2322
“Komandamızın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyulmamışdı. Amma biz buna nail olmaq istəyirik. Bacarsaq, Azərbaycan futbolu tarixində bir ilk olacaq”. Bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
UEFA-nın saytına müsahibə verən futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Slovan”la keçirəcəkləri oyun və komandasının qrupdan çıxmaq şansı barədə danışıb.
“Qarabağ”ın 3-cü dəfədi ki, Avroliqanın qrupunda çıxış etdiyini xatırladan Qarayev bunun hesabına böyük təcrübə qazandıqlarını bildirib: “Birinci il Avroliqanın qrup mərhələsinə vəsiqə qazananda fərqli mühitə düşmüşdük. Bu səviyyəyə, güclü rəqiblərə və qrupdakı atmosferə alışmağa çalışırdıq. Həmin il özümüzü pis göstərmədik. “Sent-Etyen”, “İnter” və “Dnepr” kimi komandalarla layiqli mübarizə apardıq. Növbəti mövsümə daha yaxşı hazırlaşdıq və yenə güclü rəqiblərlə eyni qrupa düşsək də, növbəti mərhələyə adlamaq ümidimiz var idi. Amma alınmadı. İndi “Qarabağ”ın daha böyük təcrübəsi var. Lakin bəxt bizdən bəzən üz döndərir. Məsələn, “Slovan”la Bakıdakı oyunun 10-cu saniyəsində qol buraxdıq, “Fiorentina” ilə səfər görüşündə isə qırmızı vərəqə bütün planlarımızı korladı. “Qarabağ” ardıcıl 3-cü il ildi ki, qitənin güclü klubları ilə mübarizə aparır. Fikrimcə, bunun hesabına “Qarabağ” və Azərbaycan futbolu əksər ölkələrdə tanındı”.
24 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə müsbət fikirlər səsləndirib: “O, mənə çox kömək edib. “Qarabağ”ın gənclər komandasında çıxış edəndə oyunumu görüb, əsas komandaya dəvət etmişdi. Mənə əsas heyətdə şans verdi, daha sonra isə yığmaya da çağırıldım. Qurban Qurbanov qələbə əmri verən komandarimizdi. O, bizə özümüzə güvənməkdə kömək edir. Çox sadə və intizamlı insandı. Məhz onun rəhbərliyi altında futbolçu kimi səviyyəmi artırdım. O, təkcə nəticəyə deyil, komandanın ümumi inkişafına da diqqətlə yanaşır. Fikrimcə, “Qarabağ” Azərbaycan və Avropadakı uğuruna görə məhz Qurban Qurbanova borcludu”.
Qara daha sonra komanda yoldaşı Rəşad Sadıqov barədə fikirlərini bölüşüb: “Həm meydanda, həm də paltardəyişmə otağında Rəşad komanda yoldaşlarına öz güclərinə inanmaqda çox kömək edir. Əsas heyətdə yeni-yeni oynamağa başlayanda mənə dəstək oldu. Öyrətdi ki, heç kim və heç nədən qorxma. Həm klubda, həm də millidə Rəşadın varlığı vacibdi. Təbii ki, onun gənc futbolçu olmadığını başa düşürük. Amma Rəşadın karyerasını bitirməyini istəməzdim. Rəşad həm “Qarabağ”, həm milli, həm də Azərbaycan futboluna çox lazımdı”.
2014-cü ildə Azərbaycanın ən yaxşı oyunçusu seçilməyinə də toxunan Qarayev gələcək planlarından söz açıb: “Son vaxtlar komandamız çox yaxşı oyunlar keçirir və düşünürəm ki, artıq karyeramın ən vacib mərhələsindəyəm. Daha çox məşq etməliyəm. 2014-cü ildə ölkənin ən yaxşı oyunçusu seçilməyimə gəlincə, bu, ömrümün sonuna qədər yaddaşımda qalacaq. İstərdim ki, ölkədən kənarda da özümü yoxlayım. Karyeramın pik nöqtəsinə çatanda güclü çempionatlardan birində yaxşı komandanın formasını geyinmək əla olardı”.
Qara futbola yeni başladığı dövrdə qəssablıqla da məşğul olduğunu açıqlayıb: “Futbola yeni başlayanda paralel olaraq, əmimlə birlikdə qəssab işləyirdim. Peşəkar karyeramı inkişaf etdirəndən sonra o işi dayandırmalı oldum. Halbuki qəssablıqla məşğul olmaq mənə çox maraqlı gəlirdi”.