bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Hər qələbə böyük bir işin nəticəsidi"

23.11.2016 23:09 Oxundu 1576

“Bizim üçün hər oyun çox önəmlidi. Xüsusən də, Avropa Liqası matçları”. apasport-un məlumatına görə, bunu “Slovan”ın baş məşqçisi Yindrix Trpişovski deyib. Çexiya təmsilçisi Avropa Liqasının V turu çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək. Trpişovski oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Milan Baroş sabah oynayacaqmı?

- Təəssüf ki, Baroş zədəli olduğu üçün iştirak edə bilməyəcək.

- Bakıda gülərüz idiniz, çünki ordan 1 xalla qayıtmışdınız. İndi özünüzü necə hiss edirsiz?

- Həmin vaxtla indiki vəziyyət arasında fərq var. Hər oyundan əvvəl müxtəlif hisslər keçirirəm. Orda gülərüz idim. Çünki həmin vaxt biz qrupa düşmüşdük. İndi isə qrupun son oyunlarıdı. Təbii ki, dərdlərim artıb. Futbolçuların durumu və qrupdakı vəziyyətimiz məni düşündürür.

- Qrupdan çıxmaq şansınız minimumdu. Möcüzəyə inanırsız, yoxsa ümidinizi üzmüsüz?

- Mənim artıq 40 yaşım var. Balaca uşaq olanda möcüzəyə inanırdım. Düşünürəm ki, yaxşı oynasaq, sabah qalib gələ bilərik. Bizim üçün qrupa düşmək böyük prestij sayılır. Ötən mövsümlə müqayisədə bu mövsüm az xal topladıq. Amma klubun maliyyə durumunu yaxşılaşdırdıq. Avroliqa ilə vidalaşsaq belə, çalışacağıq “Qarabağ”ın mərhələ adlamasını qəlizləşdirək. Sabah ad-san, prestij üçün oynayacağıq.

- Çempionatdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı bu görüşə necə motivasiya edə bilmisiz?

- Bu, mənim məşqçi kimi ən uğursuz mövsümümdü. Ümid edirəm ki, nəhayət, qələbə qazana biləcəyik. Oyun öz meydanımızda olacaq. Bu özü böyük motivasiyadı. Çalışacağıq oyunu elə quraq ki, qələbə qazanaq.

- İki il əvvəl Milan “İnter”i ilə qarşılaşmada həmyerliniz Miroslav Zelinkanın yanlış qərarı “Qarabağ”ı növbəti mərhələdən məhrum etmişdi. Bəlkə bunu nəzərə alıb sabah jest edəsiniz?

- Mən bəlkə düzgün başa düşmədim. Mən yalnız öz komandamıza kömək etmək istəyirəm. Çalışacağam ki, biz qalib gələk.

- Oyunçular psixoloji cəhətdən hazırdılarmı?

- Psixoloji cəhətdən tam hazırıq. Çalışırıq hər oyunumuzda heç olmasa, 1 qol vuraq. Hər şey meydançadakı oyundan asılıdı. Son matçımızı izləyib, bir nəticə çıxardıq. Futbolçular psixoloji cəhətdən yaxşı durumda olanda, oyun istədiyin şəkildə keçir. Ümid edirəm ki, çempionat qarşılaşmalarından fərqli, bu dəfə qələbə qazanacağıq.

- “Qarabağ” sabah növbəti mərhələyə vəsiqəni təmin etsə, bu ədalətli nəticə olar?

- Hər qələbə böyük bir işin nəticəsidi. Bakıdakı görüşü həmişə yadımıza salırıq. Həmin matç bizim üçün həlledici oldu. Ondan sonra oyunumuzda geriləmə yarandı. Son 10 dəqiqədə rəqibin necə güclü olduğunu gördük. Nəticədə də son dəqiqədə qol buraxdıq. Biz heç nəyi təsadüf kimi düşünmürük.

- Son vaxtlar uğursuz çıxışı nəzərə alsaq, sabah öz oyununuzu göstərə biləcəksiniz?

- Uğursuz nəticələri çox çalışmaqla unutdurmağa çalışıram. “Qarabağ”ın avrokuboklardakı 5 matçını yenidən izləmişik. Xüsusən də, “Viktoriya” ilə görüşlərinə baxmışam. Oyunlar arasında hazırlıq üçün vaxt az olur. Zədəlilərin də təsiri olur. Yaxşı oynadığımız matçlara baxıb fərəhlənirəm. Çalışacağıq sabah da belə çıxış edək. Nəticə barədə öncədən fikirləşmək çətindi. Mövsümün əvvəlində 18 xal toplayacağımızı düşünürdük. Amma Avropa Liqası çətin turnirdi. Mükəmməl komandalar və futbolçular iştirak edir. Uzunmüddətli proqnoz vermək çətindi. Bildiyim qədərilə “Qarabağ” öz meydanında 23 oyundu məğlub olmur. Bakıda qələbəyə yaxın olsaq da, son anda bunu əldən verdik.