 100 kq çəki dərəcəsində yer alan Zaur Paşayevdir. Mübarizəyə 1/8 final mərhələsindən başlayan Paşayev ardıcıl olaraq, böyük britaniyalı Natan Salkeldi 1 dəqiqə 44 saniyəyə, italiyalı Françesko Yannoneni 2 dəqiqə 38 sanyəyə ipponla, ABŞ təmsilçisi Kaliffa Oliveyranı isə cərimə xalları ilə məğlub etdikdən sonra finala yüksəlib. Həlledici görüşdə onun rəqibi fransalı Aleksandr Mas olub. Bu dəfə isə azərbaycanlı cüdoçu 2 dəqiqə 15 saniyəyə ipponla qələbə qazanaraq, dünya çempionu olub. Bu kateqoriyada bürünc medallara ABŞ cüdoçusu Xaliffa Oliveyra və əlcəzairlli Əhməd Kebailli sahib olublar.
Beləliklə, Azərbaycanın mundialdakı qızıl medallarının sayı 2-yə yüksəlib. Ötən gün M6 kateqoriyasında 90 kq çəkidə çıxış edən Fərhad Rəcəbli də dünya çempionu olub. Tatami üzərinə çıxan digər cüdoçulardan Arif Qasımov (100 kq) M6 kateqoriyasında 5-ci olduğu halda, Vüsal Cəfərov (90 kq) və İntiqam Ələkbərov (100 kq) M1 kateqoriyasında medalsız qalıb.
Veteran cüdoçuların dünya çempionatına noyabrın 21-də yekun vurulacaq.