bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

24 hakimdən 16-sı 3-cü dəfə baş hakim kimi meydana çıxacaq

21.11.2016 16:14 Oxundu 1798

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə ən çox təyinat alan hakimlər sırasında yer alıb. apasport-un məlumatına görə, V turun “Şalke” (Almaniya) - “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək həmyerlimiz mövsümdə 3-cü dəfə qrup matçında iş başında olacaq. Ümumiyyətlə, arxada qalan 4 turun 96 matçında 61 hakim iş başında olub. Onlardan 35-i iki, 26-sı 1 matç oyunun baş hakimi funksiyasını yerinə yetirib.

Noyabrın 24-də baş tutacaq görüşlərə təyinat alan 24 hakimdən 16-sı isə artıq 3-cü dəfə baş hakim kimi meydana çıxacaq. Ağayev kimi rekorda şərik olanlar sırasında təmsilçilərimizin oyunlarından tanıdığımız rusiyalı Vladislav Bezborodov, isveçli Stefan Yohanesson, çexiyalı Miroslav Zelinka, ukraynalı Yevgeni Aranovski, avstriyalı Harald Lexner, makedoniyalı Aleksandr Stavrev də var. V tura təyinat alan digər baş hakimlərdən 5-i ikinci, 3-ü isə ilk oyununa çıxacaq. Qeyd edək ki, Ağayev II turun “Roma” (İtaliya) – “Astra” (Rumıniya) və III turun “Konyaspor” (Türkiyə) – “Braqa” (Portuqaliya) görüşlərində də baş hakim olub. İtaliyadakı oyunda meydan sahibləri 4:0 hesablı qələbə qazanıbsa, digər qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.