1842
UEFA Kubokunun elit-raundunda mübarizəyə başlayacaq “Araz” Bakı-İstanbul-Zaqreb reysi ilə yola çıxıb. Səfəröncəsi təmsilçimizin qapıçısı Rövşən Hüseynli apasport-a müsahibə verib.
- Komandada vəziyyət necədi?
- İntensiv məşqlər keçirdik. Hər kəs məsuliyyətini anlayır. Bizi hansı sınaqların gözlədiyini bilirik. Rəqiblər haqqında da məlumat toplamışıq. Bizim üçün bir qədər qaranlıq hesab edilən rəqib “Hamburq”du. Amma “Nasional” və “Uqra”nın nəyə qadir olduğu aydındı. Zədəli oyunçularımız var idi, onlar da sağalıb və məşqlərə başlayıblar. Artıq oynaya biləcək gücdədirlər.
- Baş məşqçi bu yarışda yenidi. O, məşq prosesində əsasən nələrə diqqət yetirməyi sizdən tələb edirdi?
- Dünya çempionatında oynadığımız taktiki sxemlə oynayacağıq. Əsas tapşırıq müdafiədə diqqətli və etibarlı çıxış etmək, lazımi anda hesabı açmaq, hesabda daim üstün olmaqdı.
- Sürətli hücumlara daha çox bel bağlayacaqsız?
- Bu, sırf əks-hücum taktikası deyil. Müdafiədə və standart vəziyyətlər zamanı çox diqqətli olmalıyıq.
- Komanda şəklində rəqiblərinizin oyunlarını izləmisizmi?
- Hər 3 komandanın iştirakı ilə keçirilən matçlara baxmışıq. “Uqra”nın oyunlarını tapmaq asan olduğundan, bu komandanın görüşlərini çox izləmişik. Necə oynadıqlarını, hansı təhlükəli özəlliklərə sahib olduqlarını bilirik.
- Bəlkə, onlardan bəzilərini sadalayasınız...
- Çox güclü rəqiblərdi. “Nasional” Xorvatiya yığmasının üzvlərindən qurulub, üstəlik bir neçə legioner futzalçısı var. “Uqra” isə Rusiya çempionu, eyni zamanda UEFA kubokunun qalibidi. Heyətləri tanınmış oyunçularla zəngindi. “Hamburq”la bağlı geniş bilgimiz yoxdu. Belə baxanda, Xorvatiya yığması ilə ötən ilin bu vaxtları qarşılaşmışıq. Dünya çempionatının əsas mərhələsinin qrup oyunları Zaqrebdə keçirildi. Həmin vaxt qrupu lider kimi başa vurduq və pley-offlara vəsiqə qazandıq. “Uqra”nın nəticələri isə ortadadı. Onların düşərgəsində yer alanlardan baş məşqçini də qeyd etmək olar. Kaka vaxtilə Azərbaycanda işləyib, millimizin formasını geyinib. Futzalımıza və oyunçularımıza bələddi.
- Real danışsaq, qrup liderliyi uğrunda mübarizədə “Araz”ın əsas rəqibinin “Uqra” olduğunu qabartmağa dəyərmi?
- Rəqiblərin hamısı əsasdı. Digər iki komandaya uduzsaq, “Uqra”ya qalib gəlməyin əhəmiyyəti qalmır. Amma tərəzinin gözünə qoysaq, hə, “Uqra” ilə gərgin mübarizə gözləyir bizi.
- “Uqra”nın çempion heyətində müəyyən dəyişiklik baş verib. Gedənlərin çəkisini nəzərə alsaq, komandanın nisbətən zəiflədiyini düşünmək olarmı?
- Zəiflədiklərini düşünmürük. Gedənlərdən təcrübəsinə görə Robinyonu qabartmaq olar. Ancaq komandada qalan digər futzalçıların dünya çempionatında necə çıxış etdiklərini gördük.
- “Araz”ın “Dördlər finalı”na yolu nə dərəcədə hamardı?
- İndidən fikir yürütmək düzgün olmazdı. Yolu hamarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz də budu.
- Komanda iki dəfə bürünc medal qazanıb. “Qızıl”ı qazanmaq üçün hələ gözləməliyik?
- Məncə, artıq “qızıl”ın zamanı yetişib. Bugünkü heyətimiz buna qadirdi. Yola çıxmışıq, sonluğu həmin qızılla bitirmək istəyirik.