2153
Robert Prosineçki ilə Nizami Hacıyev arasında "söz atışması" davam edir. "İnter"in kapitanı "Neftçi" ilə oyundan sonra baş məşqçiyə açıq şəkildə ismarıc yollayıb, yığmaya çağrılmadığına təəccüblənmişdi. Çox keçmədi ki, xorvatiyalı çalışdırıcı yarımmüdafiəçiyə cavab verdi:
"Mən ancaq Azərbaycanda belə şey görmüşəm ki, futbolçu mətbuat vasitəsi ilə milli komandaya dəvət almasını istəyir. İşlədiyim digər ölkələrdə belə hallarla rastlaşmamışam. Düzdü, Nizami Hacıyev zəif futbolçu deyil. Ancaq hazırda güclü futbolçu da deyil”.
Nizami sportinfo.az vasitəsilə Prosineçkiyə son sözünü deyib: "Mən indiyədək öz işimlə bağlı heç kimə xahiş etməmişəm. Prosineçkiyə də gedib yalvarmayacam. Bir dəfə "İnter"in oyununa gəlməyib. Həmişə öz köməkçilərini göndərir. Belə başa düşürəm ki, haqqımda ona düzgün olmayan informasiyalar verilib.
Kərim Benzamanı da Fransa millisinə götürmədilər. Deşam guya bununla düzgün hərəkət elədi? Benzema "Real"da əla mövsüm keçirdi, bir xırda söhbətə görə millidən kənara qaldı. Prosineçki məni çağırmırsa, çağırmasın. Komandamın kapitanıyam, hər tur meydandayam, qol da vururam.
Daha artıq nə etməliyəm? Klubunda oynamayanlar daim milliyə dəvət alır, mən və mənim kimilər kənarda qalırsa… Bir nəfər bunun niyə belə olduğunu başa sala bilsə, söz verirəm ki, indən belə Prosineçki haqda bir kəlmə söyləməyəcəm. Vallah, haqsızlıq məni üzür. Həvəslə məşqə çıxıram, 5-10 dəqiqə sonra görürəm ki, ayaqlarım getmir. Özümü güclə ələ alıram.
Özüm-özümə deyirəm ki, Nizami, ouhdan düşmə, oyna, sənin evdə 3 balaca uşağın var. Bu münasibəti görüb, yenə futbolu ata bilərəm. Amma bilirəm ki, futbolu atsam, bir adam gəlib mənə pul verməyəcək ki, al bunu, get uşaqlarını dolandır. Allah böyükdü! Yüz haqsızlığa dözmüşük, buna da dözərik!".